“Arabir dünyama şeir çilədim…”-Aynur HAQVERDİ

Aynur HAQVERDİ

 

ƏSİR XƏFİF PAYIZ MEHİ…

Əsir xəfif payız mehi,

Rəqs eyləyir quru otlar.

Göydən yerə baxır Günəş,

Tamaşaya dönür diyar..

 

Bu sevincə şərik çıxan,

Yerə düşmüş qoz yarpağı.

Xışıldayıb həzin-həzin,

Qucaqlayır hey torpağı.

 

Əzizimsən deyə-deyə,

Dəli kimi öpür yeri.

Üstəlik də söyləyir ki,

Darıxmışdım yaydan bəri.

 

Nə yaxşı ki, gəldi payız,

Yorulmuşdum şən günlərdən.

Həyatımız qəribədir,

Səadət də yorur hərdən.

 

Fərəh dolu yaydan bezib,

Qəmli payız gəlsin dedim.

Geri gəlməz o anların,

Bilirəm ki, haqqın yedim.

 

QƏLBİNDƏ BÖYÜYƏN VƏTƏN SEVGİSİ

Qəlbində böyüyən vətən sevgisi,

Bütün varlığını sardı, Mübariz.

Qarabağ eşqilə vuran qəlbinə,

Qurd cüssəli köksün dardı, Mübariz.

 

Canından çox sevdin ana Vətəni,

Tərtərdə məhv etdin xain düşməni.

Erməni çətin ki, unudar səni,

Həmlən məqsədinə vardı, Mübariz.

 

Şücaət göstərdin haqq savaşında,

Silinməz iz qoydun düşmən başında.

Milli Qəhrəmansan bu gənc yaşında.

Adın düşmən bağrı yardı, Mübariz.

 

Mərdliyin düşmənin qəddini bükdü,

Düşmənin qəlbinə qorxu, vay çökdü.

Bir aslan yüz iti dağıtdı, tökdü.

Təkcə bu düşmənə ardı, Mübariz.

 

Səndən qəhrəmanlıq qaldı yadigar,

Dillərdə gəzirsən hey diyar-diyar.

Qəlblərdə hörmətlə tutmusan qərar.

Adın haqdan gələn cardı, Mübariz.

 

Sənintək qəhrəman az görüb bəşər,

Hünərin minlərlə igidə dəyər.

Allahı sevərək göstərdin hünər.

Allah şəhidlərə yardı, Mübariz.

 

Aynurçün əzizdir türk elli qadın,

Qibtə mənbəyisən dostların, yadın.

Dağlardan ucadır şərəfli adın.

Düşmənin ad-sanı xardı, Mübariz.

 

DOYUNCA BAXMADIM GÜLƏ, ÇİÇƏYƏ…

Doyunca baxmadım gülə, çiçəyə,
Nəğmə oxumadım bir kəpənəyə,

Zövqlə baxammadım quşa, böcəyə,

Heç qanad vermədim bircə diləyə,

Yenə təlatümsüz gəlib keçdi yay.

 

Dadın çıxarmadım yenə də fəslin,

Bir quşa demədim hardandır əslin,

Haradan gəlibsən, Haradır elin?

İstəsəm bilərdim quşların dilin,

Yenə təlatümsüz gəlib keçdi yay.

 

Nə gölə, nə çaya bir an baxmadım,

Güllərdən saçıma çələng taxmadım.

Toylarda əlimə xına yaxmadım,

Şimşəktək səmada niyə çaxmadım?

Yenə təlatümsüz gəlib keçdi yay.

 

İstəsəydim növ-növ güllər açardım,

Uşaqtək çəməndə hər gün qaçardım.

Dünyaya Günəştək sevinc saçardım,

Qartaltək səmada qıyla uçardım,

Yenə təlatümsüz gəlib keçdi yay.

 

Soyuq təkliyimdə heç darıxmadım,

Kölgəyə qısıldım, günə çıxmadım.

Ana təbiətin əlin sıxmadım,

Tənhalıq sevgimi yerə yıxmadım,

Yenə təlatümsüz gəlib keçdi yay.

 

Özümü otağa məhkum eylədim,

Üzümü yenə də yaydan gizlədim.

Yaxşını, yamanı gizlin ələdim,

Arabir dünyama şeir çilədim,

Yenə təlatümsüz gəlib keçdi yay.

 

Qapımda dayanıb işarır payız,

Ona da sözümü deyim bir ağız.

Ey payız, sən, yaman arsızsan, arsız.

Səndən də yan qaçır şeir yazan qız,

Yenə təlatümsüz gəlib keçdi yay.

 

 

Share: