Şair Səyadulla Kərimli mənimlə eyni şəcərədəndir. Onun da ulu babası şeyx Hüseyn, ulu nənəsi xan qızı Nigar olub, mənim də. Şair Tapdıq Əlibəyliyə gələndə isə bəlkə də qohumuq, amma xəbərimiz yoxdur. Hər ikisi də yaxşı kişilərdir, söz adamlarıdır.
İyulun 1-i Səyadulla Kərimlinin 80, Tapdıq Əlibəylinin isə 65 yaşları tamam olur. Bəlkə də hər birisinə bir yazı həsr etsəydim daha yaxşı olardı, amma qarşıma çıxan bu şəkil məni fikrimdən daşındırdı. Bir halda ki, bu fotoda bir yerdədilər, qoy mən də sözün rənglərindən istfadə edib, onları bir portretdə birləşdirim. Bir halda Sayadulla Kərimli yaşda böyükdür, qoy elə mən də birinci onun əksini çızmağa başlayım. Güclü intuisiyaya, yüksək emosionallığa və dərin empatiya qabiliyyətinə malikdir. Ətrafdakılarla asanlıqla ünsiyyət qurur, ailəcanlı və qayğıkeşdir. Eyni zamanda, daxilindəki təzadları və şübhələri aşdıqdan sonra qarşısına qoyduğu hədəflərə asanlıqla çatır. Onun xarakterinin əsas xüsusiyyətləri isə emosional və ünsiyyətcil olmağıdır. Bu xüsusiyyətləri sayəsində də insanlarla tez dil tapa və başqalarının hisslərini asanlıqla anlaya bilir. Çox həssas adamdır. Tənqidə qarşı bir qədər əsəb keçirə bilər, amma təmkinlidir. Evinə, yaxınlarına çox bağlıdır və sadiqdir. Bəzən qərarsızlıq yaşaya bilir, lakin daxili tarazlığını tapandan sonra olduqca qətiyyətli olur. Ümumiyyətlə, Səyadulla Kərimli pis adam deyil. Heç kimə ziyanı dəymir. Necə deyərlər, tıxsız balıq kimidir…
Nə isə, İndi də keçək Tapdıq Əlibəyliyə. Amma əvvəlcə fırçamı təmizləyim ki, rəngləri qarşıdırmayım. Güclü məsuliyyət hissi var, intizamlı və zəhmətkeşdir. Həyatda qarşısına qoyduğu məqsədlərə çatmaq üçün inadla çalışır. Onun əsas xarakterik xüsusiyyətləri isə zəhmətkeşlik və İntizamdır. Hər bir işdə uğur qazanmaq üçün çox çalışır. Onun üçün asan qazanc yoxdur, hər şeyi öz zəhmətilə əldə etməyi xoşlayır. Başqalarından asılı olmağı sevmir və problemlərini təkbaşına həll etməyə səy göstərir. Sakit təbiətli, təmkinli və müşahidəçidir. Hər hansı bir qərar verməzdən əvvəl dərindən düşünür. Dost və ailə münasibətlərində çox sədaqətlidir. Ona güvənmək, ona arxa söykəmək olar. Bəzi hallarda, həddindən artıq işgüzar olması və ya məsuliyyət hissi güclü olduğundan şəxsi həyatıına kifayət qədər vaxt ayıra bilmir. Amma gördüyü işi də, çəkdiyi zəhməti də şəxsi həyatı hesab edir. Bir sözlə, bu lopa bığ kişi indiki zamanda yaşayan köhnə kişilərin müsair obrazıdır…
…Xülasə, Sayaddulla Kərimlini də, Tapdıq Əlibəylini də yubleyləri münasibətilə ürəkdən təbrik edirəm. Qoy portretin küncündən monoqram da qoyum-
Elman Eldaroğlu..





















