Mən seçimimlə, dənizçı olmağımla fəxr edirəm

Müstəqil.Az -ın DSD İB – yi ilə birgə hazırladıqları “Dənizçi həyatı” lahiyəsinin budəfəki qonağı veteran dəniçi- şair, AYB üzvü,  Dəniz Nəqliyyat Donanmasının keçmiş böyük mexaniki Seyidməmmədov Səxavət Ənvər oğludur

–  Səxavət müəllim, sizinlə axır ki, görüşümüz baş tutdu, necəsiniz?
– Çox sağ olun, Faiq kapitan, yaxşıyam. Dostlar sağ olsun, ölkəmiz var olsun…

– Sizinlə “Dənizçi həyatı” layihəsində həmsöhbət oluruq. Ənənəvi olaraq, sizdən də xahiş edirəm ki, özünüz haqda  oxuculara bir qədər məlumat verəsiniz.
– Mən Seyidməmmədov Səxavət Ənvər oğlu 1964-cü ilin mart ayının 5-də  Quba rayonunun Qımıl kəndində anadan olmuşam.
1971-ci ildə həmin kənddə orta məktəbin birinci sinfinə getmişəm, 1981-ci ildə  orta məktəbi bitirmişəm. Elə həmin ildə də  Qafur Məmmədov adına Bakı Dəniz Yolları məktəbinin “Daxili yanma muhərriklərinin istismarı” fakultəsinə daxil olub, 1984-cü ilin dekabr ayında oranı mexanik ixtisası üzrə bitirmişəm.
1985-ci ilin yanvar ayindan Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində müxtəlif vəzifələrdə işləməyə başlamişam. 2003-cü ildən böyük mexanik vəzifəsində çalışmışam. 2010-cu ildə Xəzər Dəniz Gəmiçiliyindən ayrılıb 2018-ilə kimi Türkiyənin ayrı-ayrı Gəmi Şirkətlərində baş mexannik vəzifəsində dunyanın bir çox sularında üzən gəmilərdə işləmişəm. Hal-hazırda sağlamlığımda olan qüsurlara görə işləyə bilmirəm, təqüddəyəm. Ailəliyəm iki övladım, beş nəvəm var.

Açıklama yok.
– Səxavət müəllim, uzun illərdir dənizçilik fəaliyyəti ilə məşgul olmusuz, deyin heç yorulmadıniz ki?
– Xeyr, yorulmadım, çətin peşə olsa da mən zövq almışam. İlk gündən də bu işə ömrümü bağladığım üçün peşimanlıq hissi keçirməmişəm. Hər zaman ruh yüksəkliyi ilə çalışmışam.
– Bildiyimiz kimi bədii yaradıcılıqla da məşğulsuz. Bir neçə kitab müəllifisiniz. Poeziya sizin ücun nədir?

-Bəli, yaradıcılıqla da məşğulam. Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvüyəm. “Ənvəroğlu” təxəllüsü ilə yazıram. Şeirə, ədəbiyyata, yazıb-yaratmağa kiçik yaşlarımdan böyük həvəsim olub. Altı şeirlər kitabının müəllifiyəm. Hal-hazırda nəşrə hazırladığım irili-xırdalı maraqlı bir hekayələr kitabının üzərində çalışıram. İnşallah, yaxın aylarda işıq üzü görəcək. 2024-cü ilin ilk aylarında isə yeni şeirlər kitabını nəşr etdirməyi planlaşdırmışam.
Doğrusunu söyləsəm poeziya mənim üçün ruhun qidasıdır. Bəzən elə hallar olur ki, hətta yeməyin zamanını unuduram. Gecələr yuxudan ayılıb şeir yazdığım vaxtlar da az olmayıb.
– Dəniz və ədəbiyyat, hansı sizi daha çox öz aurasında saxlayır?
-Mənim üçün onların arasında qarşılıqlı vəhdət olub və indi də vardır. Hərdən düşünürəm ki, dənizçi olmasaydım yazıb-yaratmağa zamanım çatmazdı, ona görə də şeiri dənizə, dənizi həyatıma bağlamışam. Məni gündəmdə saxlayan dənizçılık hisslərim və yaratdığım əsərlərdir.

Açıklama yok.
– O zaman şeirlərinizdə dənizin tərənnumü sizin ücun çətin olmaz…
– Elədir, dənizi tərənnüm etmək mənim üçün çox asandır,  adi və sadədir. Belə demək doğrudursa, mən ömrümü o mavi sularardan, şıltaq, dəlisov ləpələrdən, coşan küləklərdən kənar görməmişəm, dənizçi həyatıma belə başlamışam, dənizi, onun qırçın ləpələrini, fırtınalı anlarını  incəliklərinə kimi hiss etmişəm, duymuşam. Bu yaxınlarda dəniz sahilinə getdiyimdə hiss etdiyim, düşündüyüm duyğularla kövrəlib bir şeiri yazdım.

Açıklama yok.

-Mümkünsə, yaddaşınızda qalıbsa, şeiri oxucularımız üçün təqdim edərdik.
– Əlbəttə, mümkündür, Şeir duyğusal bir ovqat şeiridir, “Kövrəlirəm” adlanır.

Bir zamanlar sularında
Hey üzdüyüm mavi dəniz,
Sahilində oturmuşam,
Tənha, yalqız  və kimsəsiz.
Həzin-həzin meh əsdikcə
Mən pərişan, o gülərüz…
Pıçıldaşan ləpələri seyr edirəm,-
Kövrəlirəm…

Sanki dəniz dilə gəlib,
Dalğalarla nəsə deyir.
Al günəşin şəfəqini
Ağuşunda əzizləyir.
Köpüklənən ləpələr də,
İlğım kimi hər tərəfə,
Damcıları səpə-səpə
Bərq vuraraq dağıldıqca

Bu ecazkar mənzərəni

seyr edirəm,-
Kövrəlirəm…

İntizarda güman yerim
Ləpədöyən sahil olub.
Sevgisini uman yerim,
Bir nazənin gözəl olub.
İndi isə xatirələr təlatümlü,
Dəniz baxıb gülür mənə.
Duyğularım fəryad edir,
Xəyal edib ötən günə

ləpələrin izi ilə hey dönürəm,
Kövrəlirəm…

Qazandığım qəm, qüssəyə
Sirdaş olub, gün sürürəm.
Göy sulara baxa-baxa
O sularda
Taleyimi mən görürəm.
Öz-özümü qınayaraq
Elə bil ki, yol gedirəm,

kövrəlirəm.

Yaddaşımdan silinməyən,
Bir vaxt qədri bilinməyən
Günlər keçir göz önümdən
Kövrəlirəm,
İmdad edib bu günümdən
Kövrəlirəm…

– Gözəl şeirdir, var olun, demək, keçmiş dənizçi ifadəsi yanlışdır, Siz bu gün üzməsənizdə əsl dənizçisiniz.Bu gün də dənizçi ömru yaşayırsız, dənizçi həyat sizin ücun necə bir həyatdır?
-Dənizçi ömrü yaşamaqda elə bir fərq görmürəm. Sadəcə bəzi fərqli amilləri misal gətirə bilərəm. Məsələn, dənizçilərin dostluqda sədaqətli olmaları, verilən tapşırıqlara vaxtında əməl etmələri, sözü bütöv olmaları, doğmalarını, əzizlərini həddən çox istəmələri və ən əsası mənsubiyyətindən asılı olmayaraq ətrafındakılara hörmətlə yanaşmaları və dəyəndirmələridir.

Açıklama yok.
– Yaxşı, deyin bu illər ərzində dəniz sizə nə verdi, nələrdən məhrum etdi?
-Dənizin istədiyim bütün arzuların yerinə yetməsində böyük və əsas rolu olub. Mən bütün sağlam gəncliyimi və həyatımı, ömrümün ən gözəl anlarını oradan qazandığım müavinətlə qurmuşam. Və bu günə kimi də fəxr edirəm ki, seçimimdən, yəni dənizçı olmağımdan narazı olmamışam. Dünyanın hər tərəfini, ekvator boyu, həta ekvatordan aşağı dəfələrlə keçib, gəzib dolaşmış bir adamı dəniz nədən məhrum edə bilər ki? Həyatda nəyə nail olmuşamsa, onların hamısını mənə dəniz verib.
– Dənizçi ömrünün macəraları da az olmur. Bəlkə oxucular ücun nələri isə xatırlayasınız.
-Əlbəttə, macəralar sonsuz və tükənməzdir. Onları günlərlə, aylarla danışıb qurtarmaq olmaz. Lap qısa bir hadisəni söyləyə bilərəm.
Rumıniyanın Braila şəhərində Dunay çayının üzərindəki limanda dayanmışdıq. Yeni il bayramı axşamı olduğundan bir dostumla şəhərə getməyi qərarlaşdırdıq. Bir az da bayram əhvallı olduğumuzdan bayırda yağan qara məhəl qoymadan piyada 4 – 5 km yolu qət etdik.
Şəhər restoranlarının birində təkrar bayram həzzini çıxardıb bayıra çıxdığımızda hər tərəfin ağappaq qalın qar yorğanına büründüyünü görüb taksi olmayacağını bilərək bir az məyus olsaq da, gəldiyimiz kimi geri qayıtmalı olduq. Liman ərazisi çay boyunca olduğundan limana giriş qapısından gəmiyə xeyli yol var idi. Dostumla söhbət edə-edə getdiyimdə birdən onun yanımda olmadığını hiss etdim. Ətrafımda küləklə sovrulan qardan başqa heç nə olmadığını hiss etdikdə narahat olmağa başladım. Külək yavaşıyan anda zarıltı ilə ufuldayaraq məni köməyə çağıran dostumun səsini eşitdim. Dəlilər kimi yerimdə o tərəf, bu tərəfə qaçsam da onun yerini təyin edə bilmədim. Birdən dispetçer qülləsinin yanından qaça-qaça iki nəfərin gəldiyini gördüm. Məndən 2-3 metrə aralıqda əyilib qapağı açıq qalmış qovşaq xəndəyindən dostumu qaldırdılar. Onu çıxardanlara məhəl qoymayaraq heç nə olmamış kimi üst başının qarını təmizləyərək yeriməyə davam etdi. Necə oldu, haran ağrıyır sualına gülərək cavab verdi ki, nə yaxşı ki yaxşı vurmuşdum, ağrını hiss etmədim, dedi.

Açıklama yok.
– Gəmiçiliyinin bu günkü durumu  peşəkar dənizçi olaraq sizin nəzərlərinizdə necə görünur?
– Gəmiçiliyin bu günkü vəziyyəti olduqca qənaətbəxş və perespektivlidir.
5 il, 10 il bundan əvvəlki vəziyyəti nəzərə alsaq görəcəyik ki, bu günün tələblərinə uyğun olaraq müavinətlərdə, dolanışıqda nə qədər böyük fərq vardır. Gəmiçilik durmadan inkişaf edir. Ən böyük uğur kimi gəmiqayırma sahəsinə olan töhfələr və özünün inşa etdiyi donanmanı doldurmaq üçün yeni tələblərə uyğun kiçik və iri həcmli gəmilərin inşasıdır. Adam qürur hissi duyur və hiss edirsən ki, orada sənin də zəhmətin var.
-Daha yaxşi olmaq ücun daha nələr etmək gərəkir?
-Daha yaxşı olmaq üşün, yaşa baxmadan bacardığını, əlindən gələni əsirgəməyəcəksən, gənc nəsli ruhlandıracaqsan, mütəxəsislərin yetişməsinə kömək etməlisən. Bir də ki, qısa, lakonik bir cavab verərdim. Alın tərimiz gələcəyəmizdir, gələcəyimiz üçün alın btərimizi axıtmalıyıq.

Söhbətləşdi: Faiq Balabəyli

Share: