“Qələm, Zaman və Ruh: Aysel Fikrətin yarıməsrlik hekayəsi”

“Qələm, Zaman və Ruh: Aysel Fikrətin yarıməsrlik hekayəsi”

Azərbaycan ədəbiyyatı və mədəniyyətində özünəməxsus dəst-xətti ilə seçilən, pedaqoji fəaliyyəti və ictimai mövqeyi ilə tanınan şair-publisist, Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi, AMK-nın nəzdində İncəsənət Gimnaziyasının müəlliməsi Aysel Fikrətin 50 yaşı tamam olur.

Müstəqil.Az bildirir ki, bu münasibətlə Vətəndaş Həmrəyliyi Partiyası şairi təbrik edib.
Təbrikdə deyilor: 1976-cı il martın 28-də dünyaya gələn Aysel Fikrət (Aysel Fikrət Əhmədova) hələ məktəb illərindən ədəbiyyata olan marağı ilə fərqlənib. Binəqədi rayonunda yerləşən 135 saylı tam orta məktəbdə təhsil aldığı illərdə sözə olan həssaslığı onun gələcək yolunu müəyyənləşdirib. Bu maraq onu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə aparıb və o, burada ali təhsilini fərqlənmə diplomu ilə başa vurub.
1997-ci ildən etibarən pedaqoji fəaliyyətə başlayan Aysel Fikrət, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasında teatr dramaturgiyası üzrə müəllim kimi çalışaraq, bu sahədə yeni bir istiqamətin əsasını qoyub. “Kino və teatr dramaturgiyası” fənninin ilk müəllimi kimi onun fəaliyyəti təkcə dərs deməklə məhdudlaşmayıb və düşünən, yaradan və yazan bir nəslin formalaşmasına töhfə verib. Artıq 29 ildir davam edən bu fəaliyyət onun adını yüzlərlə şagirdin yaddaşına müəllimdən daha artıq bir yolgöstərən kimi həkk edib.
Aysel Fikrətin təşəbbüsü ilə yaradılan “Balaca Yazarlar Birliyi” isə gənc qələm sahiblərinin yetişdiyi bir ədəbi mühitə çevrilib. Bu birlik çərçivəsində formalaşan gənclər bu gün Azərbaycan ədəbi mühitində öz sözlərini deməyə başlayıblar.
Onun yaradıcılıq yolu da ən az pedaqoji fəaliyyəti qədər zəngindir. 1992-ci ildən dövrü mətbuatda çıxış edən müəllifin esse və hekayələri oxucular tərəfindən maraqla qarşılanıb. “Bir buludam”, “İtirilmiş gülüş”, “İspan kafesi” və digər kitablarında Aysel Fikrət insanın daxili dünyasını, yaddaşını və mənəvi bağlarını incə və səmimi şəkildə təsvir edir. Onun əsərləri təkcə oxunmur, hiss olunur.
Aysel Fikrət 2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin, 2014-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Beynəlxalq ədəbi mühitdə də fəal olan müəllif müxtəlif ölkələrin yazar təşkilatlarında təmsil olunur və Çingiz Aytmatov mükafatına layiq görülüb. Onun əsərləri müxtəlif dillərə tərcümə edilərək geniş oxucu auditoriyasına təqdim olunub.
Eyni zamanda, o, media sahəsində də fəal iştirak edir. Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi kimi çalışmaqla yanaşı, radio layihələri və ədəbi verilişlərin müəllifi və aparıcısı kimi də fəaliyyət göstərir.
Aysel Fikrətin yaradıcılığı səmimiyyəti, dərinliyi və insana toxunma gücü ilə seçilir. Onun qələmində xatirələr danışır, duyğular canlanır və hər oxucu bu sətirlərdə özündən bir parçanı tapır.
Bu gün 50 yaşını qeyd edən Aysel Fikrət həm bir ziyalı, həm müəllim, həm də yazar kimi cəmiyyətimizdə öz layiqli yerini tutmuşdur. Onun ömür yolu zəhmətin, sədaqətin və sənətə bağlılığın bariz nümunəsidir. Zamanın yaddaşında iz buraxmaq hər kəsə nəsib olmur. Elə insanlar var ki, ömürlərini sadəcə yaşamaqla kifayətlənmir, onu mənalandırır, zənginləşdirir və gələcək nəsillərə ötürüləcək bir dəyərə çevirirlər.
Siz də məhz belə nadir şəxsiyyətlərdənsiniz.
Eyni zamanda, şair-publisist kimi zəngin yaradıcılığınız, əsərlərinizdə insan ruhunun incə qatlarını, yaddaşı, sevgini və mənəvi bağları ustalıqla ifadə etməyiniz Sizi oxucuların qəlbində xüsusi yerə sahib etmişdir. Sizin qələminiz yalnız ədəbiyyat yaratmır, həm də düşüncə formalaşdırır, ruhlara toxunur.
Vətəndaş Həmrəyliyi Partiyası Aysel Fikrəti yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və uzun ömür arzulayır.
Müstəqil.Az
Share: