Aysel FİKRƏT: Dostlar gəldi, yığıldılar başıma, Sonra bir-bir xəzan olub getdilər

Aysel FİKRƏT: Dostlar gəldi, yığıldılar başıma, Sonra bir-bir xəzan olub getdilər
Bu dünyanın nəyin deyim, nə ola?
Bu aləmə nə qismində gələydim?
Mən də hamı kimi doğuldum, Allah,
Nağıl üzlü, pəmbə rəngli bələkdim.
.
Anam məni qucağına alanda,
Hələ təkcə onun ətrin duyurdum.
Evimizdə çap maşını tak-ha-tak,
Bilmədiyim şeirin sətrin duyurdum.
.
Zaman keçdi, ilk bəxtsiz günüm gəldi,
Çox gec idi, geri dönə bilmədim.
Sevgi adlı bir azara tutuldum,
Ölüm idi, gəl ki, ölə bilmədim.
.
Dostlar gəldi, yığıldılar başıma,
Sonra bir-bir xəzan olub getdilər.
Hərə məndən bir “mən” qopardı getdi,
Qaranlıqda, dumanlıqda itdilər.
.
Düşündüm ki, göyü olsam dünyanın,
Çoxdan bəri çökərdim yer üzünə.
Harda olsam, bir əmması çıxardı,
Yenə gəlib çıxardım söz düzünə.
.
Ümman olsam, quruyardım bir anda,
Ağac olsam, mövsüm-mövsüm solardım.
İnsan oldum, aldığım nəfəs üçün,
Böyütdüyüm sevgim üçün qınandım.
.
Bu dünyanın nəyin deyim, nə ola?
Bu aləmə nə qismində gələydim?
Mən də hamı kimi doğuldum, Allah,
Nağıl üzlü, pəmbə rəngli bələkdim.
Share: