Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emreli Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda evdə “Zalsburq”la oyun üçün iştirak ərizəsində yer alacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç matçdan öncə təşkil olunan mətbuat konfransında məlumat verib.
O, millimizin üzvünün görüş üçün iştirak ərizəsində olacağını bildirib.
Ancaq mütəxəssis Mahiri oynadıb-oynatmayacağını söyləməyib.
Qeyd edək ki, FİFA millimizin üzvünün sabiq klubu “Legiya” qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün futbolla bağlı bütün fəaliyyətinə qadağa qoymuşdu. Qərara görə “Legiya”dan qalmaqallı şəkildə ayrılan Emreli Polşa klubuna 100 min avro ödəməli idi. Ötən gün oyunçu Varşava təmsilçisinə borcunu ödədikdən sonra FİFA qərarı ləğv edib.
Əlavə edək ki, sabah keçiriləcək “Dinamo” – “Zalsburq” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında 3-cü turda Avstriyada keçirilən ilk görüşdə Xorvatiya klubu 0:1 hesabı ilə uduzub.
















