Mənalı ömrün səhifələri… -Leyla Məcidova yazır

Mənalı ömrün səhifələri… -Leyla Məcidova yazır

Yaşar müəllimdən söhbət düşəndə gözlərimizin önündə istedadlı yazıçı jurnalist , görkəmli ictimai-siyasi xadim və ədəbiyyatşünaslığa mühüm töhfə verən alim canlanır.İstər-istəməz düşünürsən ki, bir insan ömrü bu yükü daşıya bilməz.

 

Elə onun böyüklüyü ondadır ki, bu yükü ləyaqətlə daşıyıb.Hansı məhsul vəzifədə çalışıbsa , harada işləyibsə , qoyduğu silinməz izlərlə yadda qalıb.Ən önəmlisi budur ki, dillə deyə bilmədiyini qələmlə deyib.Qələmə aldığı publisist məqalələr həyatın ən aktual problemlərinə həsr olunub.Yaratdığı silsilə bədii obrazlar isə mənsub olduğu xalqın, millətin mili-mənəvi dəyərlərini , eləcə də babalardan bizə əmanət qalan xeyirxahlığı , humanistliyi , vətənpərvərliyi ilə yaşadır.Elə buna görədir ki, Yaşar müəllimin işıq üzü görən kitabları oxunur, sevilir və getdikcə daha geniş oxucu auditoriyası qazanır….
Yaşar Höccətulla oğlu Rzayev 7 aprel 1941-ci ildə Lənkəran şəhərində qulluqçu ailəsində anadan olub.Atası idarədə qulluqçu, anası isə uşaq bağçasında tərbiyyəçi işləyib.Lakin həyat hələ başlanğıcda onun üzünə gülməyib, atasını çox erkən yaşında itirib.Ailənin bütün yükü anasının çiyninə düşüb.Orta məktəbi bitirən Yaşar Rzayev Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub.Universiteti fərqlənmə diploma ilə bitirərək yerli qəzetdə işləməklə bərabər axşam məktəbində dil və ədəbiyyatdan dərs deyib.Eyni zamanda o, vaxtkı Ali Partiya Məktəbində müavin olub.Hələ Lənkəranda çıxan yerli “Leninçi” qəzetində işlədiyi zaman Lənkəran Şəhər Partiya komitəsində təlimatçı vəzifəsinə irəli çəkilib.Az sonra təşkilat şöbəsinin müdiri işləyib.Bu illər Respublikada xalq hərəkatının təşəkkül tapdığı dövrdə təsadüf edir.1989-cu ilin noyabr ayında Lənkəran Şəhər Partiya Komitəsinin plenumu keçiriləndə Mərkəzi Meydanda toplanan minlərlə Lənkəraninin tələbi ilə Bakıdan PCK. Tərəfindən göndərilən namizədi yox, məhz Yaşar Rzayevi partiya komitəsinin birinci katibi seçdilər.
1990-cı ilin yanvar ayı .Qarabağ məsələsini həll edə bilməyən o,vaxtkı Respublika rəhbərliyinə və Mərkəzi hakimiyyətə qarşı etiraz hərəkatı başlanmışdı.Yaşar Rzayev ordunun bu hərəkata müdaxiləsinin əleyhinə bəyanatla çıxış edib.Dövrü mətbuatda dərc olunan və efirdə səslənən bu bəyanatda deyilirdi: ”Lənkəranda yaranmış hazırki şəraitdə zor işlətməyi , hər cür hərbi müdaxiləni xalqın iradəsinə zidd hesab edirik.Xalq işi haqqdır və qalib gələcək “ (14 yanvar 1990)
Yaşar Rzayevin 17 may 1990-cı ildə Azərbaycan KPMK bürosunda cəsarətli çıxışı da çoxlarının yadındadır.Həmin çıxışda O, deyirdi”.İndi 90-cı ilin yanvarını xatırladınız.Onu həmişə minnət kimi boynumda saxlayırsınız, amma mən onda da düz hərəkət eləmişəm .Bilirəm həmin yanvarı mənim başımın üstündən Pomoklun qılıncı kimi asıbsınız və haçansa bu qılınc düşüb başımı kəsəcək.Mən hər şeyə hazıram….”
Hər yerdə hər zaman sözü açıq dediyinə , cəsarətli çıxışlarına görə Yaşar Rzayev bir müddət işsiz qalıb.Avqust 1992-ci ildən sentyabr 1993-cü ilədək isə Azərbaycan Müəllimləri Təkminləşdirmə İnstitutu Lənkəran filialının direktoru işləyib.
Yazar Rzayev 1993-cü ilin yayında Cənub bölgəsində Azərbaycanı parçalamağa cəhd göstəriləndə,müqavimət hərəkatının təşkilatçılarından biri olub, yaratdığı “Lənkəran “ cəmiyyətinin ətrafında ziyalılar və bir çox partiyaların yerli təşkilatları birləşərək separatçılara qarşı mübarizə apararaq geri çəkilməyib.Lənkəran Şəhər Sovetinin sesiyalarında və avqustun 12-də Mili Məclisdə Heydər Əlirza oğlu Əliyevin sədrliyi ilə keçirilən və Respublika televiziyası ilə yayımlanan müşavirədə Ümum rayon mitinqində kəskin, obyektiv çıxışları ilə seçilib.
1993-cü ilin sentyabr ayından 1995-ci ilin oktyabrınadək Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələləri üzrə müavini işləyən Yaşar Rzayevə sonra Lənkəranlılar tərəfindən daha böyük etimad göstərilib.O. Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.
Deputatlıq dövründə Milli Məclisdə 200-dən çox çıxışı olub.Eyni zamanda MDB Parlamentlərarası Assambleyasının üzvü kimi də səmərəli fəaliyyət göstərib.Beləki, Sankt -Peterburqda , Minskdə , Türkiyənin Samsun şəhərində (türk xalqlarının toplantısında ) çıxış edib.1990-cı illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı kimi , 1991-ci il avqustun 30- da Azərbaycanın müstəqilliyi haqqında Bəyanatında və həmin il oktyabrın 18-də qəbul edilən Dövlət Müstəqilliyi aktında Yaşar Rzayevin də imzası vardır.
2000-ci ildə Y.Rzayevin həyatında daha bir mühüm hadisə baş verir.O, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilir. 2003-cü ilədək bu vəzifədə çalışır, Lənkəranın sosial-iqtisadi inkişafına öz töhfəsini verir.İşlədiyi müddətdə onun kabineti həmişə sakinlərin üzünə açıq olub.Ayrı-ayrı kəndlərdə , qəsəbələrdə keçirdiyi görüşlərdə rayonun bir çox problemləri öz həllini tapıb.
Yaşar Rzayev hər şeydən əvvəl istedadlı , respublikada tanınmış yazıçı-jurnalistdir..Hələ rayonda çıxan”Leninçi” qəzetində işləyəndə fərdi yaradıcılıq üslubu ilə fərqlənir, mübariz , kəsərli , ən aktual problemlərə həsr olunmuş publisistikası ilə diqqəti cəlb edirdi.Onun bədii yaradıcılıq sahəsində parlayan istedadı da məhz həmin illərə təsadüf edir.Povest və hekayələri “ Azərbaycan “, “Ulduz” , “Söz” ədəbii bədii jurnallarında dərc olunub.
Xüsusilə, yazıçının “Dünya mənim” romanı, “Yay əhvalatı” , “Vlinin kupletləri” , “Palatanın tavanı ağappaqdır” , “Sözsüz mahnı” , “Ana ömrü” və s.hekayələri Azərbaycan bədii nəşrinin gözəl nümunələridir.
Yaşar Rzayevin çoxcəhətli fəaliyyətində elmi -pedoqoji sahə də mühüm yer tutur.O, Filologiya Elmləri Doktorudur.”Milli azadlıq şüarının formalaşmasında Azərbaycan Ədəbiyyatının rolu “ (1960-1980-cı illər ) mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.Eyni zamanda “Azərbaycan romanı siyasi -ideoloji proseslər və milli-mənəvi ideallar kontekstində (1930-1950-ci illər)” adlı doktorluq dissertasiyasını yazıb.45 elmi məqalənin , 200-dək müxtəlif məqalələrin , oçerk və reportajların , publisistik yazıların , rzenziyaların , tərcümələrin müəllifidir.
Ümumiyyətlə, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü olan Yaşar Rzayevin 13 bədii kitabı işıq üzü görüb.
Hazırda elmi və bədii yaradıcılığını davam etdirən Yaşar Rzayev artıq 85 yaşını arxada qoyub.Mənalı ömrünün hər bir səhifəsi Lənkəranın tarixində silinməz iz buraxıb.Başqa sözlə desək , onun həm ədəbii-publisistik , elmi , həm də ictimai -siyasi fəaliyyəti boya-başa çatdığı , mavi Xəzərin kövrək laylasını dinlədiyi Cənub mirvarisi sayılan bu torpağın şöhrətinə şöhrət qatıb.Yeni yaşında Yaşar müəllimə uzun ömür, can sağlığı arzulayıram.
Azərbaycanın sayılıb seçilən ziyalısı, istedadlı yazıçı-jurnalist, Filologiya Elmləri Doktoru , ömrünün çoxunu ictimai-siyasi fəaliyyətə həsr etmiş , Yaşar Rzayevin 85 illiyi münasibətilə yazdığım aşağıdakı şeri də bu qeydlərimə əlavə edirəm:

Ömrün yüzü də var…..

Böyüdün Lənkəran havası ilə ,
Uyudun Xəzərin laylası ilə.
Doğma el -obanın qayğısı ilə
Keçib qışın, yazın ay Yaşar müəllim.

Bərəkət görmüsən sən yağışında,
Duydun yaz havası,payız, qışında.
Doğma Lənkəranın hər qarışında
Var pozulmaz izin,ayYaşar müəllim.

Bərkiyib polad tək canın bu yerdə,
Saflaşıb, durulub qanın bu yerdə.
Mənasız ötməyib,anın bu yerdə,
Fəqət ağdır üzün,ayYaşar müəllim.

Bir ömrü bölsəndə sən neçə yerə,
Fəqət pay vermədin əsən yellərə.
Qürurla baxırsan ötən illərə,
Çin olub hər arzun, ay Yaşar müəllim.

Durur kitabların bu gün yan -yana,
Borclu qalmamısan ötən zamana.
Deməyə hələ də Xan Lənkərana
Bitməyibdi sözün, ay Yaşar müəllim.

Görsən də zamanın hər gərdişini ,
Fəqət pozmayıbsan öz vərdişini.
Arxada qoysan da səksən beşini,
Öndə durur yüzün,ay Yaşar müəllim.

Leyla Qadir qızı Məcidova
Lənkəran Dövlət Universitetinin Dosenti,
Tarix Üzrə Fəlsəfə Doktoru,
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin Direktoru

Share: