Şaumyanın qulağı səndədir?…
Bəli…
Çıxart baxım…
Buyurun…
Nə vaxtadək bu beton parçasını cibində gəzdirib, təxribat edəcəksən?…
Gerçək “Şaumyan” tapıb qulağını kəsənə qədər… Çıx otaqdan ekstremist!
Buradakı “ekstremist” mən idim. Ötən əsrin sonlarında bu söz çox dəbdə idi. Kimə istəsən məcburi etiket kimi yapışdırmaq olardı. Yuxarıdakı dialoq da “Çinar İstehsalat Birliyi”nin baş direktoru, rəhmətlik Əli Atayevlə mənim aramda keçmişdi.
Mən həmin İstehsalat Birliyinin “Çinar” adlı qəzetində müxbir işləyirdim. Bəri başdan deyim ki, həmin vaxt başqa direktor ona belə cavab verən işçini doğurdan da ekstremist kimi həbs etdirə bilərdi. Ancaq bəxtimdən Əli Atayev milli və vətənpərvər adam idi. Ona görə də mənim cəzam sadəcə baş direktorun kabinetindən çıxmaqla bitdi.
Hadisə belə olmuşdu. Xalq hərəkatının ən coşqulu vaxtları idi. Sovet imperiyasının dağılması ərəfəsində erməni separatçıları torpaqlarımızı işğal etməyə başlamışdılar! M.Qorbaçovun yanında olan Aqambekyanlar, Sitaryanlar meydan sulayır, Sovet imperiyasının hərbi və informasiya resurslarını Azərbaycanın torpaqlarının işğalı üçün səfərbər edirdilər. Bu prosesi əngəlləyə biləcək yeganə azərbaycanlı, böyük dövlət xadimi Heydər Əliyev planlı şəkildə artıq məcburi istefaya göndərilmişdi. Xalq hərəkatı içərisində olan sağlam qüvvəllərin əlindən çox bir şey gəlməsə də, hər halda milli özünüdərk və milli oyanış prosesinə pozitiv və intellektual impulslar verə bilən ziyalılarımız var idi! Bunların içərisində başdan ayağa vətənpərvərlik atəşinə bürünmüş, yaxınlaşan hər kəsi də bu atəşlə alovlandıran, üstəlik vətənpərvər şeirlərilə ürəklərdə taxt qurmağı bacaran XƏLİL RZA ULUTÜRKün ayrıca yeri vardı. Azadlıq Meydanında Xəlil Rza, Zəlimxan Yaqub və Mikayıl Mirzə üçlüyü harada olurdusa həmin yer daha çoşqulu, daha möhtəşəm görünürdü. Mən də daima onların yanında olanlardan idim. Mitinqin qızğın yerində birdən-birə Xəlil Rza Ulutürk bizə müraciətən, “haydı igidlərim gəlin gedək mənfur Şaumyanın heykəlini yıxaq”, dedi…! Böyük bir izdiham Ulutürkün arxasınca Azadlıq Meydanından indiki “Cavanşir”, o zamanki “Qaqarin” körpüsünə tərəf üz tutdu. Bu yaxınlara qədər təqribən Şah İsmayıl Xətainin heykəlinin olduğu yerdə Stepan Şaumyanın heykəli vardı. Biz heykəlin yanına çatar – çatmaz bir traktor da tapıldı və doğurdan da heykəli yıxdıq. Mən qələbəliyin içərisindən ayrılıb heykələ yaxınlaşdım və beton parça ilə onun qulağını qırıb, götürdüm. Elə oradaca möhtəşəm bir mitinq keçirib dağılışdıq.
İş yerində dostlarım mənim bu hərəkətimdən xəbər tutmuşdular və söz gedib baş direktora da çatmışdı. Aramızda keçən məlum sərt dialoqdan sonra bir gün yenə özümdə cəsarət tapıb direktorun qəbuluna getdim. Gözləmədiyim halda məni qəbul edib, nə üçün gəldiyimi soruşdu. Mən xalq hərəkatı fəalları olan dostlarımla birlikdə, Xəlil Rza, ZəlimxanYaqub və Mikayıl Mirzəni zavod zəhmətkeşləri ilə görüşə dəvət etmək istədiyimizi bildirdim. Gəlsinlər… amma hər şeyə görə məsuliyyəti sən daşıyırsan, işdən sonra 2 saat vaxtınız olacaq… dedi! Bir neçə gün sonra təyin edilmiş vaxtda hər üç qonağımız zavoda gəldi! Təkidli dəvətlərə baxmayaraq Xəlil Rza Ulutürk zavod rəhbərliyindən heç kəslə görüşmədi! Sadəcə inzibati binanın birinci mərtəbəsində yerləşən bizim redaksiyaya gəldi. Mənə öz kitabını hədiyyə edib birbaşa kluba üz tutdu. Fəhlələr qarşısında təntənəli bir nitq irad etdi. Sonra – “indi isə sözü gənc Füzuli hökmü ilə yazıb yaradan Zəlimxan Yaquba” verirəm deyib, tribunadan endi! Həmin gün bir qədər daha çox milliləşdik, bir qədər daha çox vətənsevər olduq, dostumuzu, düşmənimizi bir qədər daha yaxşı tanıdıq…!
Bu gün böyük şairimiz Xəlil Rza Ulutürkün anım günüdür…. Ruhun şad olsun ustad! Səni daima rəhmət və şükranla anacağıq!