Yolçu tək olmalı…

                                                                               Yolçu tək olmalı…

-Sizin yaradıcılığınızla tanış olmaq istəyirəm, kitabınızı, sehirli xalçaya mindirib mənə göndərə bilərsiz?

-Əlbəttə, sehirli xalçada üç günə hüzurunuzdadır.

 

Bir neçə gün sonra sehirli xalçada iki tərcümə bir şeir kitabı uçdu…

Doxsan iki səhifəlik şeir kitabının redaktoru Hüseyn Bağıroğludur. Kitab 2018-ci ildə Naxçıvanda “Əcəmi NPB”-də çapdan çıxıb. “Ulduz çoxluğu qədər təklik” kitabında ön söz əvəzinə gedən ilk mətn açıqlamadır.

“Şeir-şeir yazdım bu şəhəri”.         

Şair, küçə-küçə varaqlayır yaşadığı  şəhəri, gül-gül qoxlayıb, qucaq-qucaq sevir.Sevir də, daha sonra ağac-ağac tanıyıb budaq-budaq sarılır.Günəşin içinə girib, hər gün, hər axşam öpür, yağış-yağış sığal çəkir. Könül-könül vurulub, dodaq-dodaq sevir… Onu qonaqları ilə sevir.

Biraz da, şair könlü qürbət olur bu şəhərdə.Qərib-qərib darıxıb, uzaq-uzaq sevir. Ömür-ömür dinləyib, uşaq-uşaq sevir. Sevgisi şeir olur, şair düşüncəsində şeir-şeir sevib, varaq-varaq pıçıldayır. Şəhər boyda sevgi, dünya boyda şair könlü böyüyür, böyüdükcə uşaqlaşır. Şeirin siluetinə işıqlar, aydın səhərrəngləri çəkilir…

Kitabda fərqli-fərqli şeir formalarına yer verilir. Amma, kitab elə yuxarıda qeyd etdiyim şeirdən başlayır. Elə o şeirin içində öz gözəlliyini açır. Sonrakı qeyd edəcəyim misralar  hamısı bu şeirə bağlıdır.  Şəhər həm dəşairin özüdür.

“Canməkanım” adlı şeir, “Şeir-şeir yazdım bu şəhəri” şeirinin yanında çılpaq və bədənsizdir…

“Yağışdan sonrakı torpaq iyi”şeirinin poetik yükü olmasa da, bu adın özü, “torpaq iyi”poetikdir.

Ondan sonrakı şeirdəuşaqlığı iləüzləşir.  Onu dindirməyə çalışır. Nənəsinin xəmirli əllərini, uşaqlığının yalın ayağını sətirlərə köçürür. “Kazımölən”, “Ağvay”,“Qulalı təpəsi”, “Yurdçu”, “DədəNarbənd”toponimləri şeirə məxsusilik və qədimlik gətirir. Bu şeir, kənd həyatının gözəlliyini, saflığını, uşaqlıq oyunlarını,bir sözlə, folkloru danışır…

“Elə ki, qalxıram Kazımöləni,

Ağvayın havası vurur üzümə”.

***

“Elə ki, ayağım Yurdçuya dəyir,

Üz-üzə gəlirəm uşaqlığımla”.

***

“Yupyumru Qulalı təpəsi sanki

Nənəmin xəmirli əlində kündə”.

***
“Baxıram, bu kəndin hər qarışında,

İzim var, hər küçə tanışdı mənə.

Qoca Dədə Narbənd kəndin başında

Nə qədər xatirə danışdı mənə”.

Bunu hamı müşahidə edir, amma kim necə ifadə edir, yaxud edə bilir. Orjinal müşahidə kənd həyatının yaz fəslini qabarıq şəkildə insanların düşüncəsində təzələyir, onunla yanaşı qeyri-adiliyini büruzə verir. Qurbağa səsi hər kəsi yuxuya verdiyi halda, özünün uşaqlığı oyaqdır. Şair burda həm də normativi pozur. Belə nümunələr bir çox şairlərin şeirlərində qarşıya çıxır. (bilməyir- bilmir). Ədəbiyyat şairlərə tamlığı ilə azadlıq verdiyinə görə, bu, qüsur sayılmır.Hər yerdə şairlərə yaşıl işıqdıryəni.

“Kəndə layla çalan qurbağa səsi,

yatırda bilməyir uşaqlığımı”.

Kənd həyatında qarğıdalını müşahidə etmək daha asandır, külək əsdikcə qarğıdalı yarpaqlarının bir-birinə toxunuşudançıxardığı səs dalğasını,ruhu duyaraq,notlaşdırır və öz düşüncəsində netləşdirib “çalğıdadılar” ifadəsi ilə “sözlük” yaradır.Şairin müşahidəsi güclüdür, ona görə bir-birindən orjinal fikirlər ərsəyə gətirə bilir.

Küləyi kökləyir qarğıdalılar,

Bir həzin nəğməni çalğıdadılar…

Həmin bəndin üçüncü və dördüncü misralarında:“Qarğımadılar” ləhcəsinin özəlliyi misranın duzudur. Qarğamaq sözü bəddua olmağına baxmayaraq, gənclik çağına bağlanaraq müsbət obyektə çevrilir:

“Məni kənd qızları qarğımadılar,

Başıboş qoydular gənclik çağımı”.

Bəndin əvvəlində qızına aid olan misralar, üçlüyü birləşdirir (özü, qızı, oğlu). Baxmayaraq ki, o, öz uşaqlığını oğlunda görür. Qızına aid olan iki misra özündən mənəvi cəhətdən ayrılır,sonrakı misralarla bağ qopur. Həm adını çəkərək birləşdirir, həm qoparır, şeir əslində fərqli başlayıb, fərqli bitir.Bu hissədə bir az da mentallıq və eqoizm sezilir. Buna baxmayaraq, “yaddaşımı çimdikləyir” ifadəsi, canlanır, ruhlanır, hiss edir, hiss etdirir…

“Yaddaşımı çimdikləyir o anlar,

Oğlumda görürəm uşaqlığımı”.

***

“Çox şey istəmirəm, nolar bir dənə,

Heç kimi olmayan yer yarat mənə”, –

deməyi ilə şairxarakterini ortaya qoyur. Bütün şairlər təkliyi sevir, seçir. Təklik elə onların büsbütün varlığıdır. Təkcə içindəki “mən”i deyil.

Üçüncü bənddə Allaha münacat etməklə, əqidəsində zərrə qədər şübə etmir, Allahın eşidən və bilən olmasına etiqadı sonsuzdur…

Hər kəsdən çıxıb getmək istəyi, yolçunun yaşıl işığıdır. Şairlərçıxıb getmək istədiyi sonsuzluqda, hamıdan fərqli hisslərin sahibi və doğmasıdır. Ağıllı-dəli yolçuluq:

“Axı bilirsən ki, istəyim nədi,

Duamda arzum nə, diləyim nədi.

Sənə ərzim nədi?! Gileyim nədi!?

Hər yerdən yox olmaq, hər kəsdən itmək,

Getmək istəyirəm eee, çıxıb getmək”.

Kitabın içində toplanan şeirlərin çox payıqafiyə şeirləridir. “35 yaşın şeiri”ndə sərbəst formaya yer ayrılıb. Mətnin ayrıca ritmi var. Özünə “and içməklə” içindəki uşaqlığını, yeniyetməliyini, gəncliyini yaşayır və göstərir. Həm də öz timsalında insanın əzəmətini, keçid dövrünün hərəsinin ayrı-ayrılıqda necə qiymətli olduğunu, misra-misra çatdırır:

“And olsun uşaqlığıma,

Yeniyetməliyimə,
Gəncliyimə,
İçinizdə 35 yaşında

şair bir Elxan yaşayır”.

Deyə bilmədiklərim” Başlığı altında üç bənd şeirözsəmimiliyi, axıcılığıilə başqa təsəvvür yaradır.Əvvəlki misralarda kənd yatır, şairin uşaqlığı oyaqdı, insanlardan fərqli düşüncəyə malik olması ilə, bir də çıxıb gedişi, gizlənişi var… Bu şeirdə isə elin içinə qarışır, onların tərəfindən baxa bilir özünə, onların dili ilədinir, danışır. İnsanlarla arasında divar hörmür. Şeirin birinci bəndində payız öz işini görür, daha sonra insanlar dövrəyə girir. Təbiətlə insanın vəhdəti yaranır. Və nankorların əməllərini üzə vurur. Bir də yarpaq-yarpaq tökülən dostlar gedir. Bu, insan ömründə baş verən təbii haldır, saralıb solan payız ömrü qədərsədaqətli olur insanlar. Sonuncu misralara əsasən şair,təbiətin özüdü,hər şeyin fəzası halındadır və bu şeirin poetik gücü çoxdur. Fələk sözü əsasən bayağı sözdür, amma burda elə gözəl işlədilib ki, onun bayağılığından əsər qalmayıb…

Payız silkələdi budaqlarımı,

Dostlar yarpaq-yarpaq töküldü məndən.

Fələyin rüzgarı əsdi, adamlar

Daş-daş, torpaq-torpaq töküldü məndən.

 

Gəldim dərdlərinə yiyə durmağa,

Çox nankor başladı tez qudurmağa.

Elə çalışdılar bulandırmağa,

Sular bulaq-bulaq töküldü məndən.

 

Doldum bulud kimi, coşdum sel kimi,

Yandım ocaq kimi, əsdim yel kimi,

Dözdüm ürək kimi, dindim el kimi

Sözlər  varaq-varaq töküldü məndən.

Məna yüklü şeirlərdən biri”Atamla səssiz dərdləşmə” şeiridir. Bu şeir qəlb baxımından səkkiz yeddiliklə davam edir, göylə-yerin ecazlığı yaranır. İki obyekt yeri, ikisi göyü tərənnüm edir. Obyektlərdən biri sonsuzluğu ilə hər şeyi özünə birləşdirir.

Bəndin birinci, ikinci misrasına böyük həcmli “esse” yazmaq olar. Əslində şairlərin içindən yalquzaqlıq keçir, Elxan Yurdoğlunun da içindən keçənlər normaldır. Tanrını Allah olaraq qəbul etsək, O, bənzərsiz təkdir, Ulduz uzaqlığında da təklik var, kəklik səkliyində səs dalğasını səkərək uzaq məsafədən yaddaşasalır, səkir və yox olur, bir səs yayılır, qurd uzaqlığında isə təklik yeriyib yalquzaqlaşır:

“Bir az Tanrı təkliyi,

bir az ulduz uzaqlığı.”

“Bir az kəklik səkliyi,

bir az qurd yalquzaqlığı”.

“Rəssam qadın” Başlıqlı şeir, altmış, yetmişinci ilin şeirlərini xatırladır. Əvvəlki şeirlərin çəkisində olmadığını dəfələrlə oxuduqdan sonra qərarlaşdırdım:

“Molbert arxasında düşünür, baxır,

Ağ günə boyanır rəsmdə bəşər.

Fikrində nə varsa, hamısı, axır

Onun fırçasında miniatürləşər”.

Qızıma”… Balaca ovucda gizlənmək istəyənürəyin döyüntüsü yayılır sətirlərə. Ahəng bəndləri sonacan izləyir. Və bir ata, yaxud valideyn ancaq bunu istər. Şair həm də övlad dərdini üstlənə biləndir. Bunaqoruyucu, hifz edici ruh da demək olar… Hər insanın səsi, istiliyi, səssizliyi sökür ömrünü. Övlad böyüdükcə onun əziyyətini, çətinliyini mənimsəyərək üstlənir.

Qızım, əllərini aç dədən üçün,

Baş qoyub ovcunda unudum dərdi.

Hər səhər, hər axşam, hər saat, hər gün,

Ovcunda uyuyub uyudum dərdi.

Otuz ikinci səhifədə elə bu şeirin ardınca üç bəndlikmaraqlı şeir gəlir.Kitabda üç bəndlik şeirlər daha dolğundur.

Etiqadının bütövlüyündə, səsləri, pıçıltıları qələmə aldığı halda əvvəlkilərin ziddinə gedərək, hətta tövbə səsinin özünü belə inkar edir, ən qatı inkarçılar şairlərdir.Burda bir itaət, ibadət, arınmaq, durulmaq var:

Yazdıqlarım tövbədi, adam,

Şeirim nə sözdü, nə səsdi…

Təkrirlə yuxu ovsunlayan şair, birinci misranın əksinə, ikinci misranı söyləyərək gözü açıq yatır və “göz açam yoxa çıxa” söyləyir. Gözü açıq, gözü yumulu–yuxu, bunu özəl təfəkkürə malik olan insan misralayar:

Gözlərimi qırpmıram, gözlərimi yummuram,

Qorxuram yuxu çıxa, göz açam yoxa çıxa.

Bu misralar bənd olaraq, önlə sonda təkrarlanır. Və kitabın üz qapağında da qeyd edilib. “Sənin səmalarında duyğularım çərpələng”. Sənin səmaların dedikdə, ilahi yozumda verə bilərik, insani yozum da. Daha çox ilahi düşünmək, içdən-içə irfani qatlarda sufizmlə bərabər romantizm yaşanır. Sığal sözü romantik, səmalarda duyğuların uçurulması,islami-irfani mistizmə qalxır. “Merac”sakini…

Sığala öyrətmisən dəlisovluq hissimi,

Sənin səmalarında duyğularım çərpələng.

Ömrünün payıza dönüşü başlayanda, tutub saxlamaq istəyirsən ömrü. Sadə və maraqlı üslubda yazılıb. Şair ömrü deyil də, payız ömrü saxlayır payızı…

“Sağım-solum payız,

Yönüm, yolum payız.

Qurban olum, payız,

Gedək bizdə qalaq”.

“Həsrətimdən öpərsən”şeirinin sujet xətti bənd-bəndbir-birini tamamlayır, üçüncü bəndin üç-dördüncü misrasında yeddilik sədəfi: Ayın nur üzünü “Sən”ə oxşadır”.Hər tərəfin zülməti “kömür” bənzətməsindəpoetikləşir.

“Sən yoxsan, Ay da yoxdur,

Hər tərəf kömür kimi.”

Ay üzlü, gilənar dodaqlı sevgisinə, həsrətindən öpməyi xitab edərəkAyı üzünün nuruna,gilənarı dodağına oxşadır:

“Həsrətimdən öpərsən,

Ay gilənar dodaqlım”.

Şeirdə bölgü, ahəng və bütün qanunlar yerindədir. “Kimi” bənzətməsinin yerində təsdiqi söz olsa, şeir daha gözəl olar, dolğun səslənərdi. Ümumiyyətlə, kitab boyu “kimi” sözündən xeyli sayda istifadə olunub. Şeirdə bu söz nə qədər az istifadə olunsa bir o qədər yaxşı olardı.

Sevdiyini gilənar ağacı, saçlarının qoxusunu ağacın yarpaqları ilə qiyaslayır:

Buludlar arasından Ayın şöləsi düşür

Gecənin yanağına sənin tellərin kimi.

Saçının qoxusuna toxunmaq istəyirəm,

Gilanar yarpağında gəzdirərək əlimi.

Tablonun rəngçaları, dörd bəndi izləyir.

Bakı şəhəri sevgisizlik qoxuyur, çünki qəlbinin sahibi qədər kimsə doğma ola bilmir. Şəhər, küçələr, adamlar hətta maşınlar, evlər… Geri qayıtmaqla özünə dönür, içindəkinə çəkilir. Tilsimli, sehirli, sirli itib-batır verdiyi vədənin içərisində…

“Burda havalar pis keçir –

Yaddı adamlar və şəhər.

Sənsizliyə tabım yoxdu,

Geri qayıdacam səhər”.

Sisvəçən.Hər ikisiyerə çökmüş rütubətli qatı duman mənasını verir, eyni mənalı söz təkrar işlədilib. Sislə çənin arasında defis olsa məna yerinə oturardı.

“Sinəm çalın-çarpaz dağ,

Sislə, çənlə doluyam”.

“Bir himə bəndəm” el arası deyimolmaqla, qədimi irs daşıyır. Ümumiyyətlə şair könlü,Bakı şəhərindən fərqli olaraq, yaşadığı şəhərdə, hər şeyəpayıza, çənə, buluda, ağaca, daşa, torpağa, insanlara və heyvanlara aşiqanə yanaşır. Şairin yağışı ürəyinə yağır, təbəssümünü isladır, bu iki misra həssaslığını qabardır:

“Dolmuşam göydəki buludlar kimi,

Bir himə bəndəm ki, leysana dönəm”.

Ruhun ən dərin ənginliklərində bir qərib, tənha, sevgi dolu, insanlardan qaçan adaminsanlaşır, yaşlanır. Və təkliyi tənhalıqdan ayırıb obraz verərək ağrıları, əzablarıyla birlikdə skamyalarda otuzdurur, daha sonra isə ipləyir:

“Tənha skamyalar tək adamların,

Sevgi günlərinin intihar yeri”.

Yağışın damlası, şırıltısı, şırıl-şırıl yağmağı vardı, lakin “damlabadamla” söz birləşməsinin yerində oturması, zərgər dəqiqliyi tələb edir. Şairdili mükəmməl bilir, şeirlərin rəvan dili, yumşaq oxunuşu, həlimliyi var. “Telindən süzülə ruhuna dola” misrasının məkan nöqtəsi ruhdan da yüksəkdə dayanır:

Payız yağışları damlabadamla

Telindən süzülə, ruhuna dola.

Digər misralarda, payızı dilə gətirib, söyüdü qiymətli edərək çələng hörür. Payızla söhbət etmək istəyir. Burda iki gilənar arzuların gerçəyidir, birinci həqiqi gilənar, ikinci məcazi gilənar:

“Payız dilə gələ, danışa rəng-rəng,

Söz deyə gilənar yarpaqlarıyla.

Getdiyin görüşə toxuya çələng,

Salxım söyüdlərin budaqlarıyla”.

Sirr qalan sirlərunutmağa kömək edir… Şeirin canı elə bu bənddəcə öz möhrünü vurur. Unutdum dediyi halda, xatirələrin incə toxunuşunu, incə-incə xatırlayır.

“Dodaqda öpüş yerindən,

Qəmzədə gülüş yerindən,

İlk və son görüş yerindən,

Hər yan, hər yerdən unutdum.”

Şeirdə, otağından çəkilməyən saçların qoxusunuyağış yuyub aparır, hələ də otağında qalır o qoxu. Ruhun dünyadan uzaqlaşması bədəni tərk etməsidir, ilahi eşq qədər toxunuşda fəna olur, ilahiləşdirir,“bizi” bütövlüyünə çevrilir:

“Görüşdük günəşli bir yaz səhəri,

Hər tərəf sevgiylə dolub daşırdı.

Biz bir-birimizə yaxınlaşdıqca

Ruhumuz dünyadan uzaqlaşırdı”.

***

“Otağımdan çəkilməyib hələ də

Yağış yuyan saçlarının qoxusu…”

Uşaqlaşan, bəlkə də, heç, içindəki uşaqlığını böyüməyə qoymayan şair, çoban yastığınıfal adlandırır, rəngli yuxuları, gerçəkacılarını uyutmur:

“Nə sirdirsə həmişə bir ləçəyi az oldu,

Mənimki gətirmədi sevir-sevmir falında.

Sonu gah ayrılığa, gah dostluğa yozuldu –

Üzümü güldürmədi rəngli yuxularım da”.

İçindən çıxır, gedən çırpıb getməkdənsə özü öz ürəyinin qapısını çırpır. Əgər tapa bilirsənsə tap aç kilidi deyir, deməli, kimsə girə bilməz. Sonuncu bənd, ümid istəyir. “Yenə tək qaldım” şeirini bəndlərə ayıraq:

“Sən yenə gəlmədin, çıxıb içimdən

Çırpdım ürəyimin qapılarını.

Çırpdım…kilidləndi, yenə tək qaldım,

İndi bu qapının tap açarını.”

Nə qədər etibarsız, aldadıcı biri olsa da, yenə göz yummağa, inamına təsəlli verməyə çalışır. İçi buz heykəlinə dönən şair, sevdiyi şəhəri içinə sindirə bilmir, az qalır ki, elə burdan da qaçsın, gileylənir…

Şair yuxarıda özünün tənhalığı ilə yanaşı bütün tənhalığı asmışdı. O skamyaya doğmalıq, tanışlıq hiss edirdi, burda isə yadlaşıb artıq:

“Tənha skamya da mənə yad gəlir,

Daha bu şəhər də içimə sinmir.

İçində sən olan şeirlərimi

Təkrar oxusam da içim isinmir.”

Bir ümid ovxala donum açılsın!” misrası məxsusidir. İndiyəcən heç bir şairin şeirində belə unikallığa rastlamamışam… Bircə misra, bircə bənd, bircə şeirsahibini şair yapır,  fərqli boyutda, fərqli qalaktikada.

Sərçələrin bir qəribə üşüməyi olur. Şairin ümumi ruhu, könlü, üşüyür. Şairləri isidən könlündən gələn sözüdür. Necə gözəl misralardır, İlahi!

“Könlüm qış günündə üşüyən sərçə,

Qonub yalqızlığın pəncərəsinə.

Bir ümid ovxala donum açılsın,

İnanım sevginin addım səsinə”.

“Əyninə geyinərsən ayın süd işığını” misrası, bədirlənmiş on dörd günlük ayın şəfəqlərini ömrünə geyinir. Şəfəq o qədər təmiz süd kimidir ki, o an içini, çölünü, dərdini, ruhundan qopanları da, özü ilə bərabər süd rənginə çevirir:
Şeiri diqqətlə oxuyanda baş hərfləri Aytən və Şənayla başlayır. İçindəki məna yükü isə onu bəşərilikdən çıxarır. Elə bilirsən, şeir,Tanriya yazılıb.Buna şifrəli şeir deyilir. Şifrəli şeirlər çox vaxt güclü olur. Burda da, öz gücünü kəlmə-kəlmə toplayıb.

“Nə üzünü görərsən, nə yerini bilərsən,

Vida şərqisi çalar saatın əqrəbləri.”

 

“Əyninə geyinərsən ayın süd işığını,

Nəğmələr qəmli olar, şeirlər kədər dolu”.

Gilənar sevgili, gilənar yarpaqlı, gilənar ağaclı, gilənar budaqlı, gilənar gövdəli, gilənar rəngli misralarşairin rəngində, uşaqlığında sevdiyi payızı yaşadır. Saplağı saralan yarpaqlarda, bir yaş qoyur arxada hər il. Rəngin ən gözəlidir payız. 7-dən 77-yə.

 “Gilənar yarpaqları payızı şair edər,

şairi payız.”

***

7 rəngin 77 çalarını sığallar

şair duyğuları, şair barmaqları.

***

“Saçları gilənar rəngində bir qız,

Şeirlərimdə axtaracaq özünü.

Gilənar boyalı dodaqlarında

Pıçıltıyla diriləcək misralar”.

Sevgiyə elə ehmal yanaşır ki, yad gözlərdən, nəzərlərdən öz ruhu, öz baxışları, mənfiləri geri qaytarar, qoruyar.

“Bu gözəllik ki, səndə var,

Hər baxan nəzərlər səni.

Yaxandan asıram baxışlarımı,

Qorusun gözlərdən nəzərdən səni”.

***

“Uşaqlar
qarda ayaqlarını sürüdükləri kimi

yerə düşən yarpaqların

hüznünü dindiririk addımlarımızla”.

Misralardan addımlayıb, kitabın adı ilə bağlı olan şeirə gəldik.Bu şeir kəlmə-kəlmə elm, fəlsəfə, od-ocaq, sehr, duyğu, inam, bütövlük, Tək vücud, İlahi eşq, kamillikdir:

Gecələrin
ulduz çoxluğu qədərdir təkliyim.

“Ocaq yandı, su qaynadı” oynayır

dərdlər başım üstə.

Hər dəfə mənim arxamda

ayrılığın cib dəsmalı.

Qaçmağa taqətim yox.

Əlac…
Səni xəyallarda uydurmalı,

Ürəyimi ovundurmalı,

sevginlə ayağa durmalı.

Və gecənin

it ulartılı səssizliyinə vurmalı

ayrılığın cib dəsmalını.

Mən ancaq

Sənlə bir nəfərəm…

Sənsiz çoxalıram,

parçalanmış çoxluğumda yox oluram.

Çoxluqlar ulduz işartılarıdır –

ölmüş və sönmüş.

Mənə isə sənli təklik gərək,

Təkliklər ölümün fövqündə

zaman qədər ömür sürəcək.

Çox işlənən sözlər: Payız, gilənar, ay işığı, yağışdan sonrakı torpaq iyi, ulduz və sevgi sözləridir.

Aşağıdakı misralar, dəsmal atdı oyununu xatırladır, əfsus ki, bu dəsmal ayrılıq dəsmalıdır və şair sevdiyini itirir:

“Hər dəfə mənim arxamda

ayrılığın cib dəsmalı”.

Bütövləşməkdə yarım qalmış hissəsi ancaq və ancaq “sən” deyə xitab etdiyi yarısıdır, İlahisidir:

“Mən ancaq

Sənlə bir nəfərəm…”

Əriyib çoxalma, fəna fillahyox olma:

Sənsiz çoxalıram,

parçalanmış çoxluğumda yox oluram”.

Sonrakı misralar çoxluqlar dedikdə “Stoxastik-tipologiya” müəyyən və ümumi keyfiyyətlərə malik ulduz ışartılarını beyinə həkk edir, şair özünü,onsuz, partlama nəticəsində çoxalan işartılara və sonra ölən və sönən ulduzlara bənzədir.

Bu misraların çoxunda elmi nəzəriyyənin olması, Elxan Yurdoğlunun elmi biliklərinin yüksək səviyyədə olmasından qaynaqlanır, intellektual mətn yaranır:

“Çoxluqlar ulduz işartılarıdır –

ölmüş və sönmüş”.

Ümumi olaraq şeirlərin sehirli dəyənəyi, misraların üzünə örpək çəkir. Klassik və savadlı şeir ədəbdən yoğrulur, təbiətdə, elmdə bişir. Əqidə və mövqesiz ədəbiyyat mətnləri, həmişə yaşarlığından məhrum edilir. Yaşamını, dəyərini qoruyan  mətnlər, müəllifini heç bir zaman yaddaşlardan silməyəcək…

“Sözlər şua-şua parlatsın səni,

Sözlər ləpə-ləpə toxunsun sənə.

Sözlər dalğa-dalğa oynatsın səni,

Sözlər damla-damla oxunsun sənə”.

Dünyanın ikilik qanunu:“Dənizin sonsuzluğunda Günəş…”Dənizhikmət dənizi. Sonsuzluq ƏbədiGünəşin sonsuzluğu, əbədi və əzəliliyi ilə dünyada bütün varlıqları ikiyə bölən yeganə varlıq. Və bütöv sevgiyə Günəş hakimdir. Mavi sulardakı sarımtıl ilğım Günəşin qüruba enişində sözlə yaşadır şairi. Öz dənizim dedikdə, sevgilər nəzərdə tutulur məncə, saya-hesabagəlməyən, sonu yetişməyən sevgilər…

“Dənizin sonsuzluğunda Günəş…

İkiyə bölər dünyanı

mavi sulardakı sarımtıl ilğım.

Sahildə tənha bir qadın

Şeirimi pıçıldayar

yay həsrətiylə.

– Gəl, məni dənizə qısqan,

öz dənizimə”.

“Səni düşünməyə vaxtım olmadı”, “Susmağın dağ havası”, “Dünyanı bağışlaram”, “Tənha qızın fotosu”, “Dəyərlim”, “Təkliyini gizlədən qadın” başlıqlı şeirlərdən də nümunə gətirmək olar. Bu şeirlərdən sonra “Kitabın içindəkilər” gəlir və kitab bitir.

Qeyd edim ki, kitabın adı kimi şeirlərin adları da çox uğurlu seçilib.

Ədəbiyyatın elitar qolu, dilin normativliyi ilə seçilir, seçiləcək də. Elxan Yurdoğlunun dili rəvan, sözləri ölçülü-biçili, dünyagörüşü, filologiya təhsili, mütaliəsi, tərcümələri, folklorşünaslığı içindəkiləri ümman etmək gücündədir. Elxan Yurdoğlu sirr şairidir, amma şifrəli şeir xaric, adlarla yazılmış şeirləri bəyənmədim.O şeirlərin bu şeirlərin arasında yer alması, dənizin iynə ildırı qədər suyuna nisbətidir. Belə incə məqamlarpeşəkarlığa kölgə salır. Yəqin ki, fikrimdə tək qalmaram. Uğurlu söz, özünü yaratmaqdır, eynən qeydə gələn şeirlər kimi. Kitabın dünya rəngiməni əvvəlki fikrimdən tamlığı ilə daşındırdı…Seçib ələdikdə xeyli seçilməli olan şeirlə üzləşdim.

Şairin şeir balaları zəif və ya güclü olmasından asılı olmayaraq onunkudur, doğmadır, toxunulmazdır. Ümid edirəm ki, növbəti kitabda sanballı şeirlərin arasından zəif şeirlərtəmizlənəcək…

–Mənim şairlikdə iddiyam yoxdur, Gülnarə xanım.

–Siz şairsiniz…Demək ki, şeirin ruhuna girib misralara dönüşmək gərəkmiş.“Ulduz Çoxluğu Qədər Təklik”niz mübarək,gilənar ruhlu, gilənar sevdalı qələmdaş!…

Təklik məxsusilik və fərdilik nidasıdır, yolçu tək olmalı…

 

Gülnarə İSRAFİL

Share: