“Ədəbi Proses – 2018” kitabı çap olunub
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi proses – 2018” kitabı nəşr edilib. Altıncı cildi nəşr edilən kitab İnstitutun Elmi Şurasının 19 sentyabr 2019-cu il tarixli qərarı ilə çap olunub.
Kitabın redaksiya heyətinə Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Tehran Əlişanoğlu, Əlizadə Əsgərli, Aygün Bağırlı, Vaqif Yusifli (məsul redaktor), Mehman Həsənov, Elnarə Akimova, Nərgiz Cabbarlı daxildir. Altıncı cild akademik İsa Həbibbəylinin “Ədəbi proses hərəkatında yeni dalğa” adlı yazısı ilə açılır.
Kitab ənənəvi olaraq “Hədəf” nəşriyyatında işıq üzü görüb. Nəşrdə Ədəbiyyat İnstitutunun əməkdaşlarından 24 nəfərin müxtəlif mövzularda məqalələri yer alıb. Onlardan filologiya elmləri doktoru Elnarə Akimovanın “2018 – “Tarixin sonu”nu inkar edən daha bir il”, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun “2018-ci il Ədəbi tənqid refleksləri”, filologiya elmləri doktorları Vaqif Yusiflinin “Azərbaycan şeiri – 2018” və Esmira Fuadın “2018-ci ilin epik şeiri: epos təfəkkürünün və lirik-fəlsəfi duyğuların bəyanı” və s. yazıları qeyd etmək olar.
Bunlardan başqa kitabda Nərgiz Cabbarlı, Aynur Xəlilova, Nərmin Cahangirova, Maral Yaqubova, Aynurə Mustafayeva, Cavanşir Yusifli, Pərvanə Məmmədli, Rasim Nəbioğlu, Mehman Həsənli, Gülnar Qənbərli, Salidə Şərifova, Nizami Hüseynov, Mərcan Sofiyeva, Elçin Mehrəliyev, Gülbəniz Babayeva, Lalə Həsənova, Zəkulla Bayramlı, Xanım Zairova, Eşqanə Babayeva və Bəsirə Əzizəliyeva kimi tədqiqatçıların 2018-ci ilin ədəbi prosesini müxtəlif rakurslardan araşdırıan məqalələri toplanmışdır. Ümumilikdə, 2018-ci ilin ədəbi prosesi poeziya, bədii nəsr, dramaturgiya, tənqid və ədəbiyyatşünaslıq, ədəbiyyat nəzəriyyəsi, publisistika, ədəbi əlaqələr, bədii tərcümə, rusdilli Azərbaycan ədəbiyyatı, cənub ədəbiyyatı, uşaq ədəbiyyatı, ədəbi gənclik istiqamətləri üzrə təhlil olunmuşdur.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi
Müstəqil.az