Avropa Parlamentinə sərt tənqid

Avropa Parlamentinə sərt tənqid

Prezident İlham Əliyev: “Avropa Parlamenti ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır”

Qarabağ münaqişədən sonrakı dövrdə yaranmış yeni reallıqlar, sülh danışıqlarının intensivləşməsi və beynəlxalq aktorların prosesə artan marağı regionu qlobal gündəmin ön sıralarına çıxarıb. Bu kontekstdə 2026-cı il mayın 4-də keçirilən Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantıları yalnız Avropa üçün deyil, həm də qonşu regionlar üçün mühüm siyasi platforma rolunu oynayır. Bu Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin videobağlantı vasitəsilə etdiyi çıxış xüsusilə diqqət çəkdi. Dövlət başçısı çıxışında Ermənistan–Azərbaycan sülh prosesi, regional əməkdaşlıq imkanları və bəzi Avropa institutlarının mövqeyi ilə bağlı mühüm məqamlara toxunaraq həm mövcud vəziyyəti dəyərləndirdi, həm də gələcək perspektivlərə dair mesajlar verdi.Prezident çıxışında qeyd etdi ki, son illərdə Azərbaycan regionda yeni reallıqlar yaradıb. Xüsusilə 2023-cü ilin sentyabrında Qarabağda separatçılığa son qoyulması ilə ölkə öz ərazi bütövlüyünü tam bərpa edib. Bu addımın hüquqi əsasını isə BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş, lakin uzun illər icra olunmayan qətnamələr təşkil edirdi. Bu kontekstdə İlham Əliyev vurğuladı ki, Azərbaycan faktiki olaraq beynəlxalq hüququ özü təmin edib və bununla regionda sülh üçün yeni mərhələ açılıb. Onun fikrincə, artıq həm Azərbaycan, həm də Ermənistan sülhün real nəticələrini görməkdədir.

Çıxışda xüsusi yer tutan məsələlərdən biri də regional nəqliyyat və iqtisadi layihələr oldu. Prezident “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” adlandırdığı təşəbbüsün Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcəyini və bunun Orta Dəhliz layihəsinin tərkib hissəsinə çevriləcəyini bildirdi. Bu marşrut yalnız Azərbaycan üçün deyil, ümumilikdə Avrasiya regionu üçün strateji əhəmiyyət daşıyır. O, Şərq və Qərb arasında yük daşımalarını sürətləndirərək yeni iqtisadi imkanlar yarada bilər. Prezidentin fikrincə, bu cür layihələr sülhün praktik faydalarını nümayiş etdirir və tərəfləri əməkdaşlığa təşviq edir.

Prezident İlham Əliyev çıxışında Avropa Komissiyasının Ermənistan–Azərbaycan münasibətlərinə yanaşmasını müsbət qiymətləndirdi. O qeyd etdi ki, bu qurum sülh prosesində daha balanslı və konstruktiv mövqe nümayiş etdirir. Lakin Prezident vurğuladı ki, bütün Avropa institutları eyni mövqeni bölüşmür. Xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası (AŞPA) sərt tənqid olundu. Onun sözlərinə görə, bu qurumlar Ermənistan–Azərbaycan münaqişəsi və sonrakı proseslərdə ikili standartlar nümayiş etdirirlər. Prezident çıxışında Azərbaycanın Avropa Şurası ilə münasibətlərinə də toxundu. O xatırlatdı ki, Azərbaycan 2001-ci ildən bu qurumun üzvüdür və uzun müddət konstruktiv əməkdaşlıq aparıb. İlham Əliyev özü də vaxtilə AŞPA-da Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib. Onun sözlərinə görə, 2024-cü ilin yanvarına qədər Azərbaycan nümayəndə heyətinə qarşı heç bir məhdudiyyət tətbiq olunmayıb. Lakin Qarabağda keçirilən antiterror tədbirlərindən cəmi bir neçə ay sonra AŞPA tərəfindən sanksiyaların tətbiqi Prezident tərəfindən “ədalətsiz və qərəzli qərar” kimi qiymətləndirildi. Bu baxımdan cənab İlham Əliyev bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü digər ölkələrin ərazi bütövlüyü ilə eyni dəyərə malikdir və bu məsələdə fərqli yanaşmalar qəbuledilməzdir.

Çıxışın əsas mesajlarından biri Avropa institutlarında müşahidə edilən ikili standartlar idi. Prezident qeyd etdi ki, bəzi qurumlar beynəlxalq hüququ selektiv şəkildə tətbiq edir və bu da regionda sülh səylərinə mənfi təsir göstərir. Onun fikrincə, davamlı sülh yalnız ədalətli və balanslı yanaşma əsasında mümkündür. Əks halda, beynəlxalq vasitəçilik mexanizmlərinə etimad azalır və tərəflər arasında qarşılıqlı inamsızlıq dərinləşir. Çıxışda Avropa institutları ilə münasibətlər, Ermənistan–Azərbaycan sülh prosesi və regional siyasi dinamika baxımından mühüm mesajlarla yadda qaldı. Xüsusilə Prezidentin Avropa Parlamenti ilə bağlı səsləndirdiyi fikirlər çıxışın ən diqqət çəkən və müzakirə doğuran hissələrindən biri oldu. Prezident İlham Əliyev çıxışında Avropa Parlamentini kəskin şəkildə tənqid edərək bildirdi ki, bu qurum öz əsas funksiyalarından uzaqlaşaraq qərəzli fəaliyyət göstərir. Onun sözlərinə görə, Avropanın üzləşdiyi ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya böhranı, sosial bərabərsizlik və evsizlik kimi fundamental problemlər mövcud olduğu halda, Avropa Parlamenti diqqətini bu məsələlərin həllinə yönəltmək əvəzinə Azərbaycan əleyhinə kampaniyalar aparır. Prezident vurğuladı ki, bu yanaşma təkcə siyasi ədalətsizlik deyil, həm də prioritetlərin yanlış müəyyən olunmasının göstəricisidir. Onun fikrincə, Avropa Parlamenti beynəlxalq münasibətlərdə konstruktiv rol oynamaq əvəzinə, bəzi hallarda destruktiv mövqe tutur.

Qarşıdakı dövrdə Avropa institutları ilə münasibətlərin necə inkişaf edəcəyi həm regionun siyasi sabitliyi, həm də beynəlxalq əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edəcək. Cənab Prezidentin bu çıxışı Avropa ilə münasibətlərdə mövcud fikir ayrılıqlarını açıq şəkildə ortaya qoydu. Xüsusilə Avropa Parlamenti ilə bağlı səsləndirilən sərt tənqidlər, qəbul edilmiş qətnamələrə verilən siyasi qiymət və Azərbaycanın cavab addımları münasibətlərin gərginləşdiyini göstərir. Eyni zamanda çıxışdan aydın olur ki, Azərbaycan tərəfi sülh prosesini davam etdirməkdə maraqlıdır, lakin bunu yalnız ədalətli və balanslı yanaşma əsasında mümkün hesab edir.

Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin Zirvə toplantısındakı çıxışı bir neçə əsas istiqaməti əhatə etdi: Azərbaycanın post-münaqişə reallıqları, regional nəqliyyat layihələri, sülh prosesində irəliləyişlər və Avropa institutlarına yönəlmiş tənqidlər. Bu çıxış göstərir ki, Azərbaycan sülh gündəliyini irəli aparmaqla yanaşı, beynəlxalq platformalarda öz mövqeyini daha açıq və sərt şəkildə ifadə etməyə davam edir. Eyni zamanda, regionda iqtisadi inteqrasiya və nəqliyyat layihələrinin inkişafı sülhün əsas dayaqlarından biri kimi təqdim olunur. 2026-cı il mayın 4-də səsləndirilən bu mesajlar yalnız cari siyasi vəziyyətin deyil, həm də Cənubi Qafqazın gələcək inkişaf trayektoriyasının konturlarını müəyyən edən mühüm siyasi bəyanat kimi qiymətləndirilə bilər.

 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

 

Share: