Əfəndim
Məni soruşsan yaralı canam,
İrəvanam!
Paramparça Azərbaycanam!
Bir tərəfim Təbriz,
bir tərəfim Borçalı,
hərəsindən bir tikəyəm,
yekəyəm, Əfəndim.
Dərbənddir anamın bayatıları.
Urmiyada iki canıq deyir,
Kərbəlada əlimi öpən, yaşlı qadın.
Ərdəbil ətri gəlir
məzarından babamın.
Şanlı-şanlı uyuyuram…
Xallı gözümdə işıldayan
parıltımdır
İğdırım, Qarsım.
Dərbədər halımın kəpənək qanadında
hal-halam.
Evimizin üstündə əridilmiş Xalxalam,
Xal-xalam, Əfəndim.
Kibrit boyda alışqanam…
Qarabağın ağrıyan vücuduyam,
Şəhidəm, şahidəm, Əfəndim.
Vətən yağır gözlərim…
Bir ovuc boyda qalmışam,
bir ovuc torpağam, Əfəndim…
Göylər saçlarımın duvağı
Hər dəfə yağışdan sonra gün çıxır,
Gətir, göy üzünün rəngini mənə.
Bir göyqurşağıyla yallı oynayaq,
Çal, sakit havada cəngini mənə.
Rənglərdən azacıq otağa düşsün,
İsitsin yastığı gün qırıqları.
Qəmli baxışlara bir nur yapışsın,
Məst etsin özündə qaranlıqları.
Göylər saçlarımın duvağı, örtüm,
Gəlib yer üzündə yanağıma çən.
Bu qədər çiskini neynirəm axı?
Yığıb qucaq-qucaq, qucağıma cəm.
Götür gözlərimə göygurşağı çək,
Görməsin yerdəki uzaqlıqları.
Əl atım hər dəfə tuta bilim, Yar!
Buludun rəngindən ən ağlıqları.
Ruhumun qalxanı
Bir çəkimlik nəfəsəm, bir udumluq su düşün,
Büsbütün ruhundakı qida kimi, səs kimi.
Sən məni unutmusan, unut, unuda bilsən,
Səni çəkdim içimə ən qəşəng nəfəs kimi.
Gözümdə bir güzgülən, gözümdə bir köç də, qal!
Bu dünyanın yox üzü, hə üzü üzümdədir.
Sənin mən olan adın kainatın köçündə,
Yaşanmış və yaşlanmış ən ali, ən ümdədir.
Elə sanma getmərəm, gedər, geri gəlmərəm,
Buludların əlində göy üzü çiliklənər.
Sən müqəddəs sandığın bağımız qopsa birdən,
Ən ali həqiqətlər, yuxular da çirklənər.
Sənin döydüyün qapı ürəyimin çarpışı,
Sənin gəzdiyin ürək gözlərimin qibləsi.
Sən məni yox saymağa davam etmə eləcə,
Ay ruhumun qalxanı, cismimin dəbilqəsi.
Birdən
Birdən ölümümə doğru gedirəm,
Birdən dirilərək yoxa dönürəm.
Birdən azalıram özüm-özümdən,
Birdən əriyərək çoxa dönürəm.
Bu halım halbahal qorxudur məni,
Birdən asanlaşır, çətinləşirəm.
Birdən öz içimdə məğlub oluram,
Birdən öz içimdə mətinləşirəm.
Hər şey birdən olur, hər şey qəfildən
Od tutub alışır gözümün üstü.
Birdən çiçəkləyir, birdən də solur,
Birdən də şehləyir üzümün üstü.
Gəncliyin yuxusu apardı məni
Bu qış da ömrümə nağıl danışdı,
Nağıl yaman doğma, yaman tanışdı,
Uşaq yuxularım dağılmamışdı,
Gəncliyin yuxusu apardı məni.
İllərim, aylarım, fəsillərim çin,
Hər gecə, hər gündüz, ömür bir əlçim,
Bulud arasından doğub göyərçin,
Yağış damlaları yapardı məni.
Nə qış axşamıydı, yaz axşamıydı,
Nə gün işığıydı, nə ağ şamıydı,
Bu ömür ömrümə heç oxşamırdı,
Ayılıb, ayılıb tapardı məni.
Könlünə ebru çək
Könlünə ebru çək baxışlarımı,
Boşuna gözəlim, gülüm, demə keç.
Əl-ələ tutmadan, tutaq əl-ələ,
Boz ömrü rəngləyək, silim demə heç.
Səni bənd-bənd yazım, şeirbəşeir
Sallanaq bir ağac budağına söz.
Uşaqlıq şəklimdə təbbəssüm qalıb
Götür, dodağımdan yanağıma düz.
Təmizlə lallığın qırışlarını,
Axım tozlu ömrə, şələlə axım.
Səndə güzgülənim, səndə daranım,
Səndə ürkək-ürkək camala baxım.
Xoşlansın günümüz sığalbəsığal,
Yazaq özümüzdən, qərinə yazaq.
Üzdə hamı sevər, hamı sevilər,
Gəl, biz sevgimizi dərinə yazaq.
Kağız
Elə kağız-kağız, varaq-varağam,
Şəkil dəftəritək bəzənən kağız.
Hərdən misra-misra şeir yazılan,
Hərdən qəzəb-qəzəb əzilən kağız.
Elə kağız-kağız, varaq-varağam,
Uşaq sevincinə gəmi düzəldən.
Arabir doğranıb rəqəm yerinə,
Say-say toplanaraq cəmi düzəldən.
Elə kağız-kağız, varaq-varağam,
Elə təmiz-təmiz yuyulan kağız.
Sualsız cavabsız kənarda qalan,
Sualsız cavabsız soyulan kağız.
***
Özüm gedərəm
Sən getmə, əzizim, özüm gedərəm,
Yollar ayağımın həsrətindədi.
Getmisən, yamanca qəribsəmişəm,
Bu hikmət dizimin əsməsindədi.
Səni soruşuram, yollar lal olur,
İzini gəzirəm, izin qar olur.
Nəfəs alammıram, köksüm daralır,
Nəfəsim izinin kəsməsindədi.
Sən getmə, dön geri, özüm gedərəm,
Yoluna səcdələr düzüm, gedərəm.
Çökərəm diz üstə, dizin gedərəm,
Sevgin dizlərimin gəzməsindədi.






















