Biz bitməmiş bir fikrin içində yaşayırıq
Səlim Babullaoğluna
Bu şeiri iki il əvvəl yazmışdım. O vaxt bir neçə dosta oxumuşdum, fərqli fikirlər eşitmişdim. Yenidən baxanda gördüm ki, bəzi misralar dəyişilmək istəyir, bəziləri isə olduğu kimi qalmalıdır.
(müəllif)
Söz
özünü izah etmir,
yalnız dayanır
sizin misralarınızda:
divara söykənmiş adam kimi,
və susur.
Bir kitab açılır,
amma oxunmur…
Çünki orda yazılanlar
qədər kimidir,
ana kitabda isə artıq hər şey baş verib
və biz
həmişə gecikmiş oxucularıq,
amma yox deyilik, həmişə varıq..
Babullaoğlu,
Siz bəlkə də şair deyilsiz,
necə deyirdi ustadlar ustadı Nizami,
şeir sənəti nədir ki,
mən onunla öyünüm –
odur ki,
siz sadəcə
şeirdə qədəri qeydə alırsız,
yəni yazdıqlarınız
sözə çevrilmiş tərəddüd,
heyrət və təəccübdür.
mənim fikrim belədir
çüşahidəm bu cürdür…
çüşahidəm bu cürdür…
Şəhər var,
amma küçələr yaddaşdan silinib;
adamlar var,
amma üzləri yox;
hamı danışır,
amma heç kim heç nə demir.
Bir cümlə qururam,
yarımçıq qalır…
çünki həqiqət
qrammatikaya sığmır.
bəzən
bir nöqtə qoymaq istəyirəm,
amma siz öyrətmisiz:
nöqtə — son deyil,
sadəcə
davam etməmək qərarıdır.
Və biz
hələ də
bitməmiş bir fikrin içində yaşayırıq:
adı yoxdur,
bəlkə də olub,
amma unudulub.
Xatirələrin ilıq nəfəsi üçün darıxmaq
Gecə yenə dörd divarın içində böyüyür,
külək pəncərədən yox, içimdən keçir bu dəfə.
Siqaret tüstüsü havada yox olmur,
hər nəfəsimdə bir az da çoxalır sənsizlik.
Mən özümlə danışmağa başlamışam artıq —
“sən” deyə müraciət etdiyim adam
bəzən mən oluram,
bəzən dı səni xatırladan boşluq
sənsizliyin içindəyki səssizlikdir
bu ömür biryolluq…
.
Sevgi qəribə şeydir…
gələndə səs salmır,
gedəndə isə bütün şəhəri oyadır.
Bir vaxtlar çiyinlərində yatdığım qadın,
indi yuxularımdan belə yad kimi keçir
mənsizliyinə qayıdır.
Gözlərin —
bir vaxtlar həyat verdiyim yer,
indi baxmağa qorxduğum uçurumdur.
Xəyanət bəzən bir addım deyil,
bir yoldur —
bilmədən çıxırsan o yola,
geri qayıdanda artıq heç kim səni tanımır.
İçki stəkanında özümü axtardım,
tapdığım yalnız dərinlik oldu.
O dərinlikdə nə səs var, nə işıq,
sadəcə boğulan xatirələr,
xatirələrin ilıq nəfəsi üçün darıxmışıq.
Darıxmaq…
adama ən çox tanıdığı yerlərdə toxunur,
ən çox sevdiyi səsin yoxluğunda
səssizliklə oxunur.
Bir gün anladım —
insan tərk ediləndə yox,
unutmağa başlayanda ölür.
İndi külək pərdələri yox,
məni tərpədir.
Dörd divar isə sakitdir —
çünki onlar hər şeyi bilir,
amma heç nə demir.
Vaqif Səmədoğluna 5-ci şeirim
Bu dəfə sükutdan başlayım —
çünki sözlər məni çoxdan tərk edib,
sözlər başqa sözlərə qoşulub gedib…
Mən danışanda
cümlələr yox, fasilələr eşidilir artıq,
hər nöqtə bir az yorğun,
hər vergül bir az ümidsizdir.
Gecə stolun üstündə qalıb,
yığışdırmamışam —
elə bil səhər lazım olacaqmış kimi,
gecəni məyus etməyi pzümə
sığışdırmamışam…
Amma səhər də gələndə
özünü tanımadı bu evdə,
qapının ağzında dayandı,
bir az mənə baxdı
və sakitcə geri qayıtdı.
Mənim həyatım belədir indi —
gələnlər dayanır,
gedənlər iz qoymur.
Bir vaxtlar sevirdim —
yox, elə belə, böyük sözlərlə yox,
sadəcə nəfəs almaq kimi,
adi və vacib.
İndi nəfəs alıram,
amma o hiss yoxdur —
elə bil hava dəyişib,
ya da mən.
Saat işləyir,
amma zaman getmir,
divardakı kölgə tərpənir,
amma mən yerimdə qalmışam.
Bəzən elə bilirəm
yaşamaq bir az səhv başa düşülüb —
bizə deyiblər davam et,
biz də etmişik,
heç kim soruşmayıb:
hara?
Bir stəkan su içirəm,
dadı yoxdur —
bəlkə də problem suda deyil.
Sonda yenə eyni cümlə qalır:
“yaxşıyam”.
Bu söz çox şeyi gizlədir —
məsələn,
bir adamın içində
sakit-sakit dağıldığını.
Hamı mənim kimi sevməz
Hamı mənim kimi sevməz —
mən sevməyə gözlərdən başlayıram,
amma baxışda dayanmıram;
gözlərinin içindəki o sakitliyi götürüb
öz içimdə böyüdürəm,
sonra saçlarına toxunmadan belə
onları xatirəyə çevirirəm,
ürəyini isə mənə məxsus imiş kimi qəbul edirəm —
və problem də elə burdan başlayır.
Mən sevdiyim adamı olduğu kimi yox,
özümə lazım olan kimi yaşadıram,
sən bunu başa düşəndə
artıq çox gec idi —
mən səni reallıqdan çox
öz daxili nizamımın içində yerləşdirmişdim.
Sən hər şeyi sadə saxladın,
münasibəti münasibət kimi yaşadın,
mən isə eyni anda
səni, səni itirmə ehtimalını
və itirdikdən sonra
necə yaşayacağımı da düşünürdüm;
ona görə sən gedəndə
mən bir dəfə yox,
bir neçə dəfə uduzdum.
Sən çıxıb gedəndə
qapını örtmədin —
mən isə o açıq qapıdan
küləyi yox,
özümə qayıdan boşluğu içəri buraxdım.
İndi deyirlər ki, zaman keçəcək,
hər şey düzələcək,
amma heç kim demir ki,
bəzi şeylər düzəlmir,
sadəcə insan onları daşımağı öyrənir —
mən də indi səni yox,
səndən qalan vərdişi daşıyıram.
Hamı mənim kimi sevməz,
çünki mən az sevməyi bacarmıram,
ya tam olur,
ya da ümumiyyətlə olmur;
və bu “tamlıq” dediyim şey
əslində insanı yavaş-yavaş boşaldan bir şeydir.
Gülməli tərəfi də odur ki,
sən çoxdan çıxmısan bu hekayədən,
amma mən hələ də
sonu olmayan bir cümləni davam etdirirəm —
və hər dəfə nöqtə qoymaq istəyəndə
yenidən səninlə başlayıram.




















