Əbülfət MƏDƏTOĞLU: – Sevginiz uğurlu və umudlu olsun

Bir deyim var, o qədər dəqiq deyimdir ki, onu xatırlamaq da, dilə gətirmək də mənim üçün çox mənalar ifadə edir. Dünyanın altını və üstünü yaxşı bilən kamil insanlar bəlkə də bir araya gəlib bu deyimi formalaşdırıblar. Həmin o kamil insanlar deyiblər ki, «Dünya bir pəncərədi…» və sonra yəqin elə onların özləri də əlavə ediblər ki, «hər gələn baxıb gedər!».

Bax, bu mənada hər gün, elə bu yazını diktə etdiyim vaxtda da baxıram, özü də lap uzaqlara baxıram. Gözüm o uzaqlığı görməsə də, o sərhədi aşıb keçməsə də mənə elə gəlir ki, o uzaqlıqdakı, o gözümün görmədiyi, amma ürəyimin gördüyü məsafədəki Sən elə mənim dünyamın özüsən və mən də öz dünyama ürəyimin gözü ilə baxıram… Baxıram və düşünürəm. O dünya da görəsən pəncərədi? Və nədən insanlar dünyanı iki yerə bölüblər. İksi də bir səslə, bir sözlə, bir işarə əvəzliyi ilə ifadə olunub: O və Bu!
Sonra da deyirlər ki, o dünya və bu dünya. Doğrudur, müqəddəs dinimizə sayqılı olanlar o dünyanı axirət də adlandırırlar, beyihşt də deyirlər. Olsun, mən bunların heç birindən narazı deyiləm. Heç etirazım da yoxdur. Amma mənim qəti əminliyim budur ki, var olduğum məkan həm O və həm də Bu dünyadı. Nə qədər ki, var olduğum məkandayam, deməli sənin yanındayam. Cismən olmasan da, ruhən, xəyalən! Və sənin yanında olanda da dünyada gördüyüm də, görəcəyim də elə sən olursan. Gözümün görmə gücü, ürəyimin sevmə gücü daxilində olur bu dünya – sən olan dünya!..
Həyat indiki  anda, indiki yaşam müstəvisində çox cansıxıcıdı. Baş verən proseslər, qarşıdurmalar, məişət məsələləri və digər olaylar insana yükdü. Onun həm düşüncəsini zəhərləyir, həm həyatını. Həmin gərginliklərin içərisində öz dünyana sığınmaq, öz dünyanın aurasını bütünlüklə yaşamaq mənə görə ən böyük xoşbəxtlikdir. Baxmayaraq ki, həmin o dünyanın yetərincə problemi var. Amma o problemlər iki ürəyin, iki insanın, iki tərəfin anlaşıb çözə biləcəyi problemlərdi. Belə olduğu halda öz dünyamdan gileylənmək heç də yaxşı sayıla bilməz…
Bax, bütün bunları bilgisayara diktə edərkən gözümün görmədiyi, ürəyimin isə elə o anda görüb gəzdiyi dünyada baş verənlərin hamısını inci kimi sapa düzürəm. Onun parıltısı bir  özəllikdi, özü isə tamam fərqli bir gözəllik. Bunu duymaq, bunu vəsf etmək, duyğusal hisslərə malik insan üçün göyün yeddinci qatında olmaq kimi bir şeydi. Məhz həmin göyün yeddinci qatında hiss edirsən ki, sən nə qədər xoşbəxtsən, sən nə qədər dəyərlisən, bunları isə sənə yaşadan, bağışlayan Allahla həmin o dünyanın sahibidi. Bu məqamda ağlından gəlib keçir ki:
Sözün bitdiyi yerdir, 
Dilin lal olduğu an.
Sənsən, bir də ki Allah
«Can» dediyim, ancaq can!
Kimsə bu müqayisəyə, bu eyni səviyyədə dəyərləndirməyə görə məni qınaya bilər. Və mən də heç kimə bu məntiqə görə etiraz etmərəm. Ona görə ki, içim rahatdır. Bilirəm ki, səni mənə tuş gətirən də, səni sevməyi də, bu şeirləri yazmağı da mənə diktə edən, pıçıldayan Allahdı. Mən onun bəndəsi kimi deyilənləri və eşitdiklərimi yaşadıqlarımın varlığına hopdururam, cilalayıram və özüm də o xoşbəxtliyin içərisində oluram. Məhz həmin məqamda:
Əl qaş üstdə, göz yolda,
Ayaqyalın, söz yolda…
Bu əyri, düz yolda –
Xatirə biçini…
Əyilibdi duman, sis,
Ümid üzgün, güman pis!..
Ömür his dadır, bax, his –
Süzülüb, için indi…
Bükülüb, anın beli,
Sökülüb danın beli.
Quruyub canın beli –
Üstündən keçin indi…
Bir bəndədi hər bir iz,
Kəsişirik hərdən biz…
Bu Əbülfət, bu da siz –
Özünüz seçin indi…
Deməli, bütün hallarda həmin o pəncərə olan o dünya insanı özünə çəksə də, sən demə, hamı o pəncərədən baxmaq qabiliyyətində deyil. O pəncərədən baxmaq üçün içində də bir dünya olmalı imiş. Əgər sənin içində dünyan varsa, o özəlliyə sahibsənsə, mütləq baxacaqsan böyük dünyanın pəncərəsindən. Nə görməyindən asılı olmayaraq içindən bir ah keçəcək. Ah isə özündə bütün mənaları ifadə edir. Demək istədiyin hər şeyi hər kəs anladır. Sən hiss edirsən ki, bölüşürsən, ürəyini də, duyğularını da, həyatını da. Özü də o qədər rahat bölüşürsən ki, sanki elə belə də olmalıdı. Mən əvvəllər buna fikir verməmişdim. Amma sonralar diqqət yetirdim və anladım ki, səninlə bütünlüyümü bölüşəndə Allaha daha yaxın oluram. Bunun səbəbini də yəqin ki, Allah özü bilir. Amma mənim bildiyim budur ki, dərdi bölüşəndə azalır deyirlər, sevinci bölüşəndə isə çoxalır, artır. Bu nə qədər həqiqətdi, onu yəqin ki, hər kəs öz həyat təcrübəsində hiss edib. Mənim həyatımda isə səninlə bölüşdüyüm hər şey sevgimi artırır, inamımı, inancımı artırıb və elə bilmişəm ki, əllərim saçındadı, gözlərim gözündədi, nəfəsim nəfəsinə qarışıb və:
Biz bu ömrü yuxu kimi yaşayıb,
Dörd divarı, bir otağı bölüşdük…
Özümüzü xəyallara daşıyıb
Bir yastığı, bir yatağı bölüşdük.
Bir adına, gün adına yaşadıq,
Bir sevginin inadını yaşadıq.
Bir ümidin qanadına yaşadıq –
Yüz acını, bir matağı bölüşdük.
İnanc özü diqqət çəkən Firuzə,
Bu inancı biz verməyək büruzə.
Baxa-baxa bir Qibləyə, bir üzə –
İçimizdə bir oddağı bölüşdük!
Qoruyaraq sevgi adlı qalanı,
Bizi hər gün oddan oda salanı.
Sənin ilə, bil ki yoxdu yalanı –
Həm bu dağı, həm o dağı bölüşdük…
Bəli, mən də neçə gündü ki, içimdə fırfıra kimi fırlanıb kağıza köçməyə can atan hissləri öncə Allahla və onunla, sonra da sizinlə bölüşdüm. Yəqin ki, bu bölgüdə kimlərsə özünü də gördü, öz payını da götürdü, öz xəyalını da qurdu, öz acısını da xatırladı. Bir sözlə, hər kəs öz bildiyi kimi odu öz qarşısına çəkdi. Mən heç kimin nə və necə etdiyini düşünmədən, sadəcə Allahın və onun qarşısında bu bölüşmədə əgər xəta etmişəmsə, onun üzrünü diləyirəm. Sizlərə isə Allahdan ürək dolusu sevgi yaşamağı umuram. Sevginiz uğurlu və umudlu olsun!
Share: