Beşiyinnən məzaracan insanın Həyatının tüm mənası bəllidi

Beşiyinnən məzaracan insanın Həyatının tüm mənası bəllidi

Bəllidi

Beşiyinnən məzaracan insanın
Həyatının tüm mənası bəllidi.
Nə yaşadı, nə yaratdı, nə umdu,
O üz, bu üz təmənnası bəllidi.
.
Ad yazanın sinəsidi bu dünya,
Yurd quranın binəsidi bu dünya.
Küpəgirən çənəsidi bu dünya,
Harda gəzib dolanması bəllidi.
.
Ağlı dayaz olar özün öyənin,
Gözü doymaz gördüyünü yeyənin.
Dünya quyruq, tamah bıçaq- deyənin
Hansı oda qalanması bəllidi.
.
Öz oxu var, kamanı var hər yayın,
Yazısı var hər qismətin, hər payın.
Bircə haram daşı olan sarayın,
Ya tez, ya gec talanması bəllidi.
.
Haqqı görüb nahaq yozan kəslərin,
Ağı qoyub, qara yazan kəslərin,
Hiylə qurub, quyu qazan kəslərin,
Quyulara salınması bəllidi.
.
O kimiydi qismətindən yuxarı,
Kim dəyişdi məcraları, axarı…
Dünya özü yazdı gəlir- çıxarı,
Verilməsi, alınması bəllidi.
06. 09.2017
Share: