Sabir Rüstəmxanlı – 80
Sabir Rüstəmxanlı ilə ilk görüşüm səksəninci illərin ortalarına təsadüf edir. O illərdə texnikumda təhsil alırdım. Gənclik duyğularının, poeziyaya vurğunluğun insanın içində alov kimi yandığı çağlar idi. Şeir yazırdım və sözə bağlı olduğum üçün keçirilən ədəbi tədbirlərin fəal iştirakçılarından biri sayılırdım. Bir gün xəbər yayıldı ki, tələbələrlə görüşə Azərbaycanın tanınmış şairi, artıq o dövrdə milli ruhun və vətən sevgisinin poetik simvollarından birinə çevrilmiş Sabir Rüstəmxanlı gələcək. Bu xəbər məni hədsiz həyəcanlandırmışdı. Çünki o vaxta qədər yalnız şeirlərindən tanıdığım, misralarında Vətənin nəfəsini duyduğum bir sənətkarı ilk dəfə yaxından görəcəkdim.
Həmin günün həyəcanı indi də yadımdadır. Zal adamla dolu idi. Hamı səbirsizliklə Sabir müəllimi gözləyirdi. O dövrdə onun “Niyə dayanmısan yol qırağında” şeiri “Azərbaycan” jurnalında yenicə çap olunmuşdu və gənclər arasında böyük maraq doğurmuşdu. Şeirdəki çağırış ruhu, daxili narahatlıq, milli düşüncəyə səsləyən ovqat bizi özünə çəkirdi. Mən də həmin tədbirdə bu şeiri böyük həvəslə səsləndirdim. Sonra isə öz yazdığım “Hazırlaş toyuma, ana” şeirini oxudum. Gənc bir tələbə üçün sevdiyi şairin qarşısında şeir söyləmək həm böyük məsuliyyət, həm də unudulmaz bir xoşbəxtlik idi.
Sabir müəllimin o tədbirdəki davranışı, sadəliyi və səmimiyyəti yaddaşıma xüsusi iz saldı. O, auditoriyaya yalnız şair kimi deyil, düşünən və düşündürən bir insan kimi təsir edirdi. Danışığında pafosdan çox həqiqət vardı. Hər cümləsində vətən sevgisi, xalqına bağlılıq və milli ruh duyulurdu. O zaman bəlkə də tam dərk etmədiyimiz bir həqiqət vardı: Sabir Rüstəmxanlı artıq təkcə şair deyildi, o, milli düşüncənin oyanışını sözlə hazırlayan ziyalılardan biri idi.
Sonralar meydan hadisələri başlayanda bunu daha aydın gördük. 1988-ci ilin o çətin və taleyüklü günlərində Sabir Rüstəmxanlı xalqın önündə idi. Meydanlara toplaşan insanların içində onun səsi xüsusi seçilirdi. O səs yalnız şair səsi deyildi; o, milli iradənin, azadlıq istəyinin və bütövlük arzusunun ifadəsi idi. Onun çıxışlarında xalqın ağrısı, tarixi yaddaşı və gələcəyə inam birləşirdi. Şeirlərində illərlə səsləndirdiyi vətən sevgisi artıq həyatın özündə mübarizə formasına çevrilmişdi.
Sabir Rüstəmxanlı yaradıcılığında Vətən anlayışı sadəcə coğrafi məkan deyil, milli kimliyin mənəvi ünvanıdır. Onun poeziyasında Azərbaycan təkcə bir ölkə kimi yox, həm də ruhun yaşadığı müqəddəs bir məkan kimi təqdim olunur. Bu səbəbdən onun şeirləri insanı yalnız duyğulandırmır, həm də düşündürür, daxilən silkələyir. O misralarda xalqın keçmişi, ağrısı, bölünmüş taleyi və gələcəyə olan ümidi yaşayır.
Sabir müəllimin poeziyasında tez-tez rast gəldiyimiz “qan yaddaşı” anlayışı da təsadüfi deyil. Bu yaddaş bir xalqın minilliklərdən gələn ruhunu, yaddaşını və milli xarakterini yaşadır. Onun sözündə türk tarixinin nəfəsi, Azərbaycan torpağının qoxusu duyulur. Elə buna görə də Sabir Rüstəmxanlı yalnız bir nəslin şairi deyil, bütöv bir xalqın mənəvi yaddaşıdır.
Bu gün Sabir Rüstəmxanlı ömrünün 80-ci zirvəsinə yüksəlir. Səksən il bir insan ömrü üçün böyük zaman ölçüsüdür. Amma bəzi insanlar var ki, onların ömrü təqvimlə deyil, millətin yaddaşında qoyduğu izlə ölçülür. Sabir Rüstəmxanlı da belə şəxsiyyətlərdəndir. O, sözü ilə millətin ruhunu yaşadan, poeziyanı vətəndaşlıq məsuliyyəti ilə birləşdirən böyük sənətkardır.
İllər keçir, zaman dəyişir, amma bəzi səslər yaddaşdan silinmir. Mənim üçün Sabir Rüstəmxanlı həmin səslərdən biridir. Gənclik illərimin poeziya həyəcanını, meydanların azadlıq ruhunu və Vətən sevgisinin müqəddəsliyini özündə yaşadan bir səs. Onun şeirləri də, şəxsiyyəti də zaman keçdikcə daha dərindən anlaşılır. Çünki belə sənətkarlar yalnız öz dövrünün deyil, gələcəyin də yol işığına çevrilirlər.
Şərafəddin İlkin, Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.