Bilal HÜSEYNBƏYLİ
(Cəlilabad)
Hüseynbəyli Bilal Şaiq oğlu 2008-ci il avqustun 11-də Cəlilabad rayonunun Alar kəndində anadan olub, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecində sənaye avadanlıqlarının quraşdırılması və texniki istismarı ixtisası üzrə təhsil alır. Onun vətənpərvərlik mövzusunda şeirlərindən ibarət “Səngərdən başlayır Vətən” (2019) və “Sərhəd dirəklərinin nəğməsi” (2023), “Vətən sevgisi” (2026) adlı poetik topluları işıq üzü görüb.
Uşaqlıq xatirələri şirin olur. Bəzən ətrafında baş verənləri yetərincə anlamırsan, böyüdükcə gördüklərinin mahiyyətini anlayırsan. Mənim böyüyüyb boya-başa çatdığım Cəlilabad rayonunun Alar kəndi görkəmli şəxsiyyətlər yetirib. Eldə-obada ədəbiyyat adamlarına həmişə hörmətlə yanaşır. Onların bir neçəsi artıq dünyasını dəyişib. Cəlilabadın ilk şairi Seyyid Miryusif ağa bu kənddə yaşayıb-yaradıb. El şairi Misir Alarlının qoşma və gəraylıları dillər əzbəridir. Babulla Səlimovun şeirləri ötən xoşbəxt günləri yada salır. Böyükxan Bağırlının hekayələri bu kəndin gündəlik həyatından qidalanır. Əfrahim Hüseynli, Əlizadə Əzizov, Hacıbala Əmir, Əlövsət Abbas, Bilal Alarlı, Faiq Hüseynbəyli kimi şair və yazıçılar bu elin qürur yeridir. Xalq arasında bu sənət adamları ilə bağlı xoş xatirələr danışırlar. Belə xatirələrdən biri Misir Alarlı və Babulla Səlimovla bağlıdır.
Misir Alarlı (Hüseynov Misir Hidayət oğlu) 1947-ci ildə anadan olub, 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (keçmiş APİ-nin) Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirib. Alar kənd 1 saylı orta məktəbdə müəllim işləyib. Azərbaycan Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. “Ağla kamanım, ağla”, “Alar dastanı” , “Kərbəla qəhrəmanları” və başqa kitablarının müəllifidir. Şairin sözlərinə mahnılar bəstələnib. Teymur Mustafayev, Könül Xasıyeva və Elnarə Abdullayeva onun şeirlərini müxtəlif muğamlar üstə oxuyub. “Ana” şeiri indi də el şənliklərində müxtəlif müğənnilər tərəfindən ifa olunur. El şairi 29 iyun 2016-cı ildə vəfat edib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, ictimai xadim Babulla Səlimov 1945-ci ildə Cəlilabad rayonunun Alar kəndində anadan olub, Azərbaycan Neft və Kimya İnstitutunu, Bakı Ali Partiya Məktəbini bitirib. İxtisasca mühəndis-mexanik idi. Uzun illər neft sənayesində fəaliyyət göstərib, Əli Bayramlı (indiki Şirvan) Neft Texnikumunun direktoru, Şəhər İcraiyyə Komitəsinin sədr müavini, sədri, Əli Bayramlı Şəhər Sovetinin sədri, icra başçısının müavini vəzifələrində çalışıb. Babulla Səlimov 2023-cü ilin yanvar ayının 15-də ömrünün 78-ci ilində dünyasını dəyişib. O, tanınmış şair və tərcüməçi Səlim Babullaoğlunun atasıdır.
Misir Alarlı babam Bilal Alarlıya dərs keçib. Babam yazdığı ilk şeirlərini öz müəlliminə oxuyarmış. Babam deyir, Misir Alarlı ilə Babulla Səlimov el şənliklərində bədahətən şeirlər söyləyər, deyişərdilər. Həmin şeir yarışmasının yadda qalan nümunələri onların ana haqqında söylədikləri şeirlərdir. El arasında bu şeir yarışmalarına “döşləşmə” deyərdilər. Misir Alarlının “Ana” şeiri beş bəndlik qoşmadır:
Bəzən sübhə kimi durub keşikdə,
A mənim qayğıma qalanım, ana!
Gah öz qucağinda, gah da beşikdə,
Şirin-şirin layla çalanım, ana!
Başım ağrıyanda “canım vay ” dedin,
“Dərdin bəlan mənə gəlsin qoy” dedin.
Öz canını mənə qurban dilədin,
Gündə yüz yol oldun qurbanım, ana!
Bal da verə bilməz balanın dadln,
Sən dünyadan doydun məndən doymadın
Oduma alışdın közümə yandın
Mənə məndən artıq yananım, ana!
Qartal vüqarlımsan, dağ əzəmətlim,
Söhbəti ləzzətlim, sözü şərbətlim,
Ata qeyrətlimsən, bacı şəfqətlim
Həbibim, təbibim, loğmanım, ana!
Kimim var oduma sənin tək yana
Hər kəlmə başında söylərdin cana.
Bir canım var, o da qurbandır sana,
Misirəm başına dolanım, ana!
Sonra meydana Babulla Səlimov girər və “Analar” şeirini söylərdi. Babulla Səlimovun şeiri beş misralı ahəngdar mətndən ibarətdir:
Bir az günəş, bir az ulduz, bir az ay,
Bir az torpaq, bir az dəniz, bir az çay,
Bir az bahar, bir az payız, bir az yay,
Dünyamızın gül parçası – analar!
Eşqimizin ilk qönçəsi – analar!
Arzuları sahilsizdir, dənizdir,
Nəvazişi sübh mehindən sərindir,
Ağ saçları yanan kaman telidir,
Ömrümüzün pərvanəsi – analar
İnsanlığın təranəsi – analar!
Dünya ondan qayğı umar,
Ağuşuna bütün cahan sığınar,
Ana ölməz, ölməzlikçün göz yumar,
Ölməzliyin nişanəsi – analar!
Şeirimizin ilk çeşməsi – analar!
Babulla Səlimov işi ilə bağlı Şirvan (keçmiş Əlibayramlı) şəhərinə köçüb, orada yaşasa da, tez-tez doğma Alar kəndinə gələrdi. O, neft sənayesində işlədiyi vaxtlarda xeyli həmkəndlisini orada işə götürməyə nail olmuşdu. Babam Bilal Alarlı deyir ki, həmin illərdə hərbi rütbəsi kapitan olan atam Hüseynağa Hüseynov da Əlibayramlı Yanğınsöndürmə İdarəsində işləyirdi. Babulla Səlimovun doğma Alar kəndi ilə bağlı xatirələri də maraqlıdır. Bu yerlər ona anası ilə bağlı xatirələri yadına salırdı:
Getdim baxdım obamızın yerinə,
Yenə yemliklərin təp-tərin gördüm.
Bir zaman anamın çörək yapdığı
Çörək ətri gələn təndiri gördüm.
Ana laylasına duydum ehtiyac,
Ürəyim kövrəldi, ayaq saxladım.
Hörük hördüm bənövşədən bir qulac,
Anamın saçıtək onu qoxladım…
Babulla Səlimovun 1991-ci ildə çap olunmuş “Xiyabandan gələn səslər” poemasında doğma diyarın yer adları, tanınmış şəxsiyyətləri haqqında gələcək nəsillər üçün ibrətamiz olan məlumatlar yer alıb:
Yadındamı, “Cinli dərə” dastanı,
Əkərdilər “Qətləvan”da bostanı,
Aldadardıq Museybtək “usta”nı,
Xıraları baldan şirin yeyərdik,
Qabıqları araqçıntək geyərdik.
Əbülfəzin, Yadigarın anası…
Nənəqızın süddən ağdı cunası,
O gözəl qız… Bizim kəndin sonası,
Qəlb yıxardı hər addımı, yerişi,
“Keçəl Həmzə” yaman pozdu bu işi.
Yadındamı, qədim Nərgiz təpəsi,
Saxsıların, sümüklərin ləpəsi –
Yurdumuzun şəhid, şahid qəlpəsi,
Bizdə neçə xam xəyallar oyatdı,
Nə biləydik xatirələr boyatdı.
Mənsi kişi toy-düyündə olardı,
Toybəyidən nəmər, xələt alardı,
Dağarcığı nor-noğulla dolardı,
O yazıq da dağarcıqla əkizdi,
Hayıf, dostlar bu adəti tərgizdi.
Yarpaq xala ilanları tutardı,
Ovsunlayıb bizə müftə “satardı”,
Vaxtsız əcəl onu da tez apardı,
Bu itkilər Qərbəliyçün çətindi,
O ev-eşik yəqin indi yetimdi…
Poemada bölgənin dialekt imkanları qorunub saxlanılıb. Təkcə bu kiçik mətndə xeyli dialektallar (xıra, cuna, nəmər, dağarcıq, tərgizmək) işlənib ki, bu da dilçilik elmi ilə məşğul olanlar üçün maraqlı ifadələrdir.
Bölgələrdə yaşayıb-yaradan şairləri yada salmaq, onların yaradıcılığına diqqət çəkmək təkcə oxucuların deyil, həm də hər bir qələm sahibinin borcudur. Yaxşılar harada yaşamasından asılı olmayaraq, unudulmurlar.

Babulla Səlimov

Misir Alarlı






















