Tapdıq Əlibəyli- 65
Qədərincə tanınmış şair-publisist Tapdıq Əlibəyli ilə tanışlığımız “bineyi-qədimə” gedib çıxır. Düşünürəm, haradan başlayım ki, dostum, qonşum, ziyalı haqqında yazacağım fikirlər yerli-yataqlı olsun… Çünki Tapdıq Əlibəyli imzasını, adını şəxsiyyət, mənəviyyat adamı olaraq şərtləndirən, səciyyələndirən bir neçə məqam vardır: səmimi, xeyirxah insan, sədaqətli dost, gözəl ailə başçısı, mehriban qonşu, etibarlı yoldaş, müdrik ağsaqqal, dəyərli ziyalı, vətənpərvər vətəndaş, dərin məlumatlı, səriştəli jurnalist, gözəllikləri gözünə-könlünə köçürən könül adamı, ruhunu tükənməz Tanrı sevgisi sarmış bəndə, söz məqamı olan şair.
Tapdıq Əlibəylinin söz məqamından danışarkən Şərq poeziyasında lirik şair, qəlb şairi, məhəbbət şairi kimi tanınan Məhəmməd Füzulinin sözün qüdrəti, məna gözəlliyi haqqında yazdığı “Söz” qəzəlini xatırlayıram:
Xəlqə ağzın sirrini hərdəm qılır izhar söz,
Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz.
Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.
Deyildiyi kimi, gözəl və mənalı söz insanın mənəvi aləminin zənginliyini, onun mərifətini göstərir. Tapdıq Əlibəyli isə əbəs yerə demir:
İçimdə büdrəyəndə,
Əlimdən yapışdı Söz.
Qəlbimə söz dəyəndə,
Ruhumda alışdı Söz.
Şair başqa bir şeirində isə sözdə Tanrı nişanəsinin olduğunu vurğulayır:
Söz demərəm sözgəlişi,
Mən ki sözün pərvanəsi.
Şeir – bir ruh, könül işi,
Sözdə Tanrı nişanəsi.
Tapdıq Əlibəyli ilə bağlı bir məqamı da xüsusi vurğulamaq istəyirəm. Müəllifi olduğum, 1980-1990-cı illər Azərbaycan poeziyasının keçdiyi yola işıq tutan “Ayağa dur, Azərbaycan” (2002-ci il) adlı kitabımla bağlı yazdığı elmi-publisistik məqalə onun həm milli təəssübkeşliyini, vətənpərvərliyini, həm də peşəkar publisist olmasını bir daha bariz təsdiqləyən faktlar sırasındadır. Bu, həm də onun dostlarına, qələm yoldaşlarına qarşı olan həssas yanaşma, diqqətinin nəticəsi kimi də örnək haldır. O, dost uğuruna öz uğuru kimi baxır.
Tale belə gətirib ki, dostumla sonradan həm də qapıbır qonşu olduq. Təbii ki, bu qonşuluq bizi daha da bir-birimizə bağladı. Bir el deyimində deyilidi ki: “Qonşu haqqı – Tanrı haqqı”.
Artıq mən onun övladları (iki oğul) ilə də yaxınım. Əzizlərimdir. Onların əxlaqı, tərbiyəsi, mədəni davranışı, mehribanlığı, səmimiliyi bir dost kimi məni sevindirir. Bu keşməkeşli, yad dəyərlərin cəmiyyətə, həyatımıza sirayət etdiyi bir dövrdə belə gənclərin olması əlbəttə ki, qürurvericidir.
Deyərdim ki, indiki zamanda sözün birbaşa mənasında “paqonlu” ata, baba olmaq hər kəsə nəsib olan deyil. Tapdıq müəllim bu baxımdan örnək olan bir şəxsiyyətdir. Axı el evdən başlayır… El hörməti qazanmış şairimizin necə dəyərlər, ev məqamı da möhtərəmdir.
Bu səmimiyyət, ülvi cəhətlər elə onun şeirlərinə də hopub. Özü kimi sözündə də bir dağ saflığı var Tapdıq Əlibəylinin. Şeirlərini oxuduqca durulursan. Özünün təbirincə desək: “Duruldum bulağın duruluğundan”… Bu duruluq, saflıq onun şair xislətindədir. O xislət ki, şair Tapdıq Əlibəylini söz məqamına ucaldıb. Məqamın mübarək, Şair!
65 illik yubileyin mübarək, dəyərli qonşu, əziz dost, sevimli şair qardaşım! Sənə can sağlığı, yaradıcılıq uğurları diləyirəm, söz məqamı, öz məqamı olan şair Tapdıq Əlibəyli!
✍️Anar VƏZİROĞLU
jurnalist, publisist,
filologiya elmləri üzrə fəlsəfə doktoru,
Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü





















