Unudulmaz Xalq şairi Rəsul Rza poeziyası barədə düşündüklərim
Rəsul Rzanın şeirlərini bəzən düşüncə poeziyası da adlandırırlar. Ümumiyyətlə, düşüncənin, fikrin şeirdə ifadəsi ədəbiyyatın lap qədimdən diqqətində olan məsələlərdəndir. Heç də həmişə hər fikrin poeziya olduğunu, hər poetik mətnin də mükəmməl fikir ifadə etdiyini deyə bilmərik. Rəsul Rza məhz o şairlərdəndir ki, yaradıcılığında poeziya ilə fikir bir-birini mükəmməl şəkildə tamamlayır, bir-birinin əyninə “biçilir”. Ona görə də Rəsul Rzanın poeziyası oxucunun duyğuları ilə düşüncələri arasında bir ahəng, uyum yaradır, oxucunu düşünməyə, sual verməyə, daxili dialoqa çağırır. Bu mənada, Rəsul Rzanın şeiri yaşanıla-yaşanıla düşündürür.
Rəsul Rza Azərbaycan poeziyasında yalnız bir mərhələ deyil, düşüncə istiqamətidir. Bu gün Rəsul Rzanı oxumaq keçmişə qayıdış yox, özümüzü anlamaq cəhdidir.
Rəsul Rza yaradıcılığının ilk dövrlərindən başlayaraq Azərbaycan şeirində modern düşüncəyə yol axtaran söz adamlarının önündə gedənlərdən olmuşdur. Hələ yaradıcılığa yeni başladığı ilk zamanlardan o, şeirdə ahəng yaradan, şeiri adi sözdən fərqləndirən sirli qüvvənin yalnız qafiyə və ritmdən ibarət olmadığına inamışdı. O, fikrin yalnız şeir dili ilə ifadə edilə biləcək enerjisinə, sözün fəlsəfi çəkisinə daha çox əhəmiyyət verirdi. Elə buna görə də Rəsul Rzanın şeirlərində diqqət şeirin zahiri “görünüşündən” daha çox, sözün dərin laylarındakı mənaya yönəldilirdi. Şairin poeziyası qəlbin və düşüncənin halını, insanın əhval-ruhiyyəsini dilə gətirir, eləcə də bunları oxucuya ötürür, oxucuya yaşadır. Rəsul Rza hamıya tanış yaşantının içindən bir anı, bir anda baş qaldıran daxili sarsıntını şeirə çevirir. Bununla da oxucu şeirin kənarında müşahidəçi kimi qalmır, özünü, öz sevinc və kədərini şeirin içində tapır.

İlk şeirlərindən özünü inqilabi mübarizənin, yeniləşmə uğrunda gedən savaşın “ən ön sıralarında” görən Rəsul Rzanın poeziyasında insanın və insanlığın yeri daha yüksəkdədir. Şairin əsas mövzusu insandır. Amma bu insan ideal qəhrəman deyil. İnsanın içində qətiyyətlə tərəddüd, cəsarətlə qorxu, sevinclə kədər, şirinlə acı daim üz-üzə, yan-yana gətirilir. Rəsul Rzanın şeirlərində insan bəzən cəmiyyətlə, bəzən zamanla, bəzən də özü ilə mübarizə aparır.
Mən torpağam, məni atəş yandırmaz;
tərkibimdə kömürüm var,
külüm var.
Mən baharam çəmən-çəmən
çiçəyim var, gülüm var.
Mən küləyəm, əsməsəm,
kim bilər ki, mən varam.
Mən buludam, səhraları susuz görüb,
ağlaram.
Mən ürəyəm, döyünməsəm
ölərəm.
Mən insanam,
sadə insan əlinin
yaratdığı nemətlərlə öyünməsəm
ölərəm.
– deyən Rəsul Rzanın misralarında oxucu ilə ünsiyyət quran “mən” öz fərdi kimliyi adından danışmır, oxucu şerin lirik qəhrəmanını həm təbiətin bir parçası, həm də ictimai varlıq kimi tanıyır. Torpaq kimi atəşə davamlı olmaq, külək kimi yalnız əsəndə, hərəkət edəndə görünmək, bulud kimi başqasını susuz görəndə ağlamaq keyfiyyətləri insanın odun, suyun, küləyin məsuliyyətini üzərinə götürdüyünü ifadə edir. Bu misralarda zahirən sadə görünən ifadələrin arxasından insanı düşünməyə sövq edən fikirlər boylanır. Şair var olmağı sadəcə fiziki mövcudluq kimi yox, öz ətrafına işıq salan, sakini olduğu dünyanın dəyişməsində iştirak edən bir qüvvə kimi anlayır. Ürəyin döyüntüsü insanın yaşamağı deməkdir. İnsan isə öz zəhməti ilə qurub-yaratmaq, yaratdığı ilə öyünmək, qürurlanmaq naminə yaşayır. Rəsul Rzanın şeirində yaratmaq özünü təsdiq aktıdır: insan yaratdıqca mövcud olur, yaşayır, gələcəkdə yaşamaq səlahiyyəti qazanır.
“Qədim əlyazması” şeirində şair sarı, solğun vərəqlərin, pozulmuş sətirlərin, illərin ağırlığına dözməyərək kənarları ovxalanıb toza dönmüş səhifələrin arasından insan qəlbinin hərarətini, insan fikrinin qüdrətini, insan ətirli kədəri, sevinci, ümidi oxuyur və oxudur. Şairin düşüncəsinə görə, qədim əlyazmasının vərəqləri zamanın ağırlığına dözməsə də, onlarda:
…əsrlərdən keçib gələn
xəfif bir təbəssüm,
bir gilə göz yaşı
arzular, ümidlər qalıb.
İnsan qəlbinin hərarəti,
insan fikrinin qüdrəti,
insan ətri dolu
sevinc qalıb,
kədər qalıb…
Qədim əlyazması həm də yaddaş deməkdir. Rəsul Rza poeziyasında zaman və yaddaş mövzusunun ayrıca yer tutduğunu görürük. Onun şeir dünyasında zaman bir xətt boyunca ardıcıl davam edən proses deyil, keçmişi, bu günü və gələcəyi ehtiva edən daxili ölçüdür. Onun şeirlərində keçmiş, bu gün və gələcək bir-birinin içindədir. Şair üçün əsas olan hansı hadisənin nə vaxt baş verdiyi deyil, insanın zaman içində necə dəyişməsidir. Rəsul Rzanın şeirlərində yaddaş təkcə keçmişi yada salmaq deyil, insanı insanlaşdıran güc mənbəyidir. Keçmiş unudulduqda bu gün də yarı-yarımçıq gəlir, yarımçıq bu günün isə gələcəyi aydın olmur. Bu fikir dalğaları oxucuya Rəsul Rzanın şeirlərinin alt qatından, oxucunun şeirdən aldığı təəssüratlar vasitəsilə ötürülür.
Rəsul Rza poeziyasında aktuallıq mövzu seçimi, yaxud onun hansı ictimai məsələləri qaldırması ilə deyil, poetik düşüncənin yenilənməsi ilə bağlıdır. Aktuallığı şərtləndirən “ictimai sifariş” zamanın tələbindən irəli gəlsə də, insan varlığının estetik baxımdan özünü ifadəsi kimi meydana çıxır. Rəsul Rzanın şeiri aktual hadisələrə reaksiya verməkdən daha çox, müasir insanın dünya ilə münasibətinin dəyişməsini ifadə edir. Şairin lirik qəhrəmanı zamanın içində parçalanan, tarix ilə yaddaş arasında tərəddüd edən müasir insandır və bu baxımdan Rəsul Rza poeziyasının aktuallığı müasirliyindədir.
Rəsul Rzanın tarixi travmaların izlərini daşıyan şeirlərində insanın daxili aləmi siyasi və ideoloji məhdudiyyətlərin çərçivələrinə sığışmır. Onun yaradıcılığında lirik şeirin funksiyasının dəyişdiyini görürük: şeir müasir insanın duyğularını ictimai problemlər səviyyəsindən dindirir.
Rəsul Rza öz yaradıcılığında poetik dili də aktuallaşdırmağa nail olub. Onun şeirləri müasirliyin dərk olunmasını bədii düşüncənin yeni ölçüləri səviyyəsində təcəssüm etdirir. Şairin şeirləri bu günün təsviri ilə kifayətlənmir – bu günün içindən düşünür. Buna görə də onun şeirlərini oxuyarkən ağlımıza gələn bu olur: sanki bu şeirlər məhz bizim dövr üçün yazılıb.
Mənim Rəsul Rza yaradıcılığına bağlılığım yeniyetmə yaşlarımdan, məktəb illərindən başlayıb. Onun misralarının havası ilə böyümüşəm. O misralarda mənim üçün həm uşaq saflığı ilə uyum yaradan məhrəmlik duyğusu vardı, həm böyük dünyanın dərinliyi; həm torpağa bağlılıq duyulurdu, həm də insanın daxili gücü. O zaman Rəsul Rzanın, Nigar Rəfibəylinin, Anarın adını ayrı-ayrılıqda tanıyırdım və düzü, bu adlardan mənə ən yaxın olanı Rəsul Rza idi. Rəsul Rzanın səmimi, aydın, ürəyə yayılan sözləri o vaxtdan yaddaşımda yurd salmışdı:
Mən insanam,
Vətənim var, elim var.
Ən böyük həqiqəti,
Azadlığı, məhəbbəti, nifrəti –
Söyləməyə qadir olan dilim var…
Şairin yaradıcılığında zaman, ömür və insan taleyi ilə bağlı dərin fəlsəfi düşüncələrin geniş yer aldığı şeirlərindən biri “Çinar ömrü”dür. Bu şeridə çinar sadəcə bir möhtəşəm ağacın obrazı deyil; insan ömrünün, möhkəmliyin, zamanın tufanlarına tab gətirməyin rəmzidir. Bu şeirin hər misrası həyat nəfəsi daşıyır. Çinar kimi köklü, külək kimi azad, torpaq kimi möhkəm sözlər həm ruhu oyadır, həm də insana dayaq olur. Çünki çinar əbədi dəyərlərini özü ilə aparıb getmir, bu keyfiyyətləri özündən sonra gələnlərə ötürür:
Çinar getdi;
Könüllərdə yanğısı
yeri qaldı.
Dodaqlarda xan çinarın
Bahar nəğmələri qaldı.
Əlli olsun, yüz olsun,
Neçə-neçə əsr olsun.
Ömrün ilk günü ,
Son günü var.
Beş yüz ildən bir əskik
Yaşadı çinar.
Fırtınada, qasırğada əyilmədi.
Yaşadı çinar kimi…
İnsana və insanlığa örnək kimi yaradılan “Çinar ömrü” torpağa və kökə bağlılığın rəmzidir. Bu şeir həyatın ağır sınaqları qarşısında öz prinsiplərindən dönməyən, zamanın tufanlarına sinə gərən daxilən güclü insanın abidəsidir…
Nigar xanım Rəfibəylininin və Anarın poetik dünyasını sonradan kəşf etdim. Əsas kəşfin isə bu oldu ki, Rəsul Rzanın poeziyasında duyduğum həssaslıq və cəsarət yalnız bir şairin deyil, bir ailənin ədəbiyyatda yaratdığı iqlim imiş. Bu iqlimin havasını həm incə bir qadının ürəyi, həm həyatı sərt təlatümlər içindən keçmiş şairin qəlbi, həm də nasirin müşahidəsi yaradırmış. Rəsul Rza-Nigar Rəfibəyli-Anar adlarını bir araya gətirib düşünəndə Azərbaycan ədəbiyyatının bütöv bir tablosunu görürəm. Bu tablo poeziyanın zərifliyini, insan xarakterinin sarsılmazlığını və yaddaşın epik genişliyini əks etdirir.
Nigar Rəfibəylinin poeziyasındakı taleyin cilvəsi kimi incə kədər, sevginin və qadın ürəyinin zərifliyi bu tabloya pəncərədən düşən işıq məhrəmliyi gətirir. Bəy qızı Nigar xanımın poetik səsi Rəsul Rzanın fəlsəfi düşüncələrinin fonunda sanki yumşaq bir musiqi kimi səslənir.
Mənim uşaqlıq dünyamda Rəsul Rza bənzərsiz bir şair olmaqla yanaşı, həm də mənə sual verməyi, düşünməyi, hətta şübhə etməyi öyrədən bir müəllim idi. Onun şeirlərindən ruhuma azadlıq nəfəsi, vətən sevgisi hopurdu. Rəsul Rzanı mənim üçün doğmalaşdıran da, görünür, elə bu olmuşdu. Onun misralarındakı azadlıq nəfəsinin yeri bu gün, dünyanın bu qarışıq vaxtında daha aydın görünməkdədir:
Mən istəyirəm:
Buludlar ağlasın,
Uşaqlar ağlamasın;
Analı ya anasız.
Mən istəyirəm;
Güllər açılsın,
Güllələr açılmasın,
Amanlı ya amansız.
Mən istəyirəm:
Sevinc, səadət bol olsun.
Ürəkdən-ürəyə,
Ölkədən-ölkəyə,
Açıq yol olsun.
Anarın nəsri ilə tanış olandan sonra özüm üçün bunu da “kəşf etdim” ki, bu ailədə söz elə-belə yazılmayıb – yaşanıb. Anarın əsərlərində Rəsul Rzanın azadlıq ruhunun izini görməmək mümkün deyil. Anarın nəsr əsərlərindəki incə müşahidə, dərin psixologizm sanki atasının poeziyasında qoyulan sualların cavabıdır, ata ilə oğulun, şeirlə nəsrin dialoqudur.
Qələmim yoruldu, yolundan azdı,
Dünyanın dərdi çox, sevinci azdı.
Tale acısını alnıma yazdı,
Yaşamaq zamanı, yazmaq zamanı…
Rəsul Rzanın poetik dünyasının yaradıcısı olan şair yazmaq üçün yaşamağa, yaşamaq üçün isə yazmağa məhkumdur. Onun poeziyasının əsas dramatizmini yaradan bu paradoksdur. Rəsul Rza poeziyasını zamanla həmsöhbət saxlayan da elə budur!..
Rəsul Rza ocağında söz həm güc, qüdrət, həm də zəriflikdir. Nigar Rəfibəyli. Rəsul Rza. Anar. Bunlar bir-birini tamamlayan üç səs kimi ədəbiyyatımızda bütöv bir harmoniya yaradır.






















