Azərbaycanda kişiləri “idarə edən” qadınlar… — Videomüsahibə

Azərbaycanda kişiləri “idarə edən” qadınlar… — Videomüsahibə

Uzun illər sonra Azərbaycan futbolunda qadın hakimlər yaşıl meydanlarda söz sahibi oldu. Birinci divizionda keçirilən “Qarabağ-2” və “Turan Tovuz-2” komandaları arasında keçirilən matçda onlar fit çaldılar.

Binə qəsəbəsinin stadionunda keçirilən qarşılaşmada qadınların idarəçiliyi sosial şəbəkələrdə də səs-küy yaratdı. Xanım hakimlərimiz Fəridə Lütfəliyeva (baş hakim), Sevda Nuriyeva və Gülnurə Əkbərzadə (yan xətt hakimləri) futbolsevərlərin diqqətindən qaçmadı.

Məhz bu idarəçilikdən sonra onlar Premyer Liqa oyunlarına da təyinat aldılar. Sevda Nuriyeva və Gülnurə Əkbərzadə “Qarabağ” – “Turan Tovuz” matçının yan xətt hakimləri oldular. Fəridə Lütfəliyeva isə “Neftçi” – “Sabah” qarşılaşmasında 4-cü hakim funksiyasını yerinə yetirdi.

Uzun müddətdir aşağı liqalarda ədaləti qoruyan xanımlarımız “Qafqazinfo”ya müsahibələrində peşəkar klublar səviyyəsinə yüksəlməyi böyük uğur adlandırıblar.

Fəridə Lütfəliyeva deyir ki, hakimliyə xalası oğlunun sayəsində gəlib: “Futbola məni xalam oğlu cəlb etdi. O, FİFA hakimi idi və AFFA-da işləyirdi. Gəldim, məşqlərə, dərslərə getdim və bəyəndim. Hakimliyi öyrəndikcə, başa düşdüm ki, davam etməyə dəyər. Bugünə qədər hakimlikdə olduğuma görə peşman deyiləm və bundan sonra da davam edəcəyəm. Bundan əvvəl digər idman növləri ilə məşğul olurdum. Amma orada davam etməməyimin səbəbi digər növlərə hobbi olaraq yanaşmağımdır”.

Referi “Qarabağ-2” – “Turan Tovuz-2” oyunundan sonra yaşananları belə təsvir edib: “Təyinatı alanda düşünürdüm ki, maraq olacaq, amma bu dərəcədə olacağını düşünürdüm. Sosial şəbəkələrdə, saytlarda yazdılar. Uzun müddət ünsiyyət qurmadığım insanlar belə mənə yazmağa başladı. Deyirdilər ki, mən artıq tanınmış biriyəm və mənimlə qürur duyurlar. O insanların mənimlə qürur duymağı futbola daha çox həvəsləndirdi”.

Sevda Nuriyeva isə uşaqlıqdan futbol oynadığını bildirib: “Mən əvvəllər futbol oynamışam və hər zaman bu idman növünə marağım olub. Atam da, anam da hər zaman bu yolda mənə dəstək olub. Hakimliyə gələndə təzyiqlər olacağını bilirdim. Birinci Diviziona təyinat alanda da tribunalardan təzyiq olacağını bilirdik. Amma bunu gözə almışdıq”.

Gülnurə Əkbərzadə də Premyer Liqada “Qarabağ” – “Turan Tovuz” matçındakı idarəçiliyindən və çətinliklərdən söz açıb: “Təbii ki, həyəcan var idi. Çünki Premyer Liqa matçıdır. Oyun çətin keçdi, sürətli oldu. Mənim qaldırdığım ofsayd zamanı qol oldu, sona qədər gözlədim, amma düzgün qərar verdim. Düşünürəm ki, yaxşı qarşılaşma oldu. Sürət baxımından əlbəttə ki, çətinlik olurdu. Çünki qadınla kişi sürəti eyni deyil. Həm də ki, aşağı liqalarda müqayisədə burada ab-hava tamam başqa olur. Əlimdən gələn hər şeyi etdim”.

Elsevər Məmmədov

Foto-Video: Pərvin Zeynal


Share: