20 iyul Yavru Vətənin Zəfər Günü

20 iyul Yavru Vətənin Zəfər Günü

20 iyul tarixində şanlı Türk ordusu Kiprdə zülm və istibdada son qoyaraq, tarixə daha bir şərəfli zəfər möhürü vurdu. 1974-cü ildə gerçəkləşən Kıbrıs Barış Hərəkatı bu gün etibarilə 51-ci ildönümünü qeyd edir.

Hərəkat, sadəcə hərbi əməliyyat deyil, eyni zamanda Kipir Türklərinin varlığını, azadlığını və hüquqlarını qorumaq naminə atılmış strateji və ədalətli bir addım idi.
Türkiyənin o dövrkü Baş naziri Bülənt Ecevitin qətiyyəti və siyasi iradəsi bu tarixi dönüş nöqtəsinin əsas aparıcı qüvvələrindən biri oldu. Onun rəhbərliyi ilə reallaşan bu əməliyyat Türk tarixi üçün önəmli bir hadisə olmaqla yanaşı, regionun geosiyasi xəritəsini də dəyişdirdi.
Bu gün Şimali Kipr hələ də beynəlxalq aləmdə haqsız yerə təcrid olunmuş durumdadır. Lakin son illərdə Azərbaycan və Türkiyənin birgə diplomatik səyləri nəticəsində Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) həm Türk Dövlətləri Təşkilatı, həm də İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində müşahidəçi statusu ilə beynəlxalq platformalarda təmsil olunmağa başlayıb. Bu, mühüm bir başlanğıcdır və digər türk dövlətləri də “Yavru Vətən”in yanında olduqlarını daha qətiyyətlə bəyan etməlidirlər.
Şimali Kiprin hüquq və haqları tanınmalı, bu dövlət dünya birliyində layiqli yerini almalıdır.
Bu anlamlı gündə Kıbrıs uğrunda şəhid olmuş qəhrəmanlarımızı dərin ehtiram, sayğı və minnətlə anırıq. Barış və İstiqlal Günün mübarək olsun, Yavru Vətən!
Samir ƏSƏDLİ
Share: