“TARİXİN DƏHŞƏTİ – DƏHŞƏTİN TARİXİ…”- Vasif Süleyman yazır…

TARİXİN DƏHŞƏTİ – DƏHŞƏTİN TARİXİ

 

Bəşər tarixində elə hərbi cinayətlər olub ki, onlar xarakter etibarilə soyqırımı kimi xarakterizə edilib, elələri də olub ki, beynəlxalq cinayət kateqoriyasına uyğun gəlib, elələri də olub ki, bütün kateqoriyalar üzrə həm soyqırımı, həm beynəlxalq cinayət kimi xarakterizə olunsa da layiqli qiymətini almayıb.
Soyqırımı – müasir dünyamızda qəbul edilmiş mənasına görə bir millətin dil, din, məzhəb və milli fərqləri ilə əlaqədar olaraq məqsədli şəkildə yox edilməsi prosesidir. Ən qorxulusu odur ki, bu cinayət insanlar birliyinin müxtəlifliyinin itirilməsinə və beynəlxalq nizamlama qanunauyğunluqlarının əsaslarının sarsılması təhlükəsi yaradır. Soyqırımı- beynəlxalq hüququn qəbul edilmiş ümumi prinsip və normalarının, habelə insan hüquq və azadlıqlarının kobud surətdə pozulmasıdır.
Ölkəmizdə və eləcə də dünyanın bir çox yerlərində Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilir. Xaricdə yaşayan soydaşlarımız da bu ölkələrdəki erməni səfirlikləri önündə nümayişlər keçirir, Xocalı dəhşətlərini özündə əks etdirən video-süjetlər nümayiş etdirir, bəyanatlar yayırlar.
YADDAŞ ÜÇÜN: 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bəşər tarixinin ən qanlı olaylarından biri baş vermişdir. Həmin gecə erməni quldurları o vaxtkı Rus imperiyasının 366-cı motoatıcı alayının birbaşa köməyi ilə Xocalıda soyqırımı törətmişdilər.
Xocalı faciəsi ilə bağlı verilən rəsmi məlumatlarda bildirilir ki, həmin gecədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca amansızlıqla qətlə yetirilib. 1275 nəfər isə əsir götürülərək aparılıb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil. Daha dəhşətli bir fakt da ondan ibarətdir ki, həmin gün 8 ailə bütün üzvləri ilə birgə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 487 nəfər yaralanıb.
Doğrusu, Xocalı haqqında yazmaq nə qədər ağır olsa da, deməliyik ki, bu faciə böyük türk millətinin insanlıq duyğularına arxadan vurulmuş zərbədir. Amma gəlin unutmayaq ki, dərd bizimdirsə, bu dərddən qurtulub yağıların cavabını vermək məsuliyyəti də bizim boynumuzdadır.
Tarixin bütün mərhələlərində bizə düşmən kəsilənlərə layiqli cavab verməyimizin zamanı artıq çatmışdır. Bu işdə yekdil mübarizəyə, savaşa qoşulmaq hər birimizin əbədi və əzəli borcudur.
…27 il bundan əvvəl dünyanın gözəl bir bucağında taleyini haqqa bağlayıb yaşayan Xocalı adlı bir şəhər vardı. Düz bircə gecənin, bir neçə amansız saatın içində bu haqqa tapınan yurdu tankın, topun ayaqlarında sürüyərək həyatdan sildilər. Düz iyirmi yeddi ildir ki, bağrı sökülü yarımcan xocalılar gözlərini yollara dikib, doğmalarını gözləyir, haqqın təntənəsinə inanmaqda davam edirlər. Və sadəlövh düşüncəmizlə, olmayan insanlığa inamımızla, Avropanın, Amerikanın köpük demokratiyasına bağlanmağımızla, biz də zavallı xocalılara qoşulmuşuq. Biz tökülən günahsız qanımızın üstündən sükutla keçməyə, dərdlərimizi unutmağa, savaşdan əl götürməyə üz tutmuşuq. Xocalı faciəsinin real qiymətini vermək bizdən asılıdır və bizim məsələmizdir. Aradan 27 yox, lap çox illər ötsə də, biz düşmənlərə layiq olduqları haqqı qaytarmalıyıq. 366-cı motoatıcı alayın komandir müavini B.Baymukov, birinci batalyonun komandiri İ.Moiseyev, ikinci batalyonun komandiri Seyran Ohanyan, üçüncü batalyonun komandiri E Naboknik, birinci batalyonun qərargah rəisi Çitçiyan, alayın kəşfiyyat rəisi mayor Hayriyan, rota komandiri O.Mirzoyan, kəşfiyyat bölmə rəisi Xrinxua, tank rotasının komandiri Qarmaş, rota komandiri baş leytenant Hakonyan, batareya komandiri Əzizyan, kəşfiyyat komandirinin müavini Bondarev hələ də azadlıqdadır. İnsan qatilləri layiqli cəzalarını almayınca Xocalı faciəsi qurbanlarının ruhu rahatlıq tapmaz.
Etiraf edək ki, Xocalı ilə bağlı real mübarizəyə son illərdə başlamışıq və faciənin düzgün qiymətini alacağına hamılıqla inamlı olmalı, hər birimiz bu işin uğrunda mübarizə aparmalıyıq. Onsuz da bizi eşitmək məqamı gələndə dünyanın bir qulağı həmişə kar, bir gözü həmişə kor olur. Bəlkə də bu, inancımızın fərqli olduğundandır. Tarixdə olmayan soyqırımları tanıyanlar, onu tanımayan vətəndaşlarına cəza kəsmək istəyənlər gör bircə dəfə Xocalı faciəsini dilə gətirirlərmi… Qanımızın yaddaşı olan Xocalı dəhşətini dünyanın kar qulaqlarına özümüz qışqırmalıyıq, necə ki, son illər bunu bacarırıq.
Hələ tariximizin çox qaranlıq məqamları üzə çıxacaq. Uzun illər yeraltı və yerüstü sərvətlərlə zəngin olan məmləkətimizin başına nələr gətirilməyib ki… Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ərəfəsində yaddaşımızı təzələmək istəyindən soyqırımı qurbanlarının xatirəsini bir daha əziz tutur, milləttimizə Tanrıdan səbr diləyirik.

Vasif SÜLEYMAN

Share: