Mən elə bir ailədə dünyaya göz açmışam ki, evimizdə həmişə Quran sədası eşidilib. Babam sırf dindar olub. Kərbəla ziyarətinə də atla gedib.
Onun inancına, mənəvi dünyasına, dini bağlılığına hörmətlə yanaşıram. Çünki insanın inancı onun mənəvi kimliyinin bir parçasıdır. Amma bu gün mən məktəbdə məktəbli formasının tərəfdarıyam. Bəlkə də kimsə bunu ziddiyyət kimi qəbul edəcək. Ailəsində Quran səsi eşidilən bir insan necə olur ki, məktəbdə vahid formanın tərəfdarı çıxır? Mənim cavabım isə çox sadədir. Dinə hörmətlə dövlətin dünyəvi prinsiplərini müdafiə etmək bir-birinə zidd deyil. İnsanın inanclı olması onun təhsilə, müasirliyə, qanunun aliliyinə və dünyəvi dövlət quruluşuna qarşı çıxmasını tələb etmir.
Mən dinin əleyhinə deyiləm. Amma din adı altında cəmiyyətin inkişafının qarşısının alınmasına, qadının azadlığının məhdudlaşdırılmasına, uşaqların dünyagörüşünün daraldılmasına və dövlət qanunlarının şəxsi istəklərə qurban verilməsinə qarşıyam.
Bu gün müzakirə etdiyimiz məsələ təkcə məktəbli forması, geyim və ya baş örtüyü məsələsi deyil. Söhbət Azərbaycanın hansı dəyərlər üzərində gələcəyə doğru gedəcəyindən, hansı tarixi təcrübədən nəticə çıxaracağından və gələcək nəsillərə necə bir cəmiyyət miras qoyacağımızdan gedir.
Azərbaycanın maarifçilik tarixini vərəqləyək. Mirzə Fətəli Axundzadənin əsərlərini, Cəlil Məmmədquluzadənin satirasını, «Molla Nəsrəddin» jurnalının cəmiyyətə tutduğu güzgünü xatırlayaq. Cəfər Cabbarlının qadın azadlığı, insan ləyaqəti və köhnəlmiş ictimai münasibətlərlə mübarizə haqqında düşüncələrini bir daha nəzərdən keçirək. Bu böyük ziyalılar öz dövrlərinin cəhalətinə qarşı qələmləri ilə mübarizə aparırdılar. Onlar xalqın savadlanmasını, qadının cəmiyyətin bərabərhüquqlu üzvünə çevrilməsini, insanın mövhumatın və cəhalətin əsarətindən qurtulmasını istəyirdilər.
Onların mübarizəsi inanclı insanlarla düşmənçilik yaratmaqdan ibarət deyildi. Əsas məsələ insanın ağlını, iradəsini və azadlığını əlindən alan düşüncə tərzini dəyişmək idi. Maarifçilik bizə öyrədirdi ki, insanın taleyini qorxu, qadağa və kor-koranə itaət deyil, bilik, təhsil və azad düşüncə müəyyən etməlidir.
Bəs bu gün biz haradayıq? Bir əsrdən artıq müddətdə qazandığımız təcrübə bizi daha da irəli aparmalıdır, yoxsa yenidən keçmişin mübahisələrinə qaytarmalıdır?

Bu sualı verərkən Azərbaycan kinosunu da xatırlamamaq mümkün deyil. «Dəli Kür» filmini yada salaq. Cahandar ağanın dünyası, onunla qarşı-qarşıya gələn qüvvələr, köhnə düşüncə ilə yenilik arasındakı mübarizə… Bəs bu gün özümüzə belə bir sual verməyə haqqımız yoxdurmu? «Dəli Kür»ün müsbət qəhrəmanı «Urus Əhməd»i yenə «Molla Sadıq»mı əvəz edir?
Bu, sadəcə kino qəhrəmanlarının adlarını çəkmək deyil. Bu, cəmiyyətin hansı istiqamətdə dəyişdiyi barədə narahatlıqdır. Bir vaxtlar ədəbiyyatımızda və kinomuzda cəhalətin, mövhumatın, insan azadlığını məhdudlaşdıran düşüncənin yaratdığı faciələri görmüşük. Bu əsərlər bizə köhnə ilə yeninin, azad düşüncə ilə kor-koranə itaətin mübarizəsini göstərib. İndi isə bəzi müzakirələrə baxanda adam düşünür ki, görəsən, biz həmin əsərlərin verdiyi dərsləri unutmuşuqmu?
«Nəsimi» filmini xatırlayın. Həqiqət uğrunda mübarizəni, insanın mənəvi azadlığını, düşüncəsinə və əqidəsinə görə təqib olunmasının faciəsini yada salın. Bu filmlər, bu əsərlər təsadüfən yaranmayıb. Onlar xalqımızın tarixi yaddaşının, mənəvi axtarışlarının, azadlıq və həqiqət uğrunda mübarizəsinin bir hissəsidir. Belə nümunələr minlərlədir. Ədəbiyyatımızda, teatrımızda, kinomuzda köhnə düşüncənin insan həyatına vurduğu zərbələri göstərən kifayət qədər əsər var.
Bəs biz həmin əsərləri niyə yaratmışıq? Niyə nəsillər boyu oxumuş, izləmiş, müzakirə etmişik? Məgər məqsədimiz keçmişin səhvlərini təkrarlamaq olub? Yoxsa gələcək nəsillər həmin səhvlərə qayıtmasın deyə tarixdən nəticə çıxarmaq istəyirdik?
Bakıda «Azad qadın» heykəli hələ də yerindədir. O heykəl mənim üçün sadəcə bir sənət əsəri deyil. O, Azərbaycan qadınının azadlığa, təhsilə və ictimai həyata doğru keçdiyi çətin yolun rəmzidir. Bir zamanlar qadının çadranı açması, təhsil alması, səhnəyə çıxması, öz fikrini açıq ifadə etməsi böyük cəsarət tələb edirdi. Bu addımları atan qadınlar ailələrinin, cəmiyyətin və dövrün sərt münasibətlərinin müqaviməti ilə üzləşirdilər.
Bu gün həmin mübarizənin nəticələrindən bəhrələnirik. Qadınlarımız müəllimdir, həkimdir, alimdir, mühəndisdir, dövlət xadimidir. Onlar ailənin də, cəmiyyətin də inkişafında mühüm rol oynayırlar. Bu hüquqlar öz-özünə qazanılmayıb. Onların arxasında mübarizə, maarifçilik və dəyişən ictimai düşüncə dayanır.
Elə isə özümüzə sual verməliyik ki, biz bu tarixi yolu niyə keçmişik? Məqsədimiz qadının seçim imkanlarını genişləndirmək olub, yoxsa bir geyim formasını başqa bir geyim forması ilə əvəz edərək yenidən onun həyatını cəmiyyətin mühakiməsinə vermək?
Burada vacib bir məqam var. Qadın azadlığı nə çadranın olmasında, nə də olmamasında ölçülməlidir. Qadının azadlığı onun öz seçimini qorxu, təzyiq və məcburiyyət olmadan edə bilməsindədir. Əgər qadın baş örtüyünü öz inancına görə seçirsə, bu seçiminə hörmət edilməlidir. Əgər başqa bir qadın örtünməməyi seçirsə, onun seçimi də eyni hörmətə layiqdir. Azadlıq bir seçimi hamıya qəbul etdirmək deyil, hər kəsin hüququnu qorumaqdır.
Bəs məktəb məsələsinə niyə bu qədər həssas yanaşırıq? Çünki məktəb sadəcə dərs keçilən bina deyil. Məktəb uşağın dünyagörüşünün formalaşdığı, fərqli ailələrdən gələn uşaqların bir-biri ilə ünsiyyət qurduğu, ortaq vətəndaşlıq hissini öyrəndiyi məkandır. Bir uşaq dindar ailədən, digəri dünyəvi ailədən, başqa biri isə fərqli mədəni mühitdən gələ bilər. Onların ailə ənənələri, inancları və həyata baxışları fərqlidir. Amma məktəbin qapısından içəri daxil olduqda onları birləşdirən ortaq məqsəd var. Təhsil almaq, bilik qazanmaq və gələcəyə hazırlaşmaq.
Mən məktəbli formasının tərəfdarıyam. Çünki vahid forma məktəbdə geyim üzərindən yaranan sosial fərqləri və rəqabəti azaltmağa, ümumi təhsil mühitini qorumağa kömək edə bilər. Əlbəttə, forma bütün problemlərin həlli deyil. Məktəbdə əsas olan keyfiyyətli təhsil, müəllimin nüfuzu, uşağın təhlükəsizliyi və şagirdin hüquqlarının qorunmasıdır
Ancaq məktəb həm də müəyyən qaydaların olduğu ictimai müəssisədir. Bu qaydalar şəxslərin istəyinə görə deyil, qanunlara, təhsil məqsədlərinə və uşaqların mənafeyinə uyğun müəyyən edilməlidir.
Məktəbli forması ilə dini geyim məsələsini eyniləşdirmək də düzgün olmazdı. Konkret geyim tələblərinin qanuniliyi qüvvədə olan qanunvericiliyə və müvafiq təhsil qaydalarına əsasən qiymətləndirilməlidir. Mənim müdafiə etdiyim prinsip də budur. Qayda varsa, hamı üçün aydın olmalıdır, tələb varsa, qanuni əsaslara söykənməlidir, qərar varsa, ayrı-seçkilik yaratmadan tətbiq olunmalıdır. Uşaqların təhsili böyüklərin ideoloji mübarizəsinin meydanına çevrilməməlidir.
Din mənim üçün insanın vicdanı, mənəvi məsuliyyəti və Yaradanla münasibəti ilə bağlıdır. Dövlət qanunları isə müxtəlif düşüncələrə, inanclara və həyat tərzlərinə malik insanların birgə yaşamasını təmin edən ümumi hüquqi çərçivədir. Bu iki sahəni bir-birinə qarşı qoymaq doğru deyil. İnanclı insan qanuna hörmət edə bilər, dünyəvi dövlət də vətəndaşların dini etiqad azadlığını qoruya bilər.
Dünyəvilik dinsizlik demək deyil. Dünyəvi dövlət vətəndaşın inanıb-inanmamasını onun əvəzinə müəyyən etməməli, hüquqları dini mənsubiyyətə görə bölüşdürməməli və qərarlarını qanunla əsaslandırmalıdır. Dövlətin dünyəviliyi dinə qarşı mübarizə aparmaq üçün deyil, müxtəlif inanclara sahib insanların bərabər hüquqlarla yaşaya bilməsi üçün vacibdir.
Buna görə də «dövlətin qanunu mütləq icra olunmalıdır» fikrini müdafiə edirəm. Ancaq qanunun aliliyi yalnız vətəndaşın qanuna tabe olması demək deyil. Dövlət orqanları da qanuna uyğun davranmalı, vətəndaşların hüquqlarını qorumalı, qaydaları özbaşına deyil, hüquqi əsaslarla tətbiq etməlidirlər. Qanunun aliliyi hamının üzərinə eyni məsuliyyəti qoyur. Vətəndaş qanuna əməl etməli, dövlət isə qanunu ədalətli və bərabər tətbiq etməlidir.
Bu mövzuda dindarlıqla xurafat arasındakı fərqi də unutmamalıyıq. İnsan səmimi şəkildə ibadət edə, dini dəyərlərə bağlı yaşaya, övladlarına mərhəməti, dürüstlüyü və mənəvi məsuliyyəti aşılaya bilər. Bunların heç biri cəmiyyətin inkişafına maneə deyil. Problem dini inancın başqasının hüququnu məhdudlaşdırmaq üçün vasitəyə çevrildiyi, sual verməyin qadağan olunduğu, elmi biliklərin rədd edildiyi, qadının iradəsinin yox sayıldığı yerdə başlayır.
Dindar olmaq savadsız olmaq demək deyil. Müasir geyinmək də öz-özlüyündə mütərəqqi düşüncənin göstəricisi deyil. Əsas məsələ insanın biliyə, azadlığa, hüquqa və başqalarının seçimlərinə münasibətidir. Biz insanları geyimlərinə görə deyil, əməllərinə, davranışlarına və başqalarının hüquqlarına münasibətlərinə görə qiymətləndirməyi bacarmalıyıq. Dini ənənələrə bağlı olan hər kəsi xurafatçı hesab etmək nə qədər yanlışdırsa, dinin adından istifadə edərək cəmiyyətin inkişafına mane olmağı da müdafiə etmək bir o qədər yanlışdır.
Mən istəyirəm ki, Azərbaycan məktəblərində uşaqlar keyfiyyətli təhsil alsınlar, elmi düşünsünlər, dünyanı tanısınlar, sual verməkdən çəkinməsinlər. İstəyirəm ki, onlar həm öz ailələrinin inancına hörmət etməyi, həm də fərqli düşünən insanlarla bir yerdə yaşamağı bacarsınlar. Heç kim başqa birinin dini mənsubiyyətinə görə alçaldılmasın, heç kim də öz inancını başqasına məcburi qəbul etdirməyə çalışmasın.
İstəyirəm ki, qızlarımız təhsil almaq, peşə seçmək, işləmək və həyatları barədə qərar vermək imkanlarına sahib olsunlar. İstəyirəm ki, dövlətin qaydaları aydın, hüquqi və hamı üçün ədalətli olsun. Çünki güclü dövlət yalnız qadağalarla deyil, hüquqa inamla, keyfiyyətli təhsillə və vətəndaşların qarşılıqlı hörməti ilə formalaşır.
Mən Quran səsi eşidilən bir evdə böyümüşəm. Babamın dini inancına, onun Kərbəla ziyarətinə atla getməsinə hörmətlə yanaşıram. Bu, ailəmin tarixinin bir hissəsidir. Amma Mirzə Fətəli Axundzadənin maarifçilik düşüncəsi, Cəlil Məmmədquluzadənin cəsarəti, Cəfər Cabbarlının azadlıq və qadın hüquqları uğrunda mübarizəsi də mənim tariximin bir hissəsidir. Mən bu iki irsi bir-birinə düşmən görmürəm. İnanıram ki, insan həm mənəvi dəyərlərə bağlı ola, həm də müasir dünyanın bilik və hüquq prinsiplərini müdafiə edə bilər.
Mənim üçün əsas məsələ insanın hansı geyimi seçməsi deyil, onun seçim hüququnun qorunmasıdır. Əsas məsələ insanın inanıb-inanmaması deyil, başqasının hüququna hörmət etməsidir. Əsas məsələ kimin daha çox səs salması deyil, hamımız üçün keçərli olan qanunların ədalətlə tətbiq edilməsidir.
Mən dinin əleyhinə deyiləm. Mən cəhalətin, xurafatın, məcburiyyətin və hüquqsuzluğun əleyhinəyəm. Mən təhsilin, azad düşüncənin, qadın hüquqlarının və dünyəvi dövlətin tərəfdarıyam.
Bir daha «Dəli Kür»ü xatırlayıram və özümə sual verirəm: Müsbət qəhrəmanımız «Urus Əhməd»in yerini yenə «Molla Sadıq»mı tutur? «Nəsimi»ni, «Azad qadın» heykəlini, maarifçilərimizin əsərlərini xatırlayıram. Bu qədər tarixi təcrübədən, bu qədər mübarizədən sonra yenidən eyni sualları vermək məcburiyyətində qalmağımız insanı düşündürür.
Bəlkə də ən böyük təhlükə yüz il əvvələ qayıtmaq deyil, yüz il əvvəlki mübarizələrin nə üçün aparıldığını unutmaqdır.
Biz bu qədər yolu keçib, bu qədər mübarizənin nəticəsini görüb, indi yenidən yüz il geriyə dönmək üçünmü mübarizə aparırıq?
Mən inanıram ki, Azərbaycanın gələcəyi keçmişin qaranlıqlarına qayıtmaqda deyil, elmin, təhsilin, vicdan azadlığının, qadın hüquqlarının və qanunun aliliyinin qorunduğu müasir cəmiyyət qurmaqdadır.
Çünki tərəqqi insanın inancını əlindən almaq deyil, onun düşünmək, öyrənmək və azad yaşamaq imkanlarını genişləndirməkdir

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar birliyinin üzvü,
Prezident təqaüdçü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.






















