Toyumdan xəbərin yox, vayım olsa gələrsən…

Tanınmış şair Ay Bəniz Əliyarın doğum günüdür. Müstəqil.Az bu münasibətlə xanım şairəni təbrik edir və yeni şeirlərini yayınlayır:

HARDAN BİLİM

Həyat necə bir oyun?!
Udmadım, hardan bilim?
Mənə tutulan toyu
Tutmadım, hardan bilim…

Vicdan dildə-dodaqda,
Xəstə düşüb yataqda.
Bir dostu bəd ayaqda
Atmadım, hardan bilim…

Dərdmi ömrün məhşəri?
Varmı görən oxşarı?
Bir xeyirə bir şəri
Qatmadım, hardan bilim…

Bu qatar nə qatarı?
İçində nə aparır?
Niyə haray qoparır?
Çatmadım, hardan bilim…

Asan oldu “yaz” demək,
Aldanıbdı göz demək…
Üç badam bir qoz demək?
Satmadım, hardan bilim…

Bu nə vay, bu nə vuruş?
Qazancı da bir quruş.
Sevgi şirin yuxuymuş,
Yatmadım, hardan bilim…

Qollarım dar ağacı…
Hər gün qəmdən gül açır…
Nədir bunun əlacı?
Yetmədim, hardan bilim…

Bazarı var, malı yox…
Azarı var, yolu yox…
Məzarında ölü yox…
Getmədim, hardan bilim…

****

Yenə yağdı yağış,
nə gözəl yağdı,
Yağışın diliylə danışım sənə.
Mən axı min dildən duya bilərdim,
Ehhh, sənin dilini bilmədim yenə.

Yağışın diliylə öpüm saçını,
harda olduğunu yenə unudum.
Bu yağış ətirli küləkləri də
əlimə çevirim əlindən tutum.

Açma çətirini, nəyinə lazım,
qoyma bu sehiri çətir qapaya.
Torpaq da oxşansın öldükcə tozu,
bir də torpaq ətri dolsun havaya.

Torpağın dili də bulaqlar olsun,
qovuşan qovuşsun, qismətdi deyək.
Əvvəl kimin idin, indi kiminsən,
sabah nə olacaq, nəyimə gərək?

Yağışı sevirəm, qoy yağış yağsın,
yağsın eynəyimin şüşələrinə.
Yağsın,
saçlarımın kökündən axsın
qəlbimin ən dərin rişələrinə.

***

istəsəm elə indi
durub sənə gələrəm.
yolları çox yormuşam,
yorub yenə gələrəm.

görüşümüz toydu, toy,
vay olsa necə olar?
həsrətin vüsalına
tay olsa necə olar?

tutaq ki, lap gəlmişəm,
həyatın tünlükdü çox.
hər kəs gəlir bir ucdan,
səndən gedənin ki yox.

yolların ayağında
çarıqtək yırtılacam.
səni bitirən zaman
özüm də qurtulacam.

sən də gəlmirsən axı,
borcun olsun, bilərsən.
toyumdan xəbərin yox,
vayım olsa gələrsən.

GEDİRƏM

kimin mənə sözü var
gəlsin desin, gedirəm.
azdırıb dərdlərimin
bütün izin, gedirəm.

nə bitməyən yasdı bu,
düşməndi bu, dostdu bu?
yaşamışam, bəsdi bu,
nə var bəsim, gedirəm.

kəsilib qonaqlarım,
bitib bütün haqqlarım.
yorulub ayaqlarım,
dizin-dizin gedirəm.

yollarım bitib daha,
qalmışam baxa-baxa.
özümü axtarmağa
elə özüm gedirəm.

***

Əziziyəm dilən gəz,
Bağda gülə dilən gəz,
Qürbətdə xan olunca,
Vətənində dilən gəz.

O da yandırır məni,
Bu da yandırır məni.
Deyirlər ki sərindir,
Su da yandırır məni.

Əzizim, ay şəkərsən,
Həm qəndsən, həm şəkərsən.
Bir quru canım qalıf,
Alarsan, əl çəkərsən.

O da məni,
Salmadı yada məni,
Əğyar girdi araya,
Satdılar yada məni.

Dağların qaşı sənsən
Dibinin daşı sənsən.
Eldə neçə igid var,
Hamının başı sənsən.

Əzizim üzüm qara,
Bağımda üzüm qara,
Yar yanına gedirəm,
Əlim boş,üzüm qara.

Əlifnazam mən-mən
Topuxbazam mən-mən.
On iki kişiyə getdim,
Yenə də qızam mən- mən.

Share: