Hər bir bölgənin, elin-obanın mədəniyyətini, mənəviyyatını çiyinlərində daşıyan, öz xidmətləri ilə yaddaşlara köçən dəyərli ziyalıları olur. Belə fədakar sənət adamları fəaliyyət göstərdikləri regionun mənəvi pasportuna, canlı tarixinə çevrilirlər. Lənkəranın zəngin musiqi mühitində, xüsusən də gənc nəslə milli musiqimizin, muğamlarımızın sirlərini aşılayan pedaqoji mühitdə özünəməxsus dəst-xətti olan ziyalılardan biri də Lənkəran Cəfər Cabbarlı adına 1 nömrəli uşaq musiqi məktəbinin müəllimi olmuş, dəyərli İmanverdi Cəbrail oğlu Ağayevdir.
İmanverdi Ağayev 1959-cu ildə Lənkəran rayonunun füsunkar, dağlıq guşələrindən olan Bəliton kəndində dünyaya göz açmışdır. İlk təhsilinə 1966-cı ildə doğma kəndində başlayan İmanverdinin uşaqlıq illərindən qəlbində musiqiyə, xüsusən də xalqımızın milli mənəvi sərvəti olan muğama böyük həvəs oyanmışdır. O, təbiətin bu füsunkar qoynunda torpağın, dağların səsini dinləyərək böyüdü. Hələ erkən yaşlarından qeyri-adi istedadı, fərqli səs rəngi və muğam ifaçılığına olan xüsusi bağlılığı ilə həm kəndlərində, həm də ətraf məntəqələrdə keçirilən el şənliklərinin, mədəni məclislərin sevilən, axtarılan ifaçısına çevrilmişdir.
1973-cü ildə Bəliton kənd məktəbini bitirdikdən sonra təhsilini Lənkəran şəhərindəki 113 nömrəli Peşə məktəbdə davam etdirmiş, 1977-1979-cu illərdə isə hərbi xidmətdə Vətən qarşısındakı borcunu şərəflə yerinə yetirmişdir.
Mədəniyyət fədaisinin şərəfli sənət yolu
Hərbi xidmətdən qayıtdıqdan sonra taleyin qisməti ilə fərqli sahələrdə çalışsa da, İmanverdi müəllim daxilindəki sənət alovunu heç vaxt söndürmədi, musiqidən bir an belə ayrılmadı. Çünki sənət onun ruhunun ayrılmaz bir parçası, həyatının mənası idi. Onun bu fitri istedadı o, dövrün Lənkəran mədəniyyət xadimlərinin də diqqətindən qaçmırdı.
Belə ki, 1984-cü ildə Lənkəran mədəniyyətinin unudulmaz simalarından olan rəhmətlik Şövkət müəllimə onun istedadını yüksək qiymətləndirərək onu mədəniyyət sahəsinə dəvət etdi. Bu təklif İmanverdi Ağayevin peşəkar sənət yolunun başlanğıcı oldu. O, uzun illər mədəniyyət müəssisələrində canla-başla, böyük fədakarlıqla çalışdı, milli dəyərlərimizin təbliğində fəal iştirak etdi.
Təhsilini və nəzəri biliklərini daha da təkmilləşdirmək istəyi İmanverdi müəllimi növbəti uğurlu addıma yönəltdi. Lənkəran Musiqi Texnikumunun direktoru olmuş,hörmətli Fikrət müəllim onun muğam ifaçılığındakı böyük potensialını görüb onu texnikumda təhsil almağa dəvət etdi. Beləliklə, o, 1997-ci ildə Lənkəran Musiqi Texnikumuna daxil olaraq peşəkar musiqi təhsilini rəsmiləşdirdi.
Pedaqoji fəaliyyət və gələcəyə ötürülən mənəvi miras elə burdan qaynaqlandı.
1997-ci ilin sentyabr ayı İmanverdi müəllimin həyatında yeni və ən şərəfli mərhələnin pedaqoji fəaliyyətin əsasını qoydu. Həmin dövrdə Nəriman Quliyevin dəvəti ilə məktəbdə dərs saatları alan İmanverdi Ağayev, ömrünün qalan böyük bir hissəsini məhz müəllimlik missiyasına həsr etdi.
O, pensiya yaşına qədər Lənkəran şəhər Cəfər Cabbarlı adına 1 nömrəli uşaq musiqi məktəbində gənc istedadların yetişdirilməsi, muğam sənətinin incəliklərinin uşaqlara öyrədilməsi üçün tükənməz enerji ilə çalışdı. Müəllimlik etdiyi illər ərzində neçə-neçə yeniyetmənin qəlbində vətənə, milli musiqiyə sevgi oyatdı, uşaqlara təkcə musiqi savadı deyil, həm də sənətə hörmət, insani keyfiyyətlər aşıladı. Bu gün onun yetirmələri ölkəmizin müxtəlif guşələrində musiqi mədəniyyətimizi layiqincə təmsil etməkdədirlər.
İmanverdi müəllim Lənkəranlıların yaddaşında təkcə gözəl səsə malik bir muğam ifaçısı kimi deyil, həm də təvazökar, səmimi, sadiq və öz işinin fədaisi olan bir ziyalı kimi dərin iz qoymuşdur. Onun keçdiyi ibrətamiz və zəngin ömür yolu hər bir gənc musiqiçi üçün əsl örnəkdir. Tariximizi və mədəniyyətimizi yaşadan belə insanları vaxtında qiymətləndirmək, onların əməyini işıqlandırmaq hər birimizin mənəvi borcudur.
Bu gün ömrünün müdriklik çağını yaşayan, elin-obanın dərin hörmətini qazanmış dəyərli İmanverdi Ağayevi ad günü münasibətilə ürəkdən təbrik edir, ona uca Allahdan möhkəm cansağlığı, uzun ömür və könül xoşbəxtliyi arzulayıram. Regional mədəniyyətimizə bəxş etdiyiniz töhfələrə görə Sizə təşəkkür edirik, İmanverdi müəllim!
Ad gününüz mübarək səsiniz hər zaman muğamla köklənsin.
Lənkəran Dövlət Universitetinin tarix üzrə fəlsəfə doktoru, dosent
Lənkəran Tarix Diyarşünaslıq Muzeyi nin direktoru
Leyla Qadir qızı Məcidova






















