Adını siz tapın… – Elman Eldaroğlu yazdı

Adını siz tapın… – Elman Eldaroğlu yazdı

Nədənsə, onu məğrur, müdrik, mərd, ədalətli bir kişi kimi tanıyırdım. Varlığından qürur duyduğum soydaşlarımdan biri də, o idi. İllər ötdükcə anladım ki, sən demə, o, məğrur yox, özündən razı, müdrik yox, nadan, mərd yox, namərd və ədalətsiz insan imiş...

Hələ bugünkü qədər ayağı yer tutmamışdı. Bir dəfə mənə zəng edib, onu telefonda təhqir edən polis şöbələrinin birinin rəis müavindən şikayətləndi. Və xahiş etdi ki, ölçü götürülməsindən ötrü, səlahiyyətli dostlardan birinə müraciət edim. Hadisəni olduğu kimi öyrənib, məsul vəzifədə çalışan dostlarımdan birindən ona dəstək verməsini istədim. Heç yarım saat keçmədi ki, həmin polis şöbəsinin rəisi şəxsən özünə zəng vurub üzr istədi və müavinini də buna məcbur etdi…
Oğlunun toyundan bir qədər əvvəl zəng edib eloğlularımızdan toya dəvət olunası hörmətli adamları soruşdu, onları toya dəvət etməyi mənə tapşırdı. Və mən də razılaşdığımız adamlara bir-bir telefon açıb həmin toya dəvət etdim. Bəli, o toyda iştirak edənlərin qırx faizi mənim dəvət etdiyim adamlar idi. Bəlkə də demək yersizdir, amma bir halda deyirəmsə, qoy bunu da deyim- özüm də həmin toya iki yüz dollar nəmər yazdırdım…
Rayonlardan birindən Milli Məclisə namizədliyini verəndə imkanlı eloğlularımdan bir neçəsini bir araya gətirib, ona seçki kompaniyasında maddi və mənəvi dəstək vermək məqsədi ilə həmin rayona yollandıq və bir neçə saat onun təbliğatı ilə məşğul olduq, sonra bir yaxşı süfrə açıb qonaqlıq da verdik. Sonda isə maddi dəstək verib geri döndük…
Belə məsəllərdən çox çəkə bilərəm, amma düşünürəm ki, hələlik bu qədər yetər. Bəli, nədənsə, onu məğrur, müdrik, mərd, ədalətli bir kişi kimi tanıyırdım. Varlığından qürur duyduğum soydaşlarımdan biri də, o idi. İllər ötdükcə anladım ki, sən demə, o, məğrur yox, özündən razı, müdrik yox, nadan, mərd yox, namərd və ədalətsiz insan imiş…
Bu günlərdə yubileyini qeyd edəcək. Dəfələrlə arxamca danışıb namərdliyini biruzə verən, özündən razı şəkildə məni aşağılamağa çalışan, bütün ölkənin şahidi olduğu ədalətsizliyə və namərdliyə yol verən bir insana yubileyində nə arzulaya bilərəm? Son mənzilə yolu az qalıb, Allah hidayət etsin!..
Elman Eldaroğlu
Share: