“Yaxşı kişilər yaxşı atları çapıb getdilər…”-Əyyub Qiyasın yeni yazısı…

 

ZAMANIN ÜÇ HALI

(esse)

 

Unudulmaz alim, böyük insan

İmamverdi Əbilovun xatirəsnə sevgilərlə

 

Belə bir deyim var: “Yaxşı kişilər yaxşı atları çapıb getdilər…” Yazını təsadüfən bu fikirlə başlamadım. Bir anlıq çevrilib geri baxanda arxada 50 illik bir ömür qoyduğumu görürəm və düşünəndə ki, böyük Səməd Vurğun cəmi 50 il ömür sürüb, Müşfiq heç 30 il yaşamayıb, Cəfər Cabbarlı 35 illik həyatında böyük bir irs qoyub gedib, o zaman mənə elə gəlir ki, yaşayan insan üçün 50 illik bir ömür kifayət qədər çoxdur.

Bəli “yaxşı kişilər yaxşı atları çapıb getdilər…”

Heç vaxt unutmaram. Tələbə idik, 1987-ci il. Dedilər Əziz Şərif gəlib Bakıya. Bu adamı həmişə böyük Mirzə Cəlilə oxşadırdım. Sadəcə bir kənarda durub onu görmək üçün saatlarla qışın soyuğunda Bakı Dövlət Universitetinin qarşısında gözlədim…

Unudulmaz Abbas Zamanov; böyük alim, insan, pedaqoq. Dəqiq xatırlamıram hansında idi, amma Bakı məktəblərinin birində, 1987-ci ildə H. Cavidin 105 illiyi ilə bağlı tədbir keçirilirdi və Abbas  Zamanov da həmin tədbirdə iştirak edirdi. Sadəcə böyründə-başında dolaşmaq xoş gəlirdi adama.

Qulam Məmmədli; diplomsuz teatrşünas, böyük salnaməçi, fədakar pedaqoq. Onunla hər görüşdən sonra elə bilirdim ki, Mirzə Cəlillə, Cavidlə, C.Cabbarlı ilə görüşmüşəm.

Bu siyahıda unudulmaz akademik Məmmədcəfər Cəfərov, Məmmədhüseyn Təhmasib, Əli Sultanlı, İsmayıl Şıxlı, Hüseyn Abbaszadə, Bəxtiyar Vahabzadə, Mehdi Məmmədov, Tofiq Tağızadə və başqaları da var… Hər biri bir millətin fəxri, qürur yeri, mənəvi xəzinəsi olan insanlar. Mənimçün onlardan ən doğma, ən əziz olanlardan biri isə unudulmaz İmamverdi Əbilov idi.

İlk dəfə 1988-ci ildə, ovaxtkı V.İ.Lenin adına Azərbaycan Dövlət pedaqoji institutunun akt zalında keçirilən bir tədbirdə görüşmüşdük. Xalq şairi Xəlil Rza Ulutürklə bir yerdə gəlmişdi. Başımızın qanlı, ruhumuzun cığal vaxtları idi. Azadlıq deyib dil boğaza qoymurduq…

“…uzağı bir neçə ilə Azərbaycan öz müstəqilliyini qazanacaq. Bunun üçün tarixi şərait yetişib və qarşısı alınmazdır. Siz xoşbəxt gənclərsiz, inşallah müstəqil Azərbaycanın vətəndaşları olacaqsız.” Bu sözləri İmamverdi Əbilov deyirdi. O vaxt hələ mart ayı idi, ermənilər Xocavənddə, Xankəndində təzə baş qaldırmağa başlamışdılar, Sumqayıt hadisələri təzə səngimişdi. Ölkədə komendant saatı tətbiq olunmuşdu. Küçələrdə sovet əsgərləri növbə çəkirdi. Adamın inanmağı gəlmirdi, amma oldu.

Sonra Azərbaycan televiziyasındakı verilişlər… İmamverdi müəllimin danışdığı xatirələr adamı çəkib aparırdı. Desəm canlı ensiklopediya idi, yanılmaram. Cavan idik də… Təkəbbürlü, heç kəsi bəyənməyən vaxtlarımız idi. İmamverdi müəllim öz xatirələri və tarixi faktlarla həmin o bəyənmədiyimiz adamları da sevdirirdi bizə. O bizə S.Vuruğunu, S.Rüstəmi, R.Rzanı sevməyi öyrədirdi. O bizə dəyərlərimizi sevməyi öyrədirdi. O bizə ümumiyyətlə sevməyi öyrədirdi. Nurlu çöhrəsi ilə, ləngərli danışığı ilə ziyalı olmağı, adam olmağı öyrdədirdi.

İmamverdi müəllim 2016-cı ilin aprel ayında haqq dünyasına qovuşdu. Neftçalanın bir yaz sabahı onsuz açıldı. Bu gözəl, unudulmaz insanı son mənzilə yola salmaq üçün onu sevənlər, tanıyanlar, adını eşidənlər, elmə, sözə, böyüyə dəyər verənlər yığışmışdı. Akademik Vasim Məmmədəliyev o vida mərasimində belə bir fikir söylədi: “Biz yaxın dostumuzu, müəllimimizi, gözəl ziyalımızı itirdik, amma onun bizə öyrətdiklərini, dediklərini, xatırladıqlarını, xatırlatdıqlarını heç vaxt itirə bilmərik. Çünki bizdən qabaqda İmamverdi Əbilov kimi böyük kişilər olub…” Bəli, böyük kişilər olub… Təəssüf ki, zamanın üç halı mövcuddur… Keçmiş… İndiki… Gələcək… Bu yazının ilk sətirlərində kiçik bir siyahı tərtib etmişdim. O siyahı keçmiş zamanda idi. Nə xoş ki, indiki zaman üçün siyahı tərtib etsəm əlim əsməz… Bəs görəsən gələcək zamanda kimlər var? EŞQ!

Əyyub Qiyas

Xüsusi olaraq Müstəqil.Az üçün

 

Share: