ÜRƏK O ÜRƏKDİR – Asim Qazıyevin anadan olmasının 100 illiyi tamam olur.

ÜRƏK O ÜRƏKDİR – Asim Qazıyevin anadan olmasının 100 illiyi tamam olur.

100 illik yubileyi ərəfəsində şair, pedaqoq Asim Qazıyevin işıq üzü görəm yeni kitabı belə adlanır

 Bu il görkəmli pedaqoq, şair Asim Qazıyevin anadan olmasının 100 illiyi tamam olur. Yubiley ərəfəsində şairin  “Ürək o ürəkdir” adlı yeni kitabı işıq üzü görüb.

“OL” MMC-də nəfis tərtibatla çap olunmuş kitabın redaktoru Fimar Asimqızı, tərtibçisi Firuq Qazızadədir.

Kitabda şairin indiyə kimi çap olunmayan şeirləri və “Nazim Hikmət” adlı poeması topalanıb.

Xatırladırıq ki,  Asim İsa oğlu Qazıyev 10 may 1926-cı ildə Samux rayonunda anadan olub. Kirovabad (Gəncə) 3 nömrəli Tibb məktəbində (indi Gəncə Tibb Kolleci) oxuyub. 1946-1850-ci illərdə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda dil-ədəbiyyat ixtisası üzrə təhsil alıb.

İnstitutu bitirəndən sonra doğma Samux rayonuna qayıdıb, orta məktəbə direktor təyin olunub. 1954-cü ildə Mingəçevir su anbarının tikintisi ilə əlaqədar Samuxun bir neçə kəndi Bərdə rayonuna köçürülüb.

Asim Qazıyev fəaliyyətini Bərdə rayonunun Leninabad (Samuxlu) kəndində davam etdirib. Çiy kərpicdən, sonra ağ daşdan məktəb binası tikdirib. Qabaqcıl məktəb direktoru, ictimaiyyətçi, el ağsaqqalı, şair kimi tanınıb. 1960-cı ildə Azərbaycan SSR Maarif Nazirliyi tərəfindən ona “Metodist müəllim” adı verilib  və “Qabaqcıl maarif xadimi” döş nişanı ilə təltif olunub.

1999-cu il fevral ayının 19-da Gəncədə vəfat edib. Gəncənin Səbiskar qəbiristanlığında dəfn olunub.

Asim Qazıyev özündən sonra zəngin ədəbi irs  qoyub. O, 14 yaşından şeir yazmağa başlayıb. Özünə Asim Sevdalı təxəllüsü götürüb. Tələbəlik illərində institutda  fəaliyyət göstərən ədəbiyyat dərnəyinə rəhbərlik edib. İlk dəfə “Mənim yurdum” adlı şeri 1948-ci ildə “Ədəbiyyat qəzeti”ndə çap olunub.

Azərbaycan Yazıçılar İttifaqının (AYB) Kirovabad (Gəncə) filialının üzvü və fəallarından olub. 1947-ci ildə gənc yazıçı və şairlərin Bakıda keçirilən respublika müşavirəsində Xalq şairi Səməd Vurğun Asim Qazıyevə Yazıçılar İttifaqının üzvlük biletini təqdim edib.

Vaxtilə Xalq şairi Səməd Vurğunun “gələcəyin böyük şairi” kimi qiymət verdiyi Asim Qazıyevin 1996cı ildə “Qələmin qüdrəti yaz, deyir mənə” adlı birinci, 2016-cı ildə “Xeyli sözüm var” adlı ikinci, 2018-ci ildə “Ürəkdən soruş” adlı üçüncü şeir kitabı nəşr olunub. 100 illik yubileyi münasibətilə  yeni bir kitabı da nəşrə hazırlanır.

Asim Qazıyev xalq artisti, bəstəkar və dirijor Nəriman Əzimovun bəstələdiyi sevilən “Gözəl Gəncəmiz” və “Ümid çırağı” adlı mahnıların mətninin müəllifidir.

Asim Qaziyev 1949-cu ildə qrup yoldaşı Fəridə Əzimova ilə ailə həyatı qurub. Bir oğlu, üç qızları var. Oğlu və bir qızı həkim, bir qızı müəllim, o biri qızı jurnalistdir. Fəridə xanım 2004-cü ildə vəfat edib.

Şairin 100 illik yubileyi münasibətilə onun bir neçə şerini oxuculara təqdim edirik.

 

ÜRƏK O ÜRƏKDİR

əlli yaşın şeiri

 

Dostum, gəlib çatdım əlli yaşa mən,

Cavanlıq  dövrünü vurdum başa mən.

Yenə də baxıram gözə, qaşa mən,

Saçım ağarsa da, hələ deyil bəs –

Ürək o ürəkdir, həvəs o həvəs.

 

Aləmdir gözəlin hər xoş duruşu,

Alıb ixtiyarı, aparır huşu.

Nəğmələr oxuyur məhəbbət quşu,

Bu quş da ki olsa qocalıq, qəfəs –

Ürək o ürəkdir, həvəs o həvəs.

 

Vaxt ötür, dizlərdə taqət azalır,

Taleyim həyatdan payı az alır.

İndi bir danışmaq, bir baxmaq qalır,

Hər yetdə, hər zaman ucalır bu səs –

Ürək o ürəkdir, həvəs o həvəs.

 

Əlimlə silinib yamanlıq hisi,

Duyuram, seçirəm yaxşını, pisi.

Tükənməz ürəyin arzusu, hissi,

Bu sözü inanın, demirəm əbəs –

Ürək o ürəkdir, həvəs o həvəs.

 

Saflıq, vəfa, düzlük qalır canımda,

İnsanlıq, kişilik durur qanımda.

İstərəm dəmadəm olsun yanımda,

Alovlu bir baxış, isti bir nəfəs –

Ürək o ürəkdir, həvəs o həvəs.

 

Mən elə nə verdim, görənlər bilir,

Meyvənin dadını dərənlər bilir.

Bəxt bir yandan yazır, bir yandan silir,

Asim, aydın oldu, sözü burda kəs –

Ürək o ürəkdir, həvəs o həvəs.

 

ŞEIR YARANMAZ

Fikrə ürək qanı içirməyəndə,

Həyatı sinəyə köçürməyəndə,

Yuxusuz gecələr keçirməyəndə,

Şeir yaranmaz.

 

Dünyanın yüküdür sənətin yükü,

Çiyinə yatmasa zəhmətin yükü,

Vaxtında seçməsən hər tükdən tükü,

Şeir yaranmaz.

 

Duyğular dalğası gur olsun gərək,

Ürəkdə təbii nur olsun gərək,

Sözlərə odunu qatmasa ürək,

Şeir yaranmaz.

 

Məhəbbət əliylə çalınmasa sim,

Xəzinənin yerini bilməsə hər kim,

Söz düzüb mənasız, keçincə, Asim,

Şeir yaranmaz.

 

BAYATILAR

Əzizinəm yaradır,

Gül canımız yaradır.

Evimdədir dərmanım,

Sözüm təkcə yaradır.

 

Əzizinəm sinəsinə,

Yaşamaram sinə-sinə.

Nola hər söz, baxış, əməl,

Qəlbə yata,cana sinə.

 

Əzizizəm yarayar,

Təbib olub yara yar.

Hər addımda həyatın,

Dayaq olar yara yar.

 

Əzizinəm hecə məndə,

Gözlədim gecə mən də.

Torpaq yanar buludun,

Döşündən gec əməndə.

 

Əzizinəm sayanda,

Düz yol tutar, sayan da.

Bu könlümü könlün bil,

M\ni sadiq say anda

 

Təqdim etdi: Vasif SÜLEYMAN

Share: