Yolunu azan bu gəncə “Dur!” deyirəm – Mehman Qaraxanoğlu yazır…

Gənc Müşfiq Şükürlü ədəbiyyatda təmiz yolu saxlayıb, palçıqlı yolla gedir. Bu, onu şəxsi işidir. Amma və lakin… əgər başqalarına haqq-nahaq palçıq sıçratmasaydı…

Müşfiq lap əvvəl ədəbi varisliyin potensial daşıyıcısı və ötürücüsü effektini yaratdı. Çox sevindik! Ədəbiyyat adamları da bunu gördü və təqdir etdilər. Görünür, Şərq inkiviziatorlarının toplaşdığı “ideal” məkan – çayxana onu da tədricən korladı. (Nəzər alın ki, daxili dünyamızda da çayxanaya bənzər simvolik bir cin yığnağı vardır!) İndi o, gözümüzün qarşısında “Dədəm nənə kor deyib, hər yetənə vur deyib” Ata sözümüzün ən aqressiv praktik mücəssəməsinə çevrilir… Bu yazı da gənc dostuma “dur!” demək niyyətilə yazılır.

Niyə üçüncü cümlədə “haqq-nahaq” sözünü işlətdim?!

Haqq odur ki:
1. Müşfiq Şükürlü kifayət qədər istedadlıdır.
2. Onun yaxşı mütaliəsi və dəqiq müşahidələri vardır.
3. Tənqidçilərə xas olan sərrast düşüncə tərzinə malikdir.
4. Dili canlı, təravətli və şirəlidir…

Nahaq odur ki:

1. Müşfiq Şükürlü öz “qurbanlar”ını qabaqcadan seçir və onları pusur…

2. Uğursuz metafora aludəçisidir… Aşağılayıcı “Azərbaycan Sıqanistləri Birliyi”, “Sıqanizm cərəyanı”, “Azərbaycan Sıqanlar Hərəkatı ” və s. bu tip ifadələrin ədəbiyyata sırınması bizə başucalığı gətirməyəcək. Adama deyərlər, Hind-Avropa mənşəli dünyanın ən qədim xalqına nə olub?! Bu ən yumşaq halda, vaxtilə Novruzəli obrazını avamlıqda suçlamaq qədər təhlükəli bir tentensiyaya gətirib çıxara bilər. Yaxın keçmişimizdə də özlərini elit, bizi lümpen adlandıran Xalq yazıçımız vardı…

3. Bütün mətnini “kəşf etdiyi” metaforaya cidd-cəhdlə yerləşdirmək istəyir. Az qala metafora “partlayır”. Sonucda tikiş yerləri qaçır və içi-lehməsi tökülür…

4. Qələmə aldığı mövzularla bağlı bütöv kontekst nəzərə alınmır. Bu, “Yafəsdən Kəramətə qədər”də və ondan əvvəlki yazılarında da, tutaq ki, “Nəsrimizin növcavanları”nda da açıq-aşkar sezilir. Tutaq ki, Yafəs niyə bu yola düşür? Bunun sosial-mənəvi arxeologiyasında nə durur? Şeirimizin modernləşməsində az-çox əməyi olan qaçqın bir yazara “Turpsəs” demək hansı əxlaqa sığır? Bunu çayxana künclərində deyirlərsə, lənət olsun onu deyənlərə! Yafəsin “oyunbazlığı” yaşamaq uğrunda mücadilənin içərisindədir. O, qudurğanlıqdan etmir bunu! Öz xalqının maddi, mənəvi dəyərlərini “uf” demədən talayan bir məmur deyil o! Yafəs Türksəs yeni dövr Azərbaycan ədəbiyyatının ən faciəvi obrazıdır!

5. Ədəbiyyat sevgi məkanıdır… Kin, nifrət, şər, böhtan yeri deyildir.

6. Sağlam ironiyanı hamı qəbul etməlidir, məncə. Amma alçaldıcı, təhqiredici ironiya yolverilməzdir. Bu yazıda ikincisi birincini “yeyir”. Mirzə Cəlilin “İranda hürriyyəti”ni yenidən oxumağını tövsiyə edirəm.

7. Bir anlıq düşün ki, sənin əziz can, dil, qan qardaşların – Yafəs, Kəramət, Ayxan Ayvaz, El Roman və Rəvan Cavid də Dağıstan sərhəddində üzüqoylu uzadılıb təhqir edilənlərin arasındadır. Onlar ailələrinə gətirəcəkləri bir tikə çörəyin üstündə uzadılıb. Məgər onların bu cür təhqir olunması onlarınmı suçudur?!

Adlarını çəkdiyin yazarlar da öz “açıq” tabutlarının – kitablarının içərisindədirlər. Onlar yoldan keçənlərə öz tabutlarını təklif edirlər… Sabiri, Hadini xatırla! Ağır mənzərədir!

8. Onların tədricən kütləviləşən bu addımları Azərbaycan cəmiyyətinə ən ağrılı mesaj olmalıdır!!! Dünyada kitab satışı ilə bağlı maraqlı praktikalar vardır. Tutaq ki, ölkədəki hər bir kitabxana xüsusu ədəbi komissiya tərəfindən əvvəlcədən müəyyənləşdirilmiş kitabları pulla müəllifdən alır. Makulatura ədəbiyyatının buraya dəxli yoxdur! Bu məsələlər Milli Məclis səviyyəsində müzakiə olunmalıdır. Biz birləşib buna nail olmalıyıq.

Share: