Elə indicə dəfn mərasimində Anarın çıxışını izlədim…
Daha doğrusu, 2 dəqiqəyə sığan Anar böyüklüyünü!
Əslində, bu 2 dəqiqəlik çıxış bütöv Azərbaycan ədəbiyyatının sonuncu danışan dili idi!
Mən Anar, Elçin, İlyas Əfəndiyev…və s. adları ilk dəfə anamın dilindən eşitmişəm. Anam hər gün işdən gəlib gözünün acısını alanda,
-Gülüm, get kitab rəfindən əlini at hansı kitab çıxsa gətir, deyirdi.
Balaca barmaqlarımla bir-birinə kip yapışmış, sıx kitabların qalın üz qabığından dartışdırıb ən nazik kitabı çıxara bilirdim. Daha çox, “Geriyə baxma qocanı”…
Anam da hər dəfə eyni cümləylə narazılığını ifadə edirdi:
-Yenə, “Geriyə baxma, qoca”? Eybi yox. Olsun…
Elçinin kitabları qalın olurdu. Gücüm çatmırdı. İçindən xəbərim olmasa da, üz qabıqları diqqətimi çəkir, uşaq təxəyyülümdə onu film qəhrəmanı kimi canlandırırdım.
Mən elə bilirdim ki, nə Anar, nə Elçin real həyatda mövcuddur. Elə bilirdim, onlar haradasa var, yaşayır. Amma adi insanlar arasında, bizim kimi deyil, başqa bir dünyadadırlar.
Onların dünyasına yalnız Anar nəhəngliyində, Elçin boyda tək-tük adamlar sığır. Həmin dünyada bir-biri ilə öz dillərində danışır, buludların arasından, bizim kiçik dünyamıza baxıb vərəq-vərəq taleləri yazırlar!
Yoxdur səhvsiz insan!
Bu gün Anar ,hətta, əyilmiş qaməti ilə də AYB daxilində, xaricində və nəhayət uzaq-yaxın ətrafından ona çamur atan bütün boş çoxluqlardan daha ucadadır!Haqlı və ya haqsız, hər dövrdə mövcud olan intriqalara, düşmənçiliklərə rəğmən bunu etiraf edə biləcək qədər dürüstlüyə və ürəyə sahib olmaqdır əsil millətçilik, Azərbaycançılıq!
Nəzərə alsaq ki, bizim ölkədə hansısa kürsü sahibi haqqında bu etirafları etmək yaltaqlıqdır, bu illər ərzində mən də vətəndə ikən yaza bilmədiklərimi uzaqlarda könül rahatlığı ilə ifadə edirəm.
Bəli!Şopen, hazırda yaşadığım Polşa üçün kimdirsə, Anar Azərbaycan ədəbiyyatı üçün odur!
Anar Azərbaycan dilinin özüdür, özəyidir!
O, 2 dəqiqədə “edə bilmədiyi” çıxışla, illərdir Azərbaycan teleməkanında,radiolarında dilimizi şəkildən-şəklə salan “dil pəhləvanlarından” daha çox şey etdi. Əsl Azərbaycan dili, Ana dili, Anarın dilidir!
Böyük adam, dostluğunda da böyükdür!
Anar indi ən məhrəm hislərini bölüşəcək, dilini anlayacaq kimsəsiz dünyasında təkdir. Dost əmanətinin dost çiyninə sığındığı fotoya, Anar ölümdən qorxur, özü üçün ağlayır şərhini yazmışdı “bir”i…
Əbədi yaşarlar,ölümdən qorxmazlar. Anar hər bir halda yaşayıb, yaşayacaq!
Ən sevdikləri, ən dostları əbədiyyata köçən biri, bundan sonra o nəhəng dünyasında təmtək darıxacaq. Bu qədər səmimi, bu qədər insani…
Bu gün hamıdan çox Anar Elçinsiz qaldı!Bizimsə bircə Anarımız qaldı!
“Geriyə baxma, qoca”…Darıxma, Anar!
Allah rəhmət etsin, Elçin✍️
Günel Balakişi
(Polşa)
















