1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü – Güllü Eldar Tomarlı yazır

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü – Güllü Eldar Tomarlı yazır

DİLİMİZ – MİLLİ KİMLİYİMİZ, VARLIĞIMIZ
VƏ QÜRUR MƏNBƏYİMİZ

Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.
Heydər Əliyev

Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar gün ana dilimizin saflığını qorumağın, onu yaşatmağın və gələcək nəsillərə olduğu kimi ötürməyin nə qədər mühüm olduğunu bir daha xatırladır.
Azərbaycan dili anamızın laylasıdır, xalqımızın ruhudur, milli kimliyimizin ən müqəddəs rəmzlərindən biridir. Dilimizin saflığını, zənginliyini və gözəlliyini qorumaq hər bir azərbaycanlının mənəvi borcudur. Başqa dilləri öyrənmək böyük üstünlükdür, lakin öz ana dilini, ədəbiyyatını və milli kökünü bilməyən insan heç bir dili kamil şəkildə mənimsəyə bilməz.
Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Təşəkkülü miladdan əvvəlki dövrlərə gedib çıxan bu dilin ifadə zənginliyi, axıcılığı və sadəliyi, səlist ahəngi onu dünyada ən şirin dillərdən biri kimi tanıtmış, şöhrətləndirmişdir.
Ana dili bizim üçün müqəddəs dildir, ömrümüzü mənalandıran, xəyallarımızı qanadlandıran, dostumuza məhəbbətlə, düşmənimizə nifrətlə səslənən bir dildir. Ana dili bizim varlığımız, vüqarımız, fəxr dünyamızdır.

Doğma dilim, sən ki varsan dünyada!
«Mən də varam!» söyləməyə haqlıyam.
Anam! Ana dilim! Ana Vətənim!
Mən bütün qəlbimlə sizə bağlıyam!

Mən Gürcüstanın Rustavi şəhərində doğulmuş, orada böyümüş, təhsil almış və uzun illər Rustavi şəhər mətbəəsində çalışmışam. Təxminən 200 nəfərin işlədiyi kollektivdə cəmi dörd azərbaycanlı idik. İş yerində rus və gürcü dillərində danışsaq da, öz aramızda həmişə Azərbaycan dilində ünsiyyət qururduq. Məhz doğma dilimiz bizi hər kəsə azərbaycanlı kimi tanıdırdı.
Rəhmətlik atamın bir sözü bu gün də qulağımdadır: “Ailənin içində başqa dildə danışmayın. Başqa dilləri öyrənin, amma ana dilinizi heç vaxt unutmayın.” Bu nəsihət bizim həyat amalımıza çevrildi. Harada yaşamağımızdan asılı olmayaraq, millətimizin nümayəndələri ilə həmişə öz ana dilimizdə danışdıq və bununla fəxr etdik.
Rustavi Mədəniyyət Mərkəzinin təsisçilərindən biri, eləcə də Qadınlar Şurasının sədri kimi fəaliyyət göstərdiyim illərdə təşkil etdiyimiz bütün tədbirlərdə Azərbaycan dilində çıxış edirdik. Digər millətlərin nümayəndələri üçün isə çıxışlar tərcümə olunurdu. Gürcüstan dövlətinin dəstəyi ilə Rustavi Mədəniyyət Evində Novruz bayramının rəsmi şəkildə qeyd olunması da dilimizin, milli-mənəvi dəyərlərimizin yaşadılması və Azərbaycan xalqının tanıdılması baxımından böyük əhəmiyyət daşıyırdı.
1921-ci ildən Tiflisdə nəşr olunan “Sovet Gürcüstanı”, sonralar isə “Gürcüstan” adı ilə fəaliyyətini davam etdirən qəzet mənim və minlərlə soydaşımızın həyatında xüsusi yer tuturdu. Yazılarımız bu qəzetdə dərc olunur, mədəniyyət, incəsənət, idman, poeziya və ədəbiyyat aləmində baş verən yenilikləri məhz bu qəzet vasitəsilə izləyirdik. Bu qəzet bizə Azərbaycan sözünün gücünü, milli mətbuatın əhəmiyyətini öyrədirdi.
Valideynlərim məni Rustavidə fəaliyyət göstərən 7 nömrəli məktəbin Azərbaycan bölməsində oxutmaqla həyatımın ən doğru qərarını vermiş oldular. Həmin məktəbdə biz təkcə təhsil almadıq, həm də milli ruhda böyüdük. Gürcüstanda yaşayan şair və yazıçılarla görüşlər keçirdik, redaksiyalara getdik, ədəbi mühitlə yaxından tanış olduq. “Sovet Gürcüstanı” qəzetinin redaktoru Süleyman Süleymanov, müavini Həmid Vəliyev, Mahmud Hacixəlilov, Qasım Əhmədov, Elman Kələyev, Arif Mustafazadə, İslam Əliyev kimi ziyalılarla görüşlər mənim dünyagörüşümün formalaşmasında mühüm rol oynadı. Onlar mənim düşünən beynimə, danışan dilimə çevrildilər.
Ədəbiyyat müəllimim, rəhmətlik Mustafa Məmmədov hərdən dərsdə deyərdi:
“Ay Güllü, gəl Aşıq Ələsgərdən, Səməd Vurğundan, Mirvarid Dilbazidən bir şeir söylə, dincəlim.”
Mən də böyük həvəslə şeirlər söyləyərdim. Bəlkə də həmin günlərdən xəbərsiz şəkildə ədəbiyyat aşiqinə çevrilmişdim.
Bu gün həmin illəri minnətdarlıqla xatırlayıram. Çünki məni bu günə gətirən yolun başlanğıcında ana dilim, Azərbaycan ədəbiyyatı və milli mətbuat dayanır.
Ulu Öndər Heydər Əliyev deyirdi:
“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan və inkişaf etdirən onun dilidir.”
Bu fikirlər bu gün də öz aktuallığını qoruyur. Azərbaycan dilinin dövlət dili kimi inkişafı, qorunması və zənginləşdirilməsi məhz Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasətin nəticəsidir.
Bu gün məktəblərdə ədəbi məclislərin, poeziya günlərinin, yazıçı və şairlərlə görüşlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Belə tədbirlər gənclərin nitq mədəniyyətini inkişaf etdirir, onların ana dilində sərbəst və gözəl danışmasına, fikirlərini düzgün ifadə etməsinə, milli-mənəvi dəyərlərə bağlı böyüməsinə xidmət edir.
Ana dili xalqın keçmişi, bu günü və gələcəyidir. Gəlin bu böyük mənəvi sərvəti qoruyaq, sevək və gələcək nəsillərə olduğu kimi çatdıraq.
Ana dilimiz necə xalqımızın mənəvi yaddaşıdırsa, kəlağayı da milli kimliyimizin, adət-ənənələrimizin və mədəni irsimizin canlı rəmzidir. Dilimiz sözümüzü yaşadır, kəlağayımız isə tariximizi, mənəviyyatımızı və milli dəyərlərimizi nəsildən-nəslə ötürür. Hər ikisi Azərbaycan xalqını dünyaya tanıdan ən qiymətli sərvətlərimizdəndir. Ana dilimizi qorumaq necə müqəddəs borcumuzdursa, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş kəlağayı sənətini yaşatmaq və təbliğ etmək də hər birimizin milli məsuliyyətidir. Dilimiz də, kəlağayımız da Azərbaycan ruhunun, milli varlığımızın və əbədi yaşarlığımızın ayrılmaz hissəsidir.
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə hər bir soydaşımızı ürəkdən təbrik edir, ana dilimizin daim yaşamasını, zənginləşməsini və dünyada daha geniş tanınmasını arzulayıram.

Güllü Eldar TOMARLI
Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin sədri,
Kəlağayı Ev Muzeyinin direktoru, AYB- nin üzvü

Share: