Təyyarə Pulkovodan qalxmışdı… -Əlfi QASIMOVUN hekayəsi

Təyyarə Pulkovodan qalxmışdı… -Əlfi QASIMOVUN hekayəsi
Bu səfəri gözləmirdi, evə Novruzda getməyi planlaşdırırdı, fikirləşirdi ki, bir həftəlik Bakıya qayıdar, hamıyla görüşüb bayramlaşar, sonra da işinin başına qayıdardı.
Novruz bayramında bayramlaşmaq məsələsinə sakral münasibəti vardı. Bəlkə də uşaq vaxtından böyüklərindən elə görmüşdü, ondan idi. Bayram günləri bütün qohumlarla, dostlarla görüşməyə adət eləmişdi. Deyirdilər ki, Novruzda küsülülər də barışmalıdır. Amma bunun ona dəxli yox idi, bir ömür, düz otuz yaşına kimi yaşamışdı, hələ kimdənsə küsdüyü olmamışdı. Cəmi bir dəfə, hələ məktəbdə oxuyanda həm sinif yoldaşı, həm də qonşusu, yaxın dostu Yusiflə küsüşmüşdü. Əslində, heç onda da özünün ağlına küsmək gəlmirdi, təşəbbüskar elə Yoskanın özüydü.
Onda doqquzuncu sinifdə oxuyurdular. Həyətdə Yusifin istəyilə, zarafatla başlanan bokslaşma bir göz qırpımında uşaqlıq hikkəsinə çevrilımiş, onların ikisinə də küsməyin nə olduğunu başa salmışdı. Yusif çox güclü idi, zərbələrini zarafat ovqatına yaraşmayan hikkəylə endirirdi. O da zəif deyildi, üstəlik, dostundan fərqli olaraq, xeyli zirək idi. Dostundan beş-üç karlı zərbə yeyəndən sonra, gerçəkdən hirsləndiyini hiss etmiş, girəvələyib Yusifin çənəsinə babat tutuzdurmuşdu. Onda dostu təbii ki, yıxılmamışdı, çünki ondan filan qədər ağır idi, elə boyu da bir qarış hündür olardı. O zərbədən sonra, özü də qorxmuşdu, çünki “rəqibin” çənəsi möhkəm şaqqıldamışdı. Onda elə bilmişdi ki, çənəsini sındırıb. Sonra da, hər ikisi tövşəyə-tövşəyə, halsız pilləkənə çöküb, nəfəslərini dərmişdilər. Yusifun hirsləndiyiniyi hiss edirdi, amma küsəcəyi ağlına da gəlmirdi…
Evlərinə gedəndə də bir-birini dindirmədilər. Yusifgilin evləri üçüncü, onlarınkı isə beşinci mərtəbədə idi. Mərtəbələri qalxdıqca, narahatlığı artır, dostunun möhkəm incidiyini başa düşmüşdü, onu küsdürmək istəmirdi. Amma, qapılarına çatanda Yusif ona əl uzatmasaydı, dəqiq küsüşəcəkdilər. Qapılarına çatanda dostu bir anlıq elə bir ayaq saxladı, o da fürsətdən istifadə edib, əlini ona uzatdı:
-Səhər dərsə gedirik də?..
Səsi çıxmadı, eləcə başını tərpətdi, deyəsən ağzı qıfıllanmıçdı, qapılarını açıb, evə keçdi…
Yusifdən ayrılandan sonra, öz çənəsinin necə ağrıdığını hiss etdi – dişlərini sıxa bilmirdi…
Ertəsi gün həmişəki kimi, birlikdə məktəbə gedəndə də heç danışmadılar. Məktəbin yolu Şirşov küçəsindən idi. Evlərindən çıxıb, tindəki çörək dükanının qabağından Şirşova dönürdülər. Şox sakit, dar küçəydi, hər iki yanında sırayıa ərik ağaclarıı əkilmişdi. O meyvələrdən yemək onlara bir dəfə də qismət olmamışdı, həmişə ağızları sulana-sulana baxıb, əriklərin saralmağını gözləyirdilər, o vaxta qədər də məktəbə gedən uşaqlar gömgöy, tumturş meyvələri yoluşdururdular. Ağacların təpəsi qalırdı, ora da əlçatan deyildi, şirələnmiş qızılı meyvələr də yuxarıdan adama yandıq verir, onlara tamarzı qalıb, ağızlarının suyunu udurdular…
İstəmirdi incikliklərini sinifdə uşaqlar da görsün, ayıb olardı. Şirşovda sükutun buzunu qırmaq üçün birinci özü dilləndi:
-Çənəm yaman ağrıyır… Səninki necədi?
-Eh, mənimki də, dünən heç nə yeyə bilmədim…
-Elə mən də… Bilirsən, biz boks bilmirik axı, yəqin dişlərini bir-birinə möhkəm sıxmalısan ki, zərbə dəysə çənən boş olmasın…
-Mən əvvəlcə sıxmışdım da, sonra sən bir dənə ilişdirdin, beynim laxladı, ağzımı araladım.
-Sən də yaman vururdun ha!..
Hırıldaşdılar. Amma yolun qalanını da dinməz getdilər, ağızlarını açıb-yummaq əzab idi…
Bütün yolu təyyarənin illüminatorundan yerə baxdı, amma buludlar imkan vermədi nəsə görə… İki gün qabaq anası atanın xəstəxanada olduğunu deyəndə, ona qəribə gəlmişdi, çünki özünü xatırlayandan, onun xəstələnməyi yadına gəlmirdi, çox sağlam idi. Cəmi bircə dəfə dişi ağrımışdı…
-Mama, nədəndi?
–Dedilər, ürəyində balaca nasazlıq var, müalicə lazımdı…
-İstəyirdim, bayramda gəlim, işdə də demişdim… Onda, indi gəlirəm, nə fərqi…
-Yox, nəyə gəlirsən, işində ol, bayramda gələrsən.
-Yaxşı. Məndən salam deyərsən. Telefonu varsa, zəng vurum.
-Otağında yoxdu, narahat olma, gündə iki dəfə yanına gedirik, yaxşıdı…
Gecə nəsə narahat yatdı, səhər Bakıya getmək üçün işdən üç günlük icazə istədi, dedi atam xəstədi, dəyməliyəm. Etiraz eləmədilər, dedilər, yolu da gəl üstünə, beş günlük get…
Axşam anasına zəng vurdu ki, gəlirəm.
Ana dedi:
-Bayramda gələrdin də, onda ata da evdə olardı…
-Yox e-e, mama, darıxmışam, gəlirəm. Nə fərqi var, bayram olmayanda, bəyəm görüşmək hesabdan olmur? Nədi, siz darıxmamısınız?
-Darıxmışıq, amma bayram yaxşı olardı da…
-Bilet almışam, sabah çıxıram…
-Sağ-salamat gələsən…
Təyyarə dənizin üstündən keçirdi, göy üzü açıq idi, gün elə şaxıyırdı, sanki onu salamlayırdı. Güülümsündü, Leninqradda belə havaya tamarzı idi, ezamiyyəti elə vaxta düşmüşdü ki, qoymamışdılar yeni ili evimizdə qarşılayım, səksən beş onu Piterdə haqlamışdı.
Xəzərin sayrışan ləpələrinə üstdən tamaşa edə-edə, evləri üçün necə darıxdığını hiss etdi. Ləpələr elə bil, gümüşü balıqlar idi, görünüb bir anda itirdilər. Beynində üç günlük planını qururdu. Xəstəxanada qardaşı Vüqara dəymək də vacib idi, amma ən əsası, atanı görməliydi…
Ertəsi gün anasıyla xəstəxanaya, qardaşı Vüqara dəyməyə getdi. Həkimindən icazə alıb, şöbənin qarşısındakı ağaclıqda oturdular. Yaxşı idi, sınıxmamışdı. Anası, gətirdiklərini yerbəyer eləməyə getdi. Fürsət bilib, Vüqardan soruşdu:
-Qaqaş, xəbərin var, ata xəstələnib?
-Xəstələnib?
-Hə, xəstəxanada yatır…
-Noolub ki?..
-Elə bir şey yoxdu, ürəyində xırda nasazlıq var, müalicədədi.
Fikrə getdi. Gözü yol çəkirdi. Birdən, soruşdu:
-Getdin yanına?
-Hələ yox, dünən axşam gəlmişəm, dedim səni görüm səhər-səhər. Onun yanına axşamüstü buraxırlar, gedəcəm.
-Hə… Get…
Yenə gözü yol çəkdi…
Anam gəldi, Vüqarın yeməyini qoydu qabağına, əlində də salfetə bükülü bir şəkərbura, bir paxlava vardı, ona uzatdı:
-Əvvəlcə bunları ye, bayrama az qalıb.
Vüqar fikirdən ayrıldı:
-Yeyərəm, sonra yeyərəm…
-İndi ye, sonra iştahan olmayacaq, ye…
-Yeyərəm, mama…
-Ye də, indi ye, görüm. O dilləndi:
-Ay mama, yeyər də, meyli çəkəndə yeyər…
Vüqar elə bil, fikirdən ayıldı:
-Ay mama, camaat burda ləyən-ləyən paxlava, şəkərbura gətirir, vallah sənin qədər səsləri çıxmır. Dedim ki, yeyəcəm də…
-İndi yeməsən, içəri gedəndə verəcəksən uşaqlara, bilirəm. Ye də…
Vüqar məhəl qoymadı, elə öz fikirlərilə güləşirdi. Xörəyini də, fikirləşə-fikirləşə yedi. Yanında çox oturmadılar. Vidalaşıb gedəndə, əlinin hərəkətilə ona işarə elədi, yaxınlaşdı:
-Qaqaş, deyirsən xəstəxanadadı?..
-Hə, Vüqar, bir-iki həftəyə çıxmalıdı, Bilgəhə, sanatoriyaya gedəcək…
Ağzını lap qulağına yaxınlaşdırdı:
-İlqar, ata çıxmayacaq…
-Necə yəni, ay Vüqar, həkimi deyib…
-Ata öləcək…
-Gic-gic danışma, nə qatıqlayırsan?..
-Mən dedim, biləsən…
-Yaxşı, keç içəri, biz getdik!
Beyni dumanlanmışdı; o nə söz idi gədə deyirdi? Fikirləşdi ki, xəstədi də, Allah bilə ağlına nə girib…
Xəstəxanadan, şəhərə çatana qədər səsi qulaqlarımdan getmədi – elə bil özü demirdi, danışdırırdılar onu.
Maşında anası soruşdu:
-Nə deyirdi sənə?
Heç bilmirəm, ağlına hardan gəldi, dilləndi:
-Heç… Deyirdi ki, mən utanıram, mamaya de, siqareti bir az çox gətirsin.
-Gətirirəm də, günə bir qutu bəs eləmir?
Fikirli-fikirli qayıtdım:
-Deyir, burda çəkən uşaqlar çoxdu, yanlarına gələn də yoxdur, onlara da verirəm, axırda özümə çatmır… Bir az artıq gətir, sən ata canı. Düz deyir də, siqareti siqaretsizlərin yanında necə rahat çəksin? Olmaz axı…
Bütün yolu pıçıltısı qulağından çəkilmədi: “İlqar, ata çıxmayacaq… ata çıxmayacaq… çıxmayacaq…”
Axşamtərəfi Montindəki 5 nömrəli xəstəxanada idi. Atası onun arxasındakı Kardioloji mərkəzdə yatırdı. Vüqarin səsi beşinci mərtəbəyə qalxanda da qulağından çəkilmədi, ancaq palatanın qapısını tıqqıldadanda, atanın şaqraq səslə, “kimsən, gəl, görüm…” deməsi beynindəki bütün səsləri bir anda sıxışdırıb çıxardı, qapını itələyib açdı:
-Ata, mənəm, İlqar!
-Baho, nə yaxşı qonağım gəlib! Nə təhərsən ə-ə? İşlərin gedirmi?
-Yaxşıyam, ata. Sən nə əcəb, buralardasan? Ciddi bir şey var, ağrıyırdın?
-Ə-ə, yox ata canı, ağrıyıb eləmirdim. O gün balaca sızıldadı ürəyim, getdim yazıçıların poliklinikasına, Məsumə həkim ürəyimin şəklini çəkdirdi, sonra da dedi ki, guya ayaqüstü infarktı-nədi, ondan keçirmişəm, amma indi yaxşıyam.
-Nə dedi? Nə vaxt olubmuşsan?
-Vallah, bilmirəm, amma bir dəfə, Qasımın oğlu Fəxrəddin rəhmətliyin qırxında, qəbr üstündə ürəyim yaman sıxıldı, Daşqın qoymadı ki, düşəm, eləcə, maşından baxdım. Deyirəm, bəlkə, onda nəsə olub?..
-Ola bilər, amma evdə heç nə deməmisən axı… Heç mənim də xəbərim olmayıb. Ağrımırdın?
-Ə-ə, yox, mən ağrımaq bilirəm? Onda da elə ağrımadım axı, eləcə, sinəm sıxıldı bir az… Bura bax, dovğa içirsən? Anan dünən mənə bir dovğa gətirib, ölü içsə dirilər…
-Yox, ata, yemişəm, istəmirəm. Saxla, sonra içərsən.
-Burda xörək əlindən barmaq tıxamağa yer yoxdu, bax!
Əlini atıb, dolabını açdı, doğrudan ağzına qədər tıxama doluydu.
-Bunları niyə saxlamısan, xarab olar ki…
-Qoymuram xarab ola. Hər gün paylayıram qonşulara. Onsuz da gündə təzə yeməklər gəlir evdən…
-Səni yaxşı gördüm, sevindim. Nə deyirlər, nə vaxt çıxırsan?
-Həkim deyir ki, martın onunda buraxacaq.
-Evə gedəcəksən? Beşmərtəbəni necə qalxacaqsan?
-Yox, evə getməyəcəm ki… Gedəcəm İçəri Şəhərə, bir baş Elmangilə. Əsmət mənə quzu ətindən qara dolma bişirəcək, tapşırmışam. Onlarda çimib-eləyim, səhərisi də Elman aparacaq məni Bilgəhə, ürək sanatoriyasına, bir ay da orda qalacam…
-İşsiz darıxmırsan ki…
-Yox, əşşi, ara-sıra işləyirəm. Süleyman Rüstəm bir əlyazması vermişdi, xahiş elədi ki, əl gəzdirib, çapa hazırlayım. Hərdən ona baxıram, bəzi yerlərini lap təzədən yazıram…
-Özünü yorma, sən ata canı, dincəl.
-Ə-ə, dincəlirəm də… Darıxanda da yığıram medsestralarımı başıma lətifədən-zaddan danışıram, kefim açılır…
-Yaxşı eləyirsən, özünə fikir ver…
-Bura bax, Vüqara baş çəkmisən?
-Hə, ata, bu gün səhər getdim yanına, yaxşıdı…
Bunu dedi, qaqaşının səsi yenə beyninin içində səsləndi, başını silkələyib, səsi qovdu.
-Nooldu, başın ağrıdı?
-Yox, ay ata, narahat olma…
-Bilirsən niyə deyirəm? Mən onun yanına gedə bilmirəm axı. Bir dəfə, təzə-təzə vaxtı getdim. Orda nə gördümsə, bir həftə özümə gələ bilmədim. Sonra da anana dedim ki, ay Qaraqız, məni ora bir də aparma, sən canın, ürəyim götürmür…
-Yaxşı eləyirsən. Mən elə mamayla getmişdim, xəstələndiyindən xəbəri yox idi…
-Neçə gün burdasan?
-Səhər reysilə çıxıram, ata. İnşallah, bir də gəlib sanatoriyada dəyərəm sənə, o vaxta Leninqradda işimiz bitər…
-Lap yaxşı, onda yolundan qalma. Get, yaxşı yol, sağ-salamat gələsən…
Qalxdı, o da qalxdı. İstədi qucaqlayıb yerində oturda, dedi:
-Mən də çıxıram, pilləkənlərə qədər ötürüm səni…
Dəhlizdə, qabaqlarına çıxan tibb bacılarına onu təqdim elədi, böyük oğlum İlqardı dedi…
Pilləkənin başına çatdılar. Onu qucaqlayıb, qulağına pıçıldadı:
-Sən ata canı, özündən muğayat ol!
Gülümsündü, qucaqlaşdılar.
-Sən özündən muğayat ol, qürbətdəsən…
Gülümsündü, pillələri aramla enirdi, birdən elə bil Vüqarın səsi ona dedi ki, bir dön, arxaya bax.
Mərtəbələrin arasındakı meydançada ayaq saxlayıb, atasına sarı çöndü, əli qoynunda kirimişcə durmuşdu gözündə yaş gilələnirdi. İkisi də eyni anda üzkərini yana çevirdi: oğlan – ayaq saxladığını atası görməsin deyə, atası da – gözündəki yaşı oğlü görməsin deyə…
Xəstəxananın pillələrini sürətlə enirdi, elə bil qulağındakı səsdən qaçırdı:
-İlqar, ata çıxmayacaq… ata çıxmayacaq… çıxmayacaq…
***
Onun kimisə pilləkənə qədər ötürəcəyini təsəvvür eləməzdi.
Gözünün dolacağı isə heç ağlına belə gəlməzdi…
***
On gün sonra anasına zəng vurdu:
-Mama, salam, necəsən?
-Yaxşıyam, bala.
-Ata nə vaxt çıxır, inşallah?
-Sabah paltarlarını aparıram. İstəyir Elmangilə getsin, orda çimsin. Sonra da Elman aparacaq onu Bilgəhə…
-Hə, yaxşı eləyir, beşmətəbəni qalxmasa yaxşıdı…
-Sənin işlərin necədi? Nə vaxt qurtarırsan?
-Elə bilirəm, atanı Bilgəhdə görə bilərəm…
-Lap yaxşı…
Amma, Vüqarın səsi qulağından çəkilmirdi ki, çəkilmirdi…
***
Ertəsi gün axşam otağındakı telefon cingildədi, dəstəyi qaldırdı:
-Bəli, eşidirəm.
-İlqar?
Dayısı İbrahim idi, səsi boğuq çıxırdı, az qaldı, tanımasın.
-Hə, dayday, mənəm, səndən nə əcəb?
-Bura bax, bu gecə çıxa bilərsən? Sabah burda olmalısan, mütləq!
-Noolub, dayday, ataya bir şey olub?..
General idi də, yersiz suala tabı yox idi:
-Eşitdin? Çıx, bu axşam çıx, sabah burda ol…
Dəstək əlindən düşdü…
Otaq başına hərlənir, Vuqarın səsi isə ara vermədən deyirdi:
-Mən dedim axı sənə… sənə dedim axı… dedim axı…
***
Pulkovoda sonuncu Bakı reysinə qeydiyyat bitirdi. Kassada bilet yox idi. Bakıya necə uçacaqdı, bilmirdi?
Birdən bir nəfər qolundan tutdu, çöndü, Əlövsət idi, atasıyla bir yerdə işləyirdi.
-İlqar, sən burda nə gəzirsən, xeyir ola?..
-Təcili Bakıya uçmalıyam.
-Mən də arvad-uşaqla Bakıya gedirəm… Noolub ki?
-Atam…
Əlövsət kişinin xəstəxanada yatdığını bilirdi. Daha əlavə sual vermədi, oğlanı vəsiqəsini alıb dedi:
-İlqar, sən otur burda, tərpənmə, indi gəlirəm…
On beş dəqiqədən sonra, Bakıya uçan təyyarədəydi, Əlövsət öz biletindən imtina edib, onun adına yazdırmışdı, dedi ki, biz səhər çıxarıq, sən get, gözlətmə…
***
Təyyarə Xəzərin üstündən uçanda Günəş də gizlənmişdi, dəniz də sayrışmırdı, ləpələri qaçıb getmişdi; indi onun dənizi susqun, qaşqabaqlı idi…
Bakıya rahat dünyası təməlindən uçulmuş bir cavan gəlirdi, həyatının gələcək parçasını yalnız özü qura-qura atasını da yaşatmalı olan çaşqın bir cavan…
Share: