Müəmmalı davranış…

Tarix elmləri namizədi, BDU-da Türk və Qafqaz xalqları tarixi kafedrasının dosenti Altay Göyüşovun Facebook sosial şəbəkəsində saat 12:38 dəqiqədə paylaşdığı “Belə baxıram ki…” cümləsi ilə başlamış statusunda Müzəffər Azərbaycan Dövləti və Ordusunu təcavüzkar adlandırdığı yazını oxuyub öz mövqeimi bildirdim.

Məni yaxından-uzaqdan tanıyanlar çox yaxşı bilirlər ki, hər zaman öz tənqid və etirazımı yalnız etika və mədəniyyət çərçivəsində qarşı tərəfə təqdim etməyə çalışıram. Dosent Altay Göyüşova da, eyni qaydada tənqidimi yazdım. Bildirdim ki, öz Vətəni və Dövlətinə bağlı olan heç bir özgür insan və ləyaqətli alim belə bir sözü düşüncəsindən belə keçirməməlidir. Buna görə təəssüf edirəm…
Bəlkə də, heç 5 dəqiqə keçməmiş həm statusa yazdığım rəy silindi, həm də onun profilinə girişim bloklandı!!!
Əslində mən onu Facebook məkanında heç izləmir, paylaşdığı statusları da oxumurdum. Məlum statusunu isə dostlardan biri mənə yollamışdı. Ölkəmizdə çalışqan və aktiv tarixçilərdən biri olduğuna görə fikirləri ilə tanış olmaq mənə maraqlı gəlmişdi…
Doğrudan da, çox qəribə və müəammalı davranışdır. Əgər mən özümü alim, mütəfəkkir, siyasi təhlilçi və s. sayaraq ümumi (sosial) məkanda doğru bildiyimi paylaşıramsa, nədən etik çərçivədə mənə yazılan tənqid rəylərinə qarşı bu qədər həssaslıq və qısqanclıq sərgiləməliyəm?
Balaca bir tənqidi fikirə qarşı belə bir hiddət və acıq göstərən şəxs Dövləti və Hökuməti bu sahədə necə ittiham edə bilər? Axı sosial şəbəkə məkanında etik çərçivədə tənqidi fikir yürüdənlər deyil, əsasən əxlaqsız, tərbiyəsiz və pozğun istifadəçilər bloklanmalıdır. Lakin fərqli düşüncədə olanların səsini kəsmək, məhdudiyyət qoymaq və bloklamaq heç bir ziyalı və mütəfəkkir alimə yaraşan iş deyil.
Sizin tənqidlərinizin son hədəfi ölkədə azad düşüncə və demokratiyanın mövcud olmamasıdırsa, elə siz özünüz ilk növbədə bu hərəkətinizlə əsil qeyri-demokrat, əsil totalitarist, həmçinin dözümsüz və qeyri-tolerant bir insan olduğunuzu hər kəsə sübut edirsiz.
Bu baxımdan, dosent Altay Göyüşovun həm Azərbaycan Dövləti və Ordusunu təcavüzkar adlandırması, həm də, uyğun fikirinə görə etik çərçivədə onu tənqid edənləri bloklaması çox təəssüf doğurur…

İlqar İsmayılzadə

Fəlsəfə üzrə fəlsəfə doktoru,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü və “Həməşəra” mətbu orqanının baş redaktoru
14.09.2022

Share: