“Türk yadigarları…”- Minəxanım Nuriyeva…

Türk yadigarları:   (əvvəli ötən sayımızda)                                    

Rus dövləti hakimiyyət simvolları-Türk tarixi və sənəti örnəkləridir.

Hakimiyyət nişanəsi olaraq II Yekaterina dövrü hazırlanan “Dəryayi-nur”, ilk adı isə “Muğul alması” həkk olunan skipetr (hakimiyyət sancağı) hazırda Rusiya Almaz fondunun bir neçə sayılı qiymətli varidatlarındandır. Almazın ilk sahibi Böyük Moğollar sülaləsindən qüdrətli hökmdar Şah Cahan idi; onun ilk adı “Böyük Moğol”da buradandır. Açılmaqda olan qızılgül şəklində cilalanmış almasın ilkin təbii çəkisi 400 karat olmuşdur. Bu gün də o öz əvvəlki cilalanma şəklini saxlayır. Onun daha sonrakı və geniş yayılmış adı Qacarlar sarayında qazandığı “Dəryayi-nur”dur; İran sarayına gətirilən kimi bir çox qiymətli daş qaşlarla birlikdə Nadir şahın taxtına həkk olunmuşdu. Nadir şahın saray çevrilişi nəticəsində ölümündən (1747) sonra əldən-ələ düşən almaz (deyirlər müxtəlif əllərdən keçən almaz bir dənizçinin əlinə düşdükdə o bu bu xarüqə, gözəl daşın burada satılmağının mümkün olmadığını, yalnız Avropaya çıxarılmasını başa düşüb ayağında kəsib açdı yaraya alması yerləşdirib xaricə çıxara bilir) nəhayət Amsterdamda erməni taciri Qriqori Safrazın əlinə düşür. Lakin belə bahalı daşa müştəri tapmaq da asan məsələ deyildi; odur ki, tacir Peterburqda yaşayan bacısıoğulları məşhur Lazarev qardaşlarına müraciət edir. Safraz kimi əslən Culfadan olan Lazarev qardaşları ticarətlə bərabər həm də böyük sərvətə malik sahibkar idilər; ipək manifakturaları, kağız fabrikləri, Sibirdə zəngin mədənləri, sənaye obyektləri vardı, onlar tacir olmaqla yanaşı həm də xalq maarifçiləri idilər. Peterburqda malik olduqları torpaqlarda sonralar-1814-cü ildə Şərq Dilləri institutu açdılar. Bu gələcəkdə Lazarev adına Şərqşünaslıq institutuna çevriləcəkdi. Qeyd edək ki, Rusiya EA-sının Şərqşünaslıq institutu Lazarev institunun əsasında təşkil edilmişdir.

…Safraz zənnində yanılmamışdı, Lazarev qardaşları çar sarayına yaxın idilər. Onlar almazı alıb qraf Orlova satmışdılar. 1773-də bir bahar günündə Orlov almazı ad günü münasibətilə Yekaterinaya bağışlayır. Artıq 1768-74-cü illərin Rus-Türk müharibəsi sona yetməkdə idi və general qraf Qriqori Orlov Rusiyanın yaxınlaşan qələbəsi ilə imperatriçanın qəlbində xoş təbədülatlarla özünə qarşı münasibətin istiləşəcəyinə inanırdı. Həm də o ezam olunduğu ağır və çətin vəzifənin öhdəsindən gəldiyinə – Moskvada baş verən vəba epidemiyasının kökünü kəsə bilməsi ilə yanaşı bu hədiyyə ilə də çariçənin qarşısında itirilmiş sevgisinin qayıdacağına ümid edirdi. Çariçə məmnun qalmışdısa da bir vaxtlar yerini heç kimlə dəyişə bilməz olduğu, hətta qanunu nikaha girmək istədiyi sevgilisinin artıq yeri tutulmuşdu. İndi onun qəlbinin və düşüncəsinin sahibi knyaz Aleksandr Vasilçikov idi. Bu macəranın ardınca da sevgisi böyük və sonrası ömür boyu dərin dostluğa çevrilən bu məhəbbət qədər də güclü, möhtəşəm bir şəxsiyyət olan 30 yaşlı general Potyomkin gələcəkdi. Odur ki, belə fantastik ərməğanın qarşısında yenə də barış qeyri-mümkün idi. Hədiyyəsə çariçəni bərk sevindirmişdi, amma indi onun ürəyini oxşayan bu hədiyyə o nə qədər istəsə də çox böyük olduğundan brilliantı üzük və ya boyunbağıya həkk etmək də uyğunsuz görünürdü. Odur ki, Yekaterina onu hakimiyyət sancağına – skipetrin zirvəsinə qoydurur. Bu bahalı hədiyyə xəbəri bütün Avropanı silkələdi; axı heç bir dövlətin xəzinəsində bu böyüklükdə və dəyərdə brilliant yox idi. Hətta söz gəzirdi ki, bu Orlovun və ya hansısa yüksək saray məmurunun hədiyyəsi deyil, əslində ağıllı və tədbirli imperatriça almazı özü almışdır. Lakin dövlət pulunu bədxərclik edib öz bəzəklərinə sərf edir deyə xalqın gözündən düşməməkçin bu “hədiyyə” oyununa əl atmışdır. Əlbəttə bu əsassız şaiyələr heç də inandırıcı görünməmiş, tez də unudulub getmişdir. Əvvəla Orlov özü saya-hesaba gəlməyən var-dövlətə, sərvət malik idi; həm də təkrarən çariçənin sevgisini qazanmaq da ayrıca bir o qədər səadət demək idi onunçün. Orlovun səxavəti başa düşüləndir.

Qəribə ondadır ki, Sovet hakimiyyətinin ilk onilliyində 20-30-cu illərdə ölkəni aclıqdan qurtarmaq məqsədi ilə Mikoyanın nəzarəti altında xaricə dəyər-dəyməzinə satılan xəzinə əşyaları sırasına bu almaz düşmədi, çünki gözəyarı da olsa onu dəyərləndirib qiymət qoymaq qeyri-mümkün oldu; 200 karatlıq bu daşı bu gün də qiymətləndirmək mümkün deyil; bu daha çox da onun ən qədim cilalanan daş olması ilə əlaqədardır.

İndi müxtəlif padşahlıq taxtları çoxdur; lakin onların arasında Rus çarlarının tacqoyma mərasimində imperatorun əyləşdiyi “Almas taxt” mühüm dövlət reqaliyasından biridir. Hazırda Rusiya Dövlət Silah palatasında mühafizə edilən bu taxtı varlı erməni taciri Zəkəriyyə Saradovun başçılığı altında erməni tacirləri çar Aleksey Mixayloviçə (1629-1676) bağışlamışdılar. Bilirik ki, tarixdə Misir fironunun qızıl “Tutanxamon taxtı” olmuşdur; odur ki, bu hədiyyə ilə uzaqgörən Erməni tacirləri rus çarını əfsanəvi hökmdarlara bənzədirdilər və çardan böyük lütf və güzəşt gözləyirdilər; bunun müqabilində Volqa-buradan Xəzərə, sonra İrana, daha sonra Hindistana çıxan böyük ticarət yollarını əllərinə almaq istəyirdilər. Atasından sonra hakimiyyətə gələn Pyotr ermənilərin bu “hörməti”ni unutmamışdı; xəzərboyu hərbi səfərin yekunu olaraq ortaya qoyduğy vacib şərtlərdən biri, İran, Hindistan ölkələrinin ticarəti, xüsusən daş qaş və inci ticarəti yalnız ermənilərin əli ilə aparılmaqla və gömrüksüz hərəkət etməklə gəzib dolaşmaları kimi öhdəliklərin qəbul edilməsilə başlıcası ermənilərin xeyrinə oldu. Taxt 1659-cu ildə İsfahanda hazırlandı Onu Səfəvi türk hökmdarı II Şah Abbasın saray zərgərləri hazırlayırdı. Belə demək olur ki, bu hədiyyə taxtı rus çarına ermənilər bağışsalar da və sifarişlə işləyən ustalar qoruyucu mələklər, çar emlemləri həkk etsələr də, əsər türk sənəti örnəyi olaraq qalmaqdadır. Taxt şəbəkə və basma üsulu ilə qızıldan hazırlanmış və bəzədilməsində 900-ə yaxın iri almazlar, 1298-ə dək isə yaqut və zümrüddən, 1800-dən artıq firuzədən istifadə edilmişdir. Tam bir türk sənəti üslubunda bir taxt hazır oldu. Rus çarları tacqoyma mərasimlərini bu taxtda icra etmişlər.

Rusiya Dövlət palatasının Almaz fondunda mühafizə edilən “Şah” almazını talisman kimi gəzdirirdilər. Onun hər bir tilsimini qovduğuna inanmaq lazım gəlir. Böyük coğrafiyalarda, müxtəlif şahların xəzinəsində görünüb əldən ələ keçən bu daş heç zaman pula satılmamışdı. Onun bəlalı bir taleyi vardı; o ağır, çətin hallarda bir rüşvət-hədiyyə kimi kara gəlmişdi. Qriboyedov İranda öldürüldükdən sonra Fətəli şah Qacar Rusiya ilə çətinliklə əldə olunmuş sülhü pozmamaq məqsədilə Peterburqa oğlu Xosrov Mirzəni girov sifətilə qanbahası olaraq da qiymətli hədiyyələrlə böyük heyət göndərdi. Hədiyyələr arasında 100 karata yaxın olan“Şah” briliantı da var idi. “Şah” almazı Bürhan Nizam şahın xəzinəsinə daxil idi; 1450-ci ildən məlumdur. Ardınca Böyük Moğollardan Əkbər şahın, Cahan şahın əlində olmuşdur. Nəhayət 1738-ci ildə Hindistana qoşun çəkən Nadir şah Əfşar xəzinəni qəsb edib İrana gətirir.

Almaz təkcə qiymətli, gözəl daş olmaqla hakimiyyət reqaliyalarında işlənmirdi. Ən möhkəm bir mineral kimi həm də güclü enerji mənbəyi olmaqla ən çox əski inamların təsiri ilə uzunömürlülük, sabitlik vəd edirdi. Almaz türk sözü öz lüğəvi mənasında da bunu əks etməkdədir. Qorxmaz, qayıtmaz, dönməz söz (həm də ad) qəlibində düzələn almaz kəlməsi “dəyişməyən, pozulmayan; etibarlı” (feil kökü al-dır-maq, al-ın-maq”dəyişmək, başqa hala çevrilmək”) mənasındadır. Həm də almazın bir təbii daş kimi formalaşması 100 milyon illərin, hətta 2-3 milyard illərə çəkən bir doğuluş, yaranma tarixi var. Bu da onun qiymətli, nadir mineral olmasına şərait yaradır.

                                                                                       Minəxanım Təkəli

Share: