Ərəbistanda İtaliya Super Kuboku …

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda “Yuventus” və “Latsio” komandaları arasında futbol üzrə İtaliya Super Kuboku uğrunda görüş keçirilib.

Müstəqil.Az xəbər verir ki, “Kinq Saud Universiti” stadionunda təşkil olunmuş qarşılaşma “Latsio” klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun 17-ci dəqiqəsində Luis Alberto fərqlənib. Birinci hissənin başa çatmasına bir dəqiqə qalmış “Yuventus” hesaba tarazlıq gətirib. Paolo Dibala adını tabloya yazdırıb.

Qarşılaşmanın ikinci hissəsinin 73-cü dəqiqəsində “Latsio” yenidən hesabda önə keçib. Senad Luliç cinah ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Buda oyunda son qol olmayıb. Görüşün 90-ci dəqiqəsində “Latsio” üçüncü dəfə “Yuventus”un qapısına yol tapıb. Daniel Kataldi cərimə zərbəsindən baxımlı qola imza atıb. Bu cərimə zərbəsinə görə baş hakim turinlilərin futbolçusu Rodriqo Bentankura ikinci sarı vərəqə göstərərək meydandan uzaqlaşdırıb.

Qalan dəqiqələrdə hesab dəyişməyib və “Latsio” tarixində 5-ci dəfə İtaliya Super Kubokun qalibi olub.

Müstəqil.Az 

Share: