Fəzail İbrahimli Cəlilabadda şəhid mərasimlərində iştirak etdi

Milli Məclisin sədr müavini Fəzail İbrahimli Cəlilabadda şəhid mərasimlərində iştirak edib

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçularının xatirəsi ölkənin hər yerində ehtiramla yad edilir. Bu gün şəhidlik zirvəsinə ucalan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət etmiş hərbi qulluqçusu, əsgər Nəbiyev Hüseynalı Hikmət oğlu Cəlilabad rayonunun Bəcirəvan kəndində torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində Milli Məclisin sədr müavini Fəzail İbrahimli, rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, qazilər, müharibə veteranları, kənd sakinləri və şəhidin doğmaları iştirak etmişlər. Mərasimdə Azərbaycanın Dövlət Himni səsləndirilib, tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı Hüseynalı Nəbiyevin atasına təqdim edilib, şəhidin xatirəsinə yaylım atəşı açılıb.

Bu gün həmçinin vitse-spiker Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan 20 yaşlı əsgər Kəlbiyev İsa Rəhim oğlunun dəfn mərasiminə qatılıb.

Şəhidlə doğulduğu Cəlilabad rayonunun Göytəpə şəhərində vida mərasimi keçirilib.Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdən sonra şəhid Göytəpə şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Milli Məclisin sədr müavini F.İbrahimli həmçinin Cəlilabad rayonu Vənlik kəndində DSX-nin giziri, şəhid Məmmədov Nahid Hüseynağa oğlunun, Əsədli kəndində baş gizir Məmmədov Nahid Hüseynağa oğlunun və Alar kəndində əsgər Qasımov Rəşad Ənvər oğlunun 3 mərasimində iştirak etmiş, şəhidlərin yaxınlarına başsağlığı vermişdir.

Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik! Vətən sağ olsun!

Müstəqil.az

Share: