SƏNDƏN SONRA ÖLDÜM
Bu dönüşün anlamı yox,
Ürəyimdə səssiz güldüm,
Gəmiləri yandırmışıq,
Dərin dəryaya gömüldüm.
Qəlbimin səsini kəsib,
Ürəyimə daşlar basıb,
Xöşbəxtlikdən əlim üzüb
Gahdan bulud təki doldum,
O zamanlar mən biçara
Ümidlərsiz , qəlbi yara,
Günü bəxti kimi qara,
Gözüyaşlı bir heykəldim,
Sözünlə şəfa kimiydin,
Dərdimə dəva kimiydin,
Bir isti yuva kimiydin,
Hürkək-hürkək mehman oldum.
Sevgim çoxmu sıxdı səni?
Dinləməyib ürəyini
Ağlında bitirdin məni,
Çəkəmmədin… Ağır gəldim…
Daha yoxdur ümid məndən,
Uzaq yaşa, dolan gendən,
Ruhsuz, öksüz qaldı bu tən,
Öldüm, səndən sonra öldüm…
*****
Qəbirüstü olan gün
Sevinərdik büsbütün,
Qaçardıq şirni üçün
Qəbirlərin üstünə.
Ona edərdik alqış,
“Yaman xoşbəxt uşaqmış”,
Şirni yağışı yağmış
“Bəxtəvərin” üstünə.
Məzardan şirni yedim,
Buz daxmada böyüdüm,
Bir nərdivan dayadım
Təfəkkürün üstünə.
Çıxdım, gördüm, tanrı var,
Ayaqqabısı – hasar,
Dırnaqlarından sızar
Ölüm, ömrün üstünə…
Gördüyümə darıldım,
Nərdivana sarıldım,
Ağladıqca yoruldum,
Düşdüm yerin üstünə .
Sonra bir savaş oldu,
Anam saçını yoldu…
Xına əllər sarıldı
Təzə qəbrin üstünə.
Ürək dağladı yasım,
Qışa çevrildi yazım,
Boş qalıb bəy libasım,
Naxış vurun üstünə.
Sevindir füqəranı,
Şirni edin hər yanı,
Kasıb üçün ehsanı
Çoxlu sərin üstünə.
Yenə gəlibdir yalqız
Məzarıma həmin qız…
Yağış yağır aramsız,
Çətir verin üstünə.















_(1).jpg)





