Yaxşı kişinin yaxşı oğlu…

Yaxşı kişinin yaxşı oğlu…
Əliş Məhərrəmov- 65
Atası Cavad kişi rayonumuzun ötkəm, müdrik, sözü eşidilən, təəssübkeş, ağsaqqal kişilərindən biri idi. Necə deyərlər, dünyanın çətin vaxtlarında kənd mağazasına rəhbərlik etmişdi. Çox adama əl tutmuş, çox kasıbın ərzaq ehtiyacını ödəmiş, çox yetimin qəlbini sevindirmişdi. Elə ona görə də, vəfatından uzun illər keçsə də, bu gün də adı ehtiramla çəkilir, hörmətlə yad olunur. Ruhu şad olsun!..
Bəli, haqqında söhbət açmaq istədiyim Əliş Məhərrəmov da Cavad kişinin övladlarından biri kimi, onun süfrəsində böyüyüb boya-başa çatıb. Orta məktəbi əla qiymətlərlə bitirəndən sonra, o vaxtlar hər adamın daxil ola bilmədiyi Tibb Universitetinə qəbul olunub. Oranı müvəffəqiyyətlə bitirərək Cavadzadə adına Uroloji Xəstəxanaya göndərilib və orada professor Mirməmməd Cavadzadədən uralogiyanın sirlərini öyrənərək həkim cərrah-uroloq kimi yetişib. Qırx ilə yaxındır ki, eyni xəstəxanada çalışır…
…Yaxşı yadımdadır, orta məktəbdə oxuyarkən yay tətillərini Əliş həkimin doğulub böyüdüyü Yardımlı rayonunun Dəlləkli kəndində keçirirdim. Bəlkə də səkkiz-on yaşım olardı. Bir gün Əlişlə dostluq edən Bafadin dayımdan xahiş etdim ki, meşəyə oduna gedəndə məni də özüylə aparsın. Nə isə, Əliş, Bafadin, İdris adlı həmkəndliləri və biz- şəhərdən gələn bir neçə uşaq onlara qoşulub meşəyə yollandıq. Meşəyə çatmamış o vaxt yeniyetmə olan Əliş qayıdıb dedi ki, ilk dəfə meşəyə girən uşaqlar gərək ağzına sümük götürsünlər. Yoxsa, canavara yem olarlar. Qayda belədir. Biz uşaqlar da məcbur olub qarşımıza çıxan qoyun sümüklərini yaxınlıqdakı çayda yuyub ağzımıza götürdük. Meşədə bu yeniyetmələr bir-birinə nəsə deyib bizimlə məzələnirdilər. Axşam evdə bu hadisəni babama danışanda xeyli gülüb dedi ki, onlar sizi aldadıblar. Gərək deyərdin ki, ağzımda 32 ədəd sümük varsa, başqa sümüyə ehtiyac yoxdur. Bəli, ilk dəfə Əlişi belə tanımışam…
İndi o vaxtdan 50 ildən çox bir zaman ötüb. Əliş artıq ölkədə tanınan həkim-cərrahlardan biridir. Çox adamı ölümün pəncəsindən qurtarıb. Həm əli şəfalı cərrah və həm də bir şəxsiyyət kimi böyük nüfuz qazanıb. Xətrini istəyənlər də yetərincədir. Ümumiyyətlə, Əliş Məhərrəmov canlara dəyən adamdır. Təəssübkeş, səxavətli, süfrəsi həmişə açıq insandır…
Avqustun 21-i Əliş həkimin 65 yaşı tamam olur, yubileyidir. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayıram. Çox yaşasın!
Hörmətlə, Elman Eldaroğlu

Share: