Tarixin işıqlı səhifələrini yazan fədakar ziyalı – Leyla Məcidova yazır

Tarixin işıqlı səhifələrini yazan fədakar ziyalı – Leyla Məcidova yazır

Nuranə Həmidova

Zamanın axarında elə insanlar olur ki, onlar sadəcə ömür yaşamır, addım-addım öz taleləri ilə birgə mənsub olduqları xalqın, torpağın da tarixini yazırlar. Tarix isə təkcə daş yaddaşlarda, köhnə əlyazmalarda uyuyan keçmiş deyil, o, həm də bu günü sabaha daşıyan fədakar insanların əməlində canlanan canlı bir çınqıdır. Cənubun mirvarisi, qədimliyin və ziyalılığın beşiyi olan Astaranın Ərçivan qəsəbəsi özünün növbəti nurlu səhifəsini bir xanımın, mənim vaxtilə Lənkəran Dövlət Universitetində dərs dediyim, bu gün isə fəaliyyəti ilə qürur duyduğum əziz tələbəm Həmidova (Məmmədova) Nuranə Bəhruz qızının timsalında vərəqləyir.

Keçmişə boylanıb boyunu tapar,
Torpağın altından izini tapar.
Tarix yaradanlar, tarix yazanlar,
Gələcək nəsildə özünü tapar.

Nuranə xanımın ömür yolu Ərçivanın o, pak, ziyalı mühitindən başlayır. Hələ 1986-cı ildə Ərçivan qəsəb 3 saylı tam orta məktəbinin astanasından ilk dəfə içəri addımlayanda bəlkə də heç kəs təxmin edə bilməzdi ki, bu kiçik qızcığaz gələcəkdə elə bu məktəbin, bu elin fəxrinə çevriləcək. Onun elmə, təhsilə olan tükənməz sevgisi ilk bəhrəsini 1995-ci ildə daxil olduğu Astara Pedaqoji Texnikumunda (indiki Astara Pedaqoji Kolleci) göstərdi. 1999-cu ildə buranı “İbtidai siniflərdə təhsil” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirən Nuranə, elə həmin il vaxtilə təhsil aldığı doğma məktəbinə sinif müəllimi kimi qayıtdı. Körpə fidanların qəlbinə ilk elm toxumlarını əkən gənc müəllim, daxilindəki böyük tarix sevgisinin səsinə qulaq asaraq yollarını Lənkəran Dövlət Universiteti ilə kəsişdirdi.
Bir müəllim və tarixçi alim kimi mənim Nuranə Həmidova şəxsiyyəti ilə tanışlığım da elə Lənkəran Dövlət Universitetinin müqəddəs divarları arasında başladı. O, 2004-cü ildə universitetimizin “Tarix və ictimaiyyət” ixtisasına qəbul olunarkən, dərslərimdə onun gözlərindəki o sonsuz öyrənmək eşqini, keçmişimizə olan dərin ehtiramı dərhal hiss etmişdim. Nuranə sadəcə tələbə deyildi, o, tarixin fəlsəfəsini anlamağa çalışan, hər bir tarixi hadisənin kökündə dayanan ictimai reallıqları dərindən analiz edən gələcək bir tədqiqatçı idi. Təsadüfi deyil ki, 2009-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirərkən onun qazandığı uğurlar bir məzun kimi hər birimizi qürurlandırdı.
Universitet illərindən sonra da Nuranə xanım bir yerdə dayanmadı. Müasir dövrün tələblərini dərindən hiss edən bir pedaqoq kimi, o, daim öz üzərində işlədi. 2012-ci ildə kurikulum islahatlarının tətbiqi üzrə I dərəcəli sertifikat alması, Təhsil Nazirliyi və “Mədəd Azərbaycan” tərəfindən təşkil olunmuş İKT-nin təhsilə tətbiqi üzrə İntel “Gələcək üçün Təhsil” təlimlərini uğurla başa vurması, həmçinin “Smart Technologies” tərəfindən keçirilən interaktiv texnologiyalar kurslarında fərqlənməsi onun müasir təhsil metodlarına necə sürətlə yiyələndiyinin sübutudur. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun proqramlarında qazandığı uğurlar, respublika və beynəlxalq səviyyəli konfranslardakı çıxışları onun elmi-pedaqoji çəkisini daha da artırdı.
Uzun illər Ərçivan qəsəbə 3 saylı tam orta məktəbində tarix müəllimi kimi fəaliyyət göstərən Nuranə Həmidova, o,vaxtlar şagirdlərinə təkcə quru tarixi faktları öyrətmir, həm də onların qəlbinə milli mənlik şüurunu, sönməz vətənpərvərlik hissini peyvənd edirdi. Lakin zaman öz fədakar qəhrəmanını daha böyük zirvələrə, daha məsuliyyətli missiyalara doğru səsləyirdi. Həyatının ən şərəfli səhifələrindən biri kimi, Nuranə xanım bu gün artıq Yalçın Nəsirov adına Astara rayonu Sərək kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışır. Direktorluq təkcə rəsmi bir rəhbərlik deyil, o, həm də bütöv bir təhsil ocağının taleyinə, gələcək nəsillərin mənəviyyatına cavabdehlik daşımaq deməkdir.
Nuranə xanım Sərək kənd məktəbinə qədəm basdığı ilk gündən özünəməxsus quruculuq, fədakarlıq və ana nəvazişi ilə işə başladı. Onun rəhbərliyi dövründə bu məktəbin yenidən tikilməsi, müasir standartlara uyğun şəkildə qurulması istiqamətində atılan addımlar hər birimizin qəlbində böyük ehtiram doğurur. O, ucqar bir kənd məktəbini elmin, nurun mərkəzinə çevirmək üçün gecəsini gündüzünə qatdı. Şagirdlərin daha işıqlı, isti və tam təminatlı sinif otaqlarında dərs keçməsi, müasir tədris avadanlıqları ilə əhatə olunması üçün yaratdığı yüksək şərait, onun təhsilə və dövlətə olan sədaqətinin əyani sübutudur. İndi Sərək kənd məktəbi Nuranə müəllimənin rəhbərliyi ilə təkcə divarları yenilənən bir bina deyil, daxili ruhu, elm ab-havası təzələnən həqiqi bir mərifət ocağıdır.
Lakin onun fəaliyyəti təkcə məktəb divarları ilə məhdudlaşmır. O, həm də böyük bir ictimai xadimdir. 2015-ci ildən rəhbərlik etdiyi “NUR” Təhsilə, Gənclərə və Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi vasitəsilə cəmiyyətdə qadınların rolunun artırılması, gənclərin düzgün yönləndirilməsi istiqamətində misilsiz layihələrə imza atmışdır. Nuranə xanım cəmiyyətin sosial və ictimai nəbzini tutmağı bacaran, 2020-ci ilin parlament seçkilərində öz namizədliyini irəli sürəcək qədər cəsarətli və xalqına bağlı bir ziyalıdır.
Bir tarixçi kimi onun yaradıcılıq axtarışları da xüsusi tərifə layiqdir. Hazırda üzərində işlədiyi “Vətənimizi tanıyaq!” və “İnsan və Cəmiyyət!” adlı metodik vəsaitlər gənc nəslin tərbiyəsində mühüm rol oynayacaq fundamental işlərdir. Bununla yanaşı, cənub zonamızın Herodotu, tanınmış tarixçi-tədqiqatçı İldırım Şükürzadə ilə birlikdə ərsəyə gətirməkdə olduqları “Ərçivan” kitabı, doğulub boya-başa çatdığı o müqəddəs torpağa, onun keçmişinə və insanlarına ən böyük vəfadarlıq borcudur. Bir tarixçi kimi, mən yaxşı bilirəm ki, bir bölgənin, bir qəsəbənin tarixini yazmaq nə qədər böyük məsuliyyət və fədakarlıq tələb edir. Nuranə bu işin öhdəsindən layiqincə gəlir.

Vətən sevgisidir qəlbinin səsi,
Yurdun tarixidir hər bir kəlməsi.
O, bir ana kimi, fədakar qadın,
Ziyalı ömrünün parlaq töhfəsi.

Bütün bu gərgin və şərəfli fəaliyyətlə yanaşı, Nuranə xanım həm də gözəl bir ailə başçısı, iki övlad anasıdır. Ailə dəyərlərini qorumaqla ictimai fəallığı, direktorluq məsuliyyətini və elmi axtarışları bir araya sığdırmaq yalnız Azərbaycan qadınına xas olan o, daxili gücün və zərifliyin vəhdətidir.
Bir vaxtlar LDU auditoriyasında əyləşib tarixin sirlərini öyrənən o gənc qızın bu gün müstəqil Azərbaycanın təhsil, ictimai-siyasi və elmi həyatında özünəməxsus yer tutması, bir məktəbə rəhbərlik edərək gələcəyi inşa etməsi bir müəllim olaraq mənim bu həyatda qazandığım ən böyük mükafatlardandır. Yolun hər zaman açıq və nurlu olsun, mənim fədakar və sevgili tələbəm! Sən bu gün təkcə rəhbərlik etdiyin məktəbdə nizam-intizam yaratmaqla sən öz quruculuq əməllərinlə, layihələrinlə və yazdığın kitablarla bu xalqın canlı tarixini yaradırsan.
Sənə bu şərəfli yolda, rəhbərlik etdiyin yeni məktəbin rəhbəri kimi uca missiyanda, gələcək elmi fəaliyyətində və maarifçilik yollarında tükənməz enerji, yeni-yeni yaradıcılıq sevincləri və böyük uğurlar arzulayıram. Qoy qəlbindəki o sönməz elm çırağı hər zaman Sərək kəndinin şagirdlərinin yoluna işıq saçsın, imza atacağın hər bir yeni quruculuq işi və elmi uğur isə tariximizin qızıl səhifələrinə həkk olunsun. Uğurların bol, rəhbərlik etdiyin elm ocağının yolu hər zaman aydın olsun!

Leyla Qadir qızı Məcidova
Lənkəran Dövlət Universitetinin tarix üzrə fəlsəfə doktoru, dosent,
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

Share: