“Ürəyimin əl dəyməmiş tər yerindəsən.”-Ayaz Arabaçı….

Müstəqil.Az  şair Ayaz Arabaçının yeni şeirlərini təqdim edir:

ÜRƏYİMİN ƏL DƏYMƏMİŞ TƏR YERİNDƏSƏN 

Hər gün səndən baş götürüb gedirəm,hər gün,

Ancaq heç cür səndən uzaq qala bilmirəm.
Gecə-gündüz altdan-üstdən silahlanıram,
Bu sevdanın qabağını ala bilmirəm.

Yox, səni də götürürəm ehtiyat üçün,
Ürəyimin əl dəyməmiş tər yerindəsən.
Düzdü səndən baş götürüb gedirəm,ancaq,
Günəş kimi yer üzünün hər yerindəsən.

Neçə dəfə qəsdə durub cəhd eləmişəm,
Başqaları sənin qədər könlümə yatmır.
Təzə,gözəl sözlər üçün baş çatladıram,
Amma gücüm hisslərimi təsvirə çatmır.

Dalğaları qan qoxuyan bir ümmandayam,
Gündən-günə qərq oluram daha dərində.
Sənə verib tale mənim təyinatımı,
Dolaşıram evinizin həndəvərində.

Canım elə qurban gedir ayrılığına,
Gəlib görsən sevincindən gözün dəyəcək..
Xərçəng kimi ayaq açan bu sevgi mənim,
Ürəyimi partlatmamış əl çəkməyəcək..

 
TUTACAQ

Tökülüb gəlirlər yad planetdən,
Bir azdan hər yeri yağı tutacaq.
Kərbəla çölündən betərdi bu gün,
İçimiz nə qədər ağı tutacaq.

Bu nə sıçrayışdı yaxşıdan pisə,
Lift ilə enirik qızıldan misə,
Kimin adamlığı yerindədisə,
Qaradan qabaqda ağı tutacaq.

Hərənin öz işi,öz adamları
Yanıb qurtardımı köz adamları..
Ayə,a,millətin söz adamları,
Sizi nə vaxtacan yuxu tutacaq…

Bəlkə heç qalmayb dərdi-səriniz,
Çoxmu qiymətlidi cırıq dəriniz,
Nə qədər əttökən şeirləriniz,
Bülbül uçurdacaq,ahu tutacaq.

Üstədi,Qarabağ cəbriniz,üstə..
Nədi filmi yatıb səbriniz üstə,
Öləndə bu millət qəbriniz üstə,
Gül-çiçək yerinə kahı tutacaq.

Tısbağa qınında ömür qət olmaz,
Şair kişi olar,şair ət olmaz..
Olmaz ey,bu qədər xəyanət olmaz,
Sizi o qələmin ahı tutacaq..

ADAM

Yoxundan nə qədər yıxılar adam,
Heçindən nə qədər yıxılar adam.
Ayağı dolaşıb qanadlarına,
İçindən nə qədər yıxılar adam..

Nə qədər oturub siqar piləyər,
Nə qədər Allahdan kömək diləyər,
Nə qədər özünü boyayar qana,
Nə qədər gözündən yağış çiləyər..

İlahi sən özün keç günahımdan,
Yollar ayağımı şişə taxırlar.
Adamlar kef çəkib mənim ahımdan,
Heç nə eşitmirmiş kimi baxırlar.

Beşcə barmağı var uzağı vur-tut,
Bir əldən nə qədər çıxılmaq olar..
Bu ömür ipindən aç burax məni,
Bu ipdə nə qədər sıxılmaq olar.

Birtəhər dözürdüm dilini tapıb,
Bu köhnə dərdlərin kamanı deyil.
Özünü quş kimi divara çırpıb,
Hönkürüb ağlamaq zamanı deyil..

Gözəldi bu ağac,bu ip,bu kətil..
Bu ömrün üstündə əl işim olsun.
Elə doymuşam ki,bir dəfəsindən,
Bu mənim sonuncu gəlişim olsun.

Dolub belimdəki günah zənbilim,
Yığıb ətəyini gedək deyirsən.
Açma qollarını taybatay mənə,
Sən daha döydüyüm qapı deyilsən.

Yoxundan nə qədər yıxılar adam,
Heçindən nə qədər yıxılar adam..
Ayağı dolaşıb qanadlarına,
İçindən nə qədər yıxılar adam?…

Share: