“YAĞIŞ İSLADIB YOLU, yoxsa SƏNİN GÖZ YAŞIN?…”-Vasif Süleymandan Faiq Balabəylinin 55 yaşına….

Faiq Balabəyli-55

YAĞIŞ İSLADIB YOLU, yoxsa SƏNİN GÖZ YAŞIN…

… Şair Faiq Balabəylinin bu əlli beş ilinin tam otuz üç ili bizim dostluğumuzun, qardaşlığımızın payına düşür. Bu illər ərzində həyatının sözlə dəniz arasında keçdiyinin şahidi olmuşam. Və ömrün heç bir aşırımında nə sözə, hə də dənizə vəfasız çıxmayıb. Təpədən-dırnağa sözə və dənizə bələndi.

Təsadüfmü olub, ya zərurətmi, bilmirəm. Faiq Balabəylinin haqqında ilk mətbu yazını da, 40 və 50 illlk yubileylərində təbrik yazısını da, oxucusu olaraq, mən yazmışam. Bu da 55 illliyi…
İlk yazını deyirdim axı.. Təxminən 25 il əvvəl Xəzər Gəmiçiliyinin “Dəniz” qəzetində çap olunan “Mən dənizi qısqanıram” adlı o yazıda yazmışdım ki, bir zamanlar dənizi ədəbiyyata gətirənlərdən, ədəbiyyatı dənizə götürənlərdən birinin Faiq olacağını unutmayın:
Dənizçinin yuxusuna
Torpaq ətri girər hər gün.

Yanıb sönən mayaklarda
ümüd adlı bir közərti görər hər gün
Dənizçiyə dalğaların arasından
əl eləyər su pərisi,
dənizçiyə ad qoyarlar –
su dəlisi.
O, 55 yaşına övladları, “Eh ayrılıq, nə yamansan”, “Sənə yazılan şeirlər”, “Burda darıxmaq olmaz”, “Yaşıl yuxulu dəniz”, “Yağışdan sonra” adlı şeir kitabları, 20 yanvar hadisələri zamanda Bakı buxtasında dənizçilərin fədakarlığından bəhs edən “Kəsilməyən həyəcan fiti” adlı publisistik, “Yaxın uzaq Elazığ” adlı səfər qeydləri kitabı və sevimli nəvəsi DƏNİZlə gəldi. Və bir də həyatın ona bəxş etdiyi ürək ağrısı ilə… Heç birinə naşükürlük eləməyə dəyməz. Əslində bu yaşda pis gəliş də deyil… Dövranın gərdişlərinə, zamanın çalın-çarpaz pillələrində üzləşdiyi çətinliklərə sinə gərib 55 yaşa yetirdi özünü.
Hə, şair dostumuzun “Bayıldan bayıra” adlı bir nəsr kitabı da var. “Qanun” nəşriyyatında işıq üzü görən “Bayıldan bayıra” kitabı Faiq Balabəylinin ilk və bəlkə də sonuncu nəsr kitabı olacaq deyə bilmərəm. Amma bir şeyi demək istəyirəm. Bu kitabda cərəyan edənlərin çoxunun Faiqin müşahidəçisi olduğunu bilirəm (Zamanın dolaylarını həmişə mərdliklə adlayan Faiq Balabəyli bir zamanlar bu dolayların birində amansızcasına ilişib qalmışdı. Bu amansızlıq “Bayıldan bayıra” kitabının yazılmasına vəsilə oldu. Nə isə…
O nəsr kitabını Faiqə yazdıran amansız zaman ondan əvvəl “Burda darıxmaq olmaz” da yazdırmışdı. Axı, söz admı haqq sözün yolunda əzab çəkəndə, onun yenə də sözə sarılmaqdan başqa çarəsi qalmır:
Sənsizlikdən darıxıb,
Dərindən ah çəkirəm.
Mən şeir yazmıram ki,
Sözlə günah çəkirəm.
Onun halal haqqı bir az da “Yeni xəbər” qəzetindəki redaktorluq fəaliyyətindən keçir. Bir vaxtlar bəzilərinin adını “tanınmayan”, “aztirajlı” qoyduqları bu qəzet (“Yeni xəbər”) İspaniyanın “Yutlandes Posten”i ilə döyüşürdü (İspaniyanın “Yutlandes Posten” qəzeti Məhəmməd Peyğmbərin karikaturasını dərc etmişdi). VƏHŞİ QƏRBİN ŞƏRQƏ HÜCUMUnun qabağına sinəsini vermişdi. İsveçrədə “İlin qəzeti” nominasiyasının qalibi olan (yol xərci tapa bilmədiyindən gedib hələ mükafatını ala bilməyən), səsi gedib “Vaşinqton post”a çatan (onda “Vaşinqton post” qəzeti “Yeni xəbər” qəzetində çap olunan Natiq Muxtarlının “Vəhşi Qərbin Şərqə hücumu” adlı yazısı ilə bağlı material vermişdi) qəzetin harayı qəflət yuxusunda olanları oyada bilməmişdi onda. Çox sonralar biləcəkdi ki, böyük sevgilər həmişə böyük ağrıların yanındaca olur.
Adətən bir mövzudan çox danışanda da, yazanda da təkrarçılığa yol verilir. Nə yaxşı ki, Faiq Balabəyli sevgi ilə yoğurduğu poeziyasında buna yol verməyib. Bir ömürlük zaman kəsiyində qarşılaşdığın bütün çətinlikləri, çəkdiyin ağrı-acını taleyin, qismətin adına yazsan belə, yeri gələndə çəkdiklərini də sevməlisən. Ömür deyilən nədirsə, elə budur:
Yağış isladıb yolu,
Yoxsa sənin göz yaşın.
Məni sən tək ağlamaz,
Nə bacım, nə qardaşım.
Bu, Faiq Balabəyliyə görə, çəkdiyin bütün ağrılara rəğmən, torpağa da sevgi ilə getməyin formulasıdır. Doğru düşüncədir. Bir halda ki, yaşayanda da, yaradanda da sevgiyə tapınırsan, “yaşamaq bir aləm, ölmək bir aləm” olduğunun fərqində olmalısan. Çünki bir ömrün sevincini yaşayıb ağrılarını özgəsinə çəkdirə bilməzsən. Ömür bu ömrün sahibinindir.
… Fərqindədir hər şeyin. Uşaq deyil ki, ta 55 yaşı tamam olur. Özü demiş:
Görübən gəlirəm mən bu dünyanı,
Hər şeyi yerinə öncə qoymuşam.
Əllərim üstündə yeriyirəm ta,
Yorğun ayağımı dincə qoymuşam.
Ürəyin sınası, ağlayası yerini bilir. Bilir ki, onu tuşlanan oxlardan qorumaq olar da, amma bir biganə duyğulardan, üzücü nəzərlərdən qorumaq çətindir:
Bilinmir varllığın, bilinmir yoxun,
Sənin tək çəkilib gözümdən yuxum.
Gördüm ki, sinəmə tuşlanıb oxun,
Onçün ürəyimi küncə qoymuşam.
Hər şey zamanında gözəl deyilmi… Yaşamaq da… Elə Faiq özü dediyi kimi:
Bircəciyim, de sözünü, duruxma,
Ömür keçir, gözləyəmməz yaş durub.
Məndən gizlin ağlamısan deyəsən,
Qurumayıb, yanağında yaş durub.
55 yaşın mübarək, şair! Bir o qədər də biz arzulayırıq, sonrası da Allahın işi, elə əvvəli kimi…

Vasif SÜLEYMAN

Share: