XX əsrin sonlarında bəşəriyyətin gözü qarşısında törədilmiş ən qanlı faciələrdən biri Xocalı soyqırımı, təkcə böyük bir itki və kədər dastanı deyil, həm də misilsiz rəşadət, fədakarlıq və millətin varlıq mübarizəsidir.
Tarixi hadisələrin elmi surətdə təhlili göstərir ki, Xocalı aylarla davam edən blokada şəraitində, hər tərəfdən mühasirəyə alınmasına baxmayaraq, son ana qədər məhz öz qəhrəman övladlarının canı və qanı baha başa gələn müqaviməti sayəsində ayaqda qaldı. Bu qəhrəmanlıq salnaməsinin ən parlaq və canlı simalarından biri Xocalı müdafiəçisi Bayram Muxtarovdur.
Onun və silahdaşlarının keçdiyi döyüş yolu, bu gün sadəcə bir xatirə deyil, gələcək nəsillərə ötürüləcək fundamental bir tarix dərsliyidir.
Blokada daxilindəki müqavimətə,strateji və tarixi kontextdə baxanda 1991-ci ilin sonları və 1992-ci ilin əvvəllərində Xocalı tamamilə təcrid olunmuş vəziyyətdə idi. Kommunikasiya xətlərinin kəsildiyi, strateji yüksəkliklərin düşmən tərəfindən zəbt edildiyi bir şəraitdə şəhərin müdafiəsi hərbi sursatdan daha çox, insanların daxili mənəvi gücünə və torpaq sevgisinə söykənirdi.
Bayram Muxtarov və onun rəhbərlik etdiyi, yaxud çiyin-çiyinə vuruşduğu müdafiə dəstələri çox gözəl dərk edirdilər ki, Xocalının qorunması təkcə bir yaşayış məntəqəsinin deyil, bütövlükdə Qarabağın mərkəzinin müdafiəsi deməkdir. Elmi-tarixi baxımdan yanaşdıqda, bu insanların göstərdiyi müqavimət forması asimmetrik müharibə şəraitində yerli əhalinin nümayiş etdirdiyi ən yüksək fədakarlıq nümunəsidir. Onlar qeyri-bərabər döyüşdə, ağır texnikaya və xarici hərbi dəstəyə sahib olan düşmən qarşısında yüngül silahlarla bir sipər yaratmışdılar.
Vətən fədaisinin portreti və silahdaşlarının şücaəti,müsahibələrdə və video-sənədlərdə əks olunan faktlar Bayram Muxtarovun şəxsiyyətində bir Azərbaycan əsgərinin, bütöv bir xalqın qürurunu və əyilməzliyini nümayiş etdirir. Bayram müəllimin və onun yoldaşlarının döyüş xatirələri sadəcə bir hərbi xronika deyil; bu, insan ruhunun ən ali zirvəsidir.”Biz geriyə baxmağı düşünmürdük, çünki arxamızda vətən, ailəmiz və namusumuz dayanırdı,” deyən bu canlı qəhrəmanlar, fevralın 25-dən 26-na keçən o, məşum gecədə son güclərinə qədər vuruşaraq, dinc əhalinin, qadın və uşaqların xilas olması üçün dəhliz açmağa, düşmənin diqqətini öz üzərilərinə çəkməyə çalışırdılar.
Bayram Muxtarovun timsalında Xocalının hər bir müdafiəçisi istər Milli Qəhrəman Əlif Hacıyevin rəhbərlik etdiyi hava limanı nümayəndələri, istər yerli özünümüdafiə dəstələri, istərsə də milis nəfərləri vahid bir amal uğrunda birləşmişdilər. Onların qəhrəmanlığı sayəsində yüzlərlə soydaşımız mühasirə halqasını yarıb sağ qala bildi.
Canlı şahidlərin tarixi rolu yalnız arxiv sənədlərinə deyil, həm də hadisələrin birbaşa iştirakçılarının canlı şahidlərin ifadələrinə söykənəndə daha dürüst və obyektiv olur. Bayram Muxtarov kimi canlı qəhrəmanların danışdığı hər bir detal,düşmən taktikasının ifşası,366 cı alayın hadisələrdəki birbaşa iştirakının subutları,
Yerli əhalinin göstərdiyi misilsiz humanizm və dözümlülük faktlarıdır.
Bu gün Azərbaycan xalqı öz tarixinin ən şanlı dövrünü yaşayır. Tarixi ədalət və əbədi ehtiramla Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız azad olunub, Xocalıda bu gün şanlı bayrağımız dalğalanır. Bu gün Xocalı küçələrində gəzən hər bir azərbaycanlı bilir ki, bu azadlığın təməlində vaxtilə canını sipər edən, Bayram Muxtarov kimi tankların, topların qarşısına sinə gərən oğulların qisası və ruhu dayanır.
Bayram Muxtarov və onun simasında bütün Xocalı şəhidləri və qaziləri xalqımızın qəlbində əbədi abidə ucaldıblar. Onların qəhrəmanlığı gənclərimiz üçün vətənpərvərlik məktəbi, tariximiz üçün isə silinməz bir qızıl səhifədir. İctimaiyyətimizin bu cür canlı qəhrəmanlara göstərdiyi diqqət və ehtiram, bizim öz keçmişimizə və gələcəyimizə olan sadiqliyimizin göstəricisidir.Allah ömrünüzə bərəkət versin,Xocalı göylərinin bənzərsiz Şahini
Leyla Qadir qızı Məcidova
Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru
Lənkəran Tarix Diyarşünasliq Muzeyinin direktoru





















