Xəncərinizin qaşı düşərdi?

Deyən gərək sənə lazımdı illər uzunu bir verilişinə belə baxmadığın ARB-nin “Günə son” yayımını izləmək üçün gecə saat 10-da, axır ki, şeytanın qıçını sındırıb ekran önünə keçəsən? Belə çıxır ki, adam hər yaşda səhv edə bilər, döşə döyməklə deyil.

Verilişin qonaqları tərcüməçi-yazıçı-publisist Sevil Gültənlə publisist-şair Aləmzər Sadiqızı, mövzu isə, ötən həftə gündəmi zəbt edən AYB ilə onların ev çəkişmələri barədə idi. Baxmağına baxdım, amma təəssüflə… Ağlımdan yüz şey keçsə də, başa düşə bilmədim ki, tanışlığımızın tarixi az qala iyirmi ilə dayanan Rövşanə xanım və verilişin aparıcısı qonaqlarının ağzını boza verməklə nəyə nail olmaq istəyirlər? Bunu ona oxşatdım ki, evə çağırdığın və qarşısına süfrə açmalı olduğun halda, qonağının üstünə düşəsən ki, ay ləlöyün, niyə bura ac gəlmisən? Xarabanda yeyib gələ bilməzdin?
Daha nələr qaldı deməsinlər: AYB sizə niyə ev verməlidi, niyə özünüz almırsınız, yeri gələndə ad, təqaüd də onun kimi… Niyə kitabınız pula getmir, necə şair, tərcüməçisiniz ki, sizi heç biz tanımırıq? Bir sözlə, illərlə yığılıb qalmış ictimai və sosial problemləri yarım saata həll etmək cəhdi! Özü də evlə bağlı dərdlərini dilə gətirməkdən başqa heç bir məqsədi olmayan iki fağır qonaqla! Hər şeyi açıq mətnlə dedilər, bircə şeydən başqa: ev almaqdan gözünüzü çəkin! Ay, ARB! Sizlərdə qonağı belə ağır-əziz eləyirlər? Bu da sizin qonaq qarşılamaq mədəniyyətinizdi? Siz ev verən deyilsiniz, barı sizi özünə dost bilib əl uzadan o iki qadına ümid, qol-qanad verəydiniz. Xəncərinizin qaşı düşərdi? Sualı aparıcı, cavabı Rövşanə xanım verəcəkdisə, bu nə şou idi belə? Açığını deyim, hər adam belə instruktaj olunmur. Afərin! Özü də kimsəyə aman vermədən, məxsusi pozada, arbitr kimi. Soruşmaqdan ki, Sevil xanım, o 80 kitab ki deyirsiniz, tərcümə eləmisiniz, onları hansı şəraitdə, hansı məhrumiyyətlər hesabına çevirmisiniz, yaxud da səhifəsi iki manata da şeir tərcümə eləyərlər, o günəmi qalmısan sən, əvəzində başlayasan ki, mənə Azərbaycanın 5 istedadlı yazıçısı və 5 ən yaxşı əsərinin adını çək! Heç dəxli var? Bunun mövzuya nə aidiyyəti? Bu arada Əkrəm adlı bir tamaşaçının zəngi ümid qığılcımları yaratsa da, onu da verilişin küskün qəhrəmanlarına qatıb susdurdular. Özü də məhz həmin sualla. Tamaşaçı sonacan qonaqların dərdini dinləyə bilmədi. Mətləbdən ustalıqla yayındılar, verilişin ladı dəyişdi, onlar orda, yəqin ki, bir səhv eləyib ekran qarçısında əyləşən tamaşaçı da evində baş sındırmağa başladı ki, bəli də, hanı o 5 yazıçı, hanı o 5 əsər?
Telefonu götürdüm, qaynar xətti yığdım, o saat da evdəkilərin gülüş hədəfi oldum. Buralarda ol, dedilər, bir-iki saata qoşarlar xəttə səni. Nə isə, belə vaxtlar ürəyimin hovunu həmişə özümü söyməklə almışam. Yenə elə oldu.
Demək istəyirdim ki, sən mən tanıyan Rövşanə deyilsən, qız! Yaxşıları görməzdən gəlmək, onların olmadığını iddia və komplekslər təlqin etmək, daim neqativləri qabartmaq məqsədli şəkildə edilir. Biz pisik, yararsızıq, əlimizdən bir iş gəlmir, bəs yaxşı kimdi? Ucdantutma hamı zaydımı? Nəyə nail olmaq istəyir bu imicmeykerlər?
2020-ci ilə qədər ordumuz, əsgərimiz, hərbi qüdrətimiz haqda hədyanlar danışanlar da ritorik sualların arxasında gizlənib gerçək iş görənləri gözdən və nüfuzdan salmağa çalışan ağzıgöyçəklər idi. Sonda nə oldu?… Qələbəyə imzanı kim atdı? Mifləri kim dağıtdı? Bütləri kim yıxdı? Yağı düşməni dizə kim gətirdi? Müəzzəm Ordumuz – qadasını aldığım Azərbaycan oğulları! İndi bütün dünya bu Ordudan, Qələbənin memarından danışır. Bəs nə oldu?
O oğulların atası, babasdı Məmməd Oruc, Firuz Mustafa, Aslan Quliyev, Səfər Alışarlı, Saday Budaqlı, rəhmətlik Rafiq Tağı, Eyvaz Zeynalov, Aqil Abbas, Nəriman Əbdülrəhmanlı, Vaqif Sultanlı, Kamran Nəzirli, Azad Qaradərili, Pərviz kimi nasirlər! Adı böyük hərflərlə yazılmalı olan Səməd Qaraçöp, Allahverdi Təhləli, İbrahimxəlil, Rüstəm Behrudi, Əlizadə Nuri, Akif Əhmədgil, Adilə Nəzər, Zahid Sarıtorpaq, Zəki Bayram, Avdı Qoşqar, Hüseyn Bağıroğlu, Rəfael İncəyird, Murad Köhnəqala, Sakit İlkin kimi şairlər! Bəlkə, erməni kökənlidi onlar, xəbərimiz yoxdu? Tək Məmməd Orucu, Firuz Mustafanı layiqincə tərcümə etməklə dünya arenasına çıxara bilsəydik, bizə bəs elərdi. Bax Sevil xanım bu məqamda işimizə yaraya bilərdi, özü də lap əlasından. Hamı da baxıb görərdi ki, tək Avropadan Azərbaycana deyil, həm də Azərbaycandan dünyanın hər bucağına işıq çəkməyə qabil mütəxəssislərimiz var. Bacardıqmı bunu? Halbuki çoxlarının vurğunu olduğu Koelyo Məmməd Orucun dizindən azca yuxarı ola, olmaya! Murakami Aslan Quliyevin yanından yel olub keçə, keçməyə… Bunu demək istəyirdim sizə!
Demək istəyirdim, “Firuzə qaşlı sırğa”nı, “Rusiyadan gələn qardaş”ı “Sulu qar”ı, “Zəng”i, “Mərənd ölüsü”nü kim yazıb? “Qoç əti” kimindi? “Əli metroda işləyir” kimin qələmindən çıxıb? “Komada olan adam”ı bəlkə, mən yazmışam? Ya bəlkə, “Dişlək alma”nı Sorokin qələmə alıb? Onlarla gözəl əsər adı çəkə bilərəm. Ataqam kimi çox fərqli dil, üslub və təhkiyəyə malik nasirimizi niyə tanımırsınız, ay biçarələr? Bu da müəllifin günahıdı? Fəxri Uğurlu, Kənan Hacı, Salam Sarvan, Aqşin Yenisey, Şərif Ağlayar, Mübariz Örən kimi imzaları necə və hansı insafla gözardı etmək olar? Onları görməmək, güvənməmək yalnız helmi olanların işidir, özü özünə şər atmaq, sanballı söz adamlarını bilə-bilə aşağılamaqdır. Dünən həm də bunu demək istəyirdim sizə! Bizim problemimiz istedadla yox, Avropa dillərinə tərcümə ilə bağlıdır. Açın qulağınızı, eşidin! Bu yerdə söhbət ondan getməli idi ki, dövlət təşkilatları tərcümə işində hansı istedad sahibinə dünyaya çıxmaq üçün əl uzadıb? Reklam və təbliğatı ilə məşğul olub, ya yox? Onu da bacarmadınız… Nə acılar ki, adıçəkilənlərin hər biri bu dəqiqə məhrumiyyət içində yaşayanlardır. Gözünü 300 manat təqaüdə dikib ki, görsün nə vaxt ayın 7, ya 8-i olur, gedib dərmanını alsın…
Beləsinin yadına əsərmi düşər? Sonra da deyirlər, 5 nəfər yaxşı yazıçı-şair adı çək!… Hünəriniz var bundan danışın. Bacararsınız? Sevillə, Aləmzəri susdurmağa nə var ki?
Share: