POEZİYASI ŞƏHDİ-ŞƏKƏR DİLLİ ŞAİR

POEZİYASI ŞƏHDİ-ŞƏKƏR DİLLİ ŞAİR

Tapdıq Əlibəyli – 65

Beş il öncə, xatirələr fəsli qızılı payızın sonuncu gününün yaz ab-havalı səhər çağı rəhbəri və yaradıçısı olduğum “Neftçi” Ədəbi Məclisnin üzvləri ilə zəngləşib Bakımızın gözəl guşələrindən olan Dənizkənarı Milli Parkda görüşdük. Məqsədimiz Azərbayçan Yazıçılar Birliyinin və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı İdman Sarayında keçirilən Milli Kitab Sərgisidə iştiralk etmək idi.
Həmin gün sərgidə, ədəbiyyatımıza öz töhfəsini verən, tanınmış şair-publisist Tapdıq Əlibəyli ilə keçirilən görüş, sözün əsl mənasında bir poeziya bayramı təsiri bağışladı. İllər əvvəl onun imzası və şəxsi ilə tanış olsam da, həmin gün dostluğumuza təməl oldu.
Doğurdan da həyat çox qəribədir…Bu fikrimi dostlarımla həmişə bölüşürəm. Mən o xoşbəxt insanlardanam ki, dünyanın dörd qitəsini əriş-arğac gəzmişəm. Özüm neftçi olsam da, həmçinin fəal ictimaiyyyətçi kimi uzun illər həmkarlar təşkilatına rəhbərlik etmişəm. Keçmiş SSRİ-nin 14 respublikasını və doğma Azərbaycanımızı qarış-qarış gəzmişəm. Şair dostum Tapdıq Əlibəylinin doğulub boya-başa çatdığı Yardımlını da həmçinin!
Başı buludlu dağlar, füsunkar yayalaqlar, əsrarəngiz ormanlar, durna gözlü bulaqları ilə ruh oxşan bir yurdda dünyaya göz açan Tapdıq Əlibəylinin incə ruhu, kövrək qəlbi, nurlu qələmi vardır. Onun sözü-söhbəti də adi deyil, şeiriyyətdir.
Bu il bir iyulda şair qağamın 65 yaşı tamam olacaq. Mən də istərdim ki, bu münasibətlə arzularımı və ürək sözümü yubiley ərəfəsində necə deyərlər, “sənədləşdirim”, axı bu da bir tarixdir…

Yoldaşı yolda sına,
Tən ol sən yoldaşına.
Qəlb özü bir büllurdur,
Qoyma ki yolda sına!..

Bu bir bənd Tapdıq Əlibəylinin təbirincə desəm, qəlbdən qələmə narın-narın yağdı… Şairlə dəfələrlə ictimai, ədəbi tədbirlərdə birlikdə olmuşüq. İdarə Heyətinin üzvü olduğumuz Türk Ağsaqaları İctimai Birliyinin xətti iə Şamaxı, İsmayıllı, Oğuz, Qax rayonlarında, Gəncə şəhərində, həmçinin Salyan, Cəlilabad, Masallı, Lənkəran və digər rayonlarda səfərdə olmuşuq. İnşallah Qərbi Azərbaycanda da olarıq… Demək istəyirəm ki, belə nurlu, lopabığlı ( el arasında belə deyirlər) şairlə dost olmaq da xoşbəxtlikdir. Belə bir məqamda yazmışam:

Misra-misra sovqatlı,
Xoş məramlı-ovqatlı,
Söz-söhbəti ağ atlı
Şair qağam, günaydın!..
Poeziyası şəhdi-şəkər dilli şair, dostlarına qarşı ithaf çələngi ilə cox səxavətlidir. Fikrimə bariz nümunə kimi şeirimə yazdığı nəzirə də bu qəbildəndir.
Tapdıq Əlibəyli yazır: “Şair dostum Hacı Zaməddin Ziyadoğlunun “Həncərisən” şeiri hal-əhval “brend”imizdir…”.

“Ağrın alem, həncərisən”?..
Şəhdi-şəkər dillə desəm:
Bal Zaməddin Ziyadoğlu,
Şəst, ruhuna, şair, əhsən!

“Ağrın alem, həncərisən”?..
İlham pərin deyil küsən…
Sözə oldun hayıl-mayıl,
Misra-misra şeir busən…

“Ağrın alem, həncərisən”?..
Könül istər tez-tez görsən.
Sən ki könül, ruh adamı,
Gözüm üstə, hər nə desən…

“Ağrın alem, həncərisən”?-
Əhvalımı sorub – bilsən…
Tapdıq deyər ağrın alem,
Duaçıyam, bir aləmsən …

Sözü də özütək saf könül adamı, bənzərsiz poetik dünyası olan şair dostum Tapdıq Əlibəylini 65 illik yubileyi münasibətilə mən də elə bu ovqatda “Həncərisən, şair qağa, həncəri”ithaf şeirimlə təbrik edirəm.
Anlar keçir, günlər keçir, ay olur,
Zaman ötür, illər yaşa pay olur,
Altmış beşin taleyinə tay olur,
Həncərisən, şair qağa, həncəri?

Döğum günün Yaradandan yar yaya,
Yardımlıdan yol başladın dünyaya,
Kürü keçib gəlib çıxdın Bakıya …
Həncərisən, şair qağa, həncəri?

Lopa bığın xatırladır meşəni,
Dağ göyərdib xislətini, rişəni.
Şair oldun, qəlbən sevdin peşəni…
Həncərisən, şair qağa, həncəri?

Xoş məramlı-ovqatlısan həmişə,
Qol qoymusan xeyir əməl, düz işə,
Əyimədin kəc dövrana, gərdişə…
Həncərisən, şair qağa, həncəri?

Zaməddinəm, öyünməkdən uzağam,
Həm Bakılı, həm Yardımlı, Qazaxam.
Yubileyinə dəvət alsam, qonağam…
Həncərisən, şair qağa, həncəri? ✍️Hacı Zaməddin ZİYADOĞLU, şair, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Neftçi” Ədəbi Məclisinin sədri

Share: