Tanınmış tənqidçi akademikə açıq məktub yazdı

Sayın İsa Həbibbəyli!

Siz “Artkaspi.az” saytına 10.04. 2019-cu il tarixdə Cəlil Məmmədquluzadə yaradıcılığı, özəlliklə də, onun “Eşşəyin itməkliyi” povesti və gürcü yazıçısı Yekaterina Qabaşvilinin “Maqdananın Lurcası” hekayələri arasındakı hər hansı təsir əlaqəsinin olmaması xüsusunda müsahibə vermiş, əks fikirdə olanları “ədalətsizlik”də, yazıçını “aşağılamaq”da qınamısınız. Görəsən, elmi dartışmada bu qədər aqressiyaya səbəb nədir? Hətta bu “xoşagəlməz, zərərli hala seyrçi münasibət bəsləyən” ziyalıları da suçlayırsınız.

“Eşşəyin itməkliyi”nə “Maqdananın Lurcası”nın təsiri olubmu? Hamletin diliylə desək, sual budur. Problemə nəzəri yöndən yanaşanda təsir plagiat deyil. Siz isə C. Məmmədquluzadənin Y.Qabaşvilidən təsirlənməsi məsələsini az qala plagiat kimi qəbul edirsiniz. Bunu deyəndə Həmid Herisçinin çıxışını nəzərdə tutursunuzsa, o bu barədə sözünü dedi: “Mən plagiat yox, təsirdən danışıram və sözümün üstündə dururam”. Əgər ədəbi təsiri plagiat saysaq, onda gərək Firdovsiylə yaradıcılıq bəhsinə girən Nizamini, Nizamyə nəzirələr yazan Dəhləvi, Cami, Nəvai və Füzulini, Marlodan mövzu götürən Şekspir və Höteni, Fransua Viyondan təsirlənən Edqar Ponu, Edqar Ponu cavablayan Rembonu… (misalları “n” qədər uzatmaq olar) plagiator sayaq. Təsirlənmə klassik dövrdə nəinki qəbahət sayılmır, hətta ədəbi norma hesab olunurdu.

Bədii mətnin hər cür təsirdən xali, qatqısız, kristal, əlahiddə olması iddiası on doqquzuncu yüzilin sonu – iyirminci yüzilin əvvəllərində modernistlər tərəfindən irəli sürüldü və ümumi nəzəri yöndən yanaşanda Siz bir əsr bundan öncənin meyarlarından çıxış edirsiniz. Amma bu modernist iddiaya baxmayaraq, M.Brod, D.Zatonski, özəlliklə də, E.Meletinskinin araşdırmalarından görürük ki, hətta Kafka kimi “orijinal”, “özünəməxsus”, “əlahiddə”, “qatqısız” yazıçı belə öz əsərlərini ən dərin şüuraltı qatlarda “Tövrat”la dialoqda yazıb. Yəni təsirdən xali mətn yoxdur və ola da bilməz. Baxın, Tanrının özü belə sonuncu kitabı olan “Quran”da özünün əvvəlki kitablarından “təsirlənib”, sitatlar gətirib və bu məntiqidir. Çünki Tanrının təsirlənəcəyi ikinci Tanrı yoxdur və O yalnız özü özündən təsirlənə bilər.

Postmodern düşüncə hipermətn anlayışını irəli sürdü və modernizmin ilkinlik iddiasını rədd etdi. Postmodernə görə, bütün mətnlər gözə görünən və görünməyən tellərlə bir-biriylə bağlıdır. Yalnız bir nəhəng mətn (hipermətn!) var və bütün yerdə qalanlar onun zərrələridir. Dünya ədəbiyyatında hipertekstuallığın başlıca örnəkləri Coysun “Uliss”, Kortasarın “Klassikada oyun”, Paviçin “Xəzər sözlüyü” romanlarıdır.

Səksən il öncə A.Toynbi özünün “Tarixin fəthi” əsərində paralel sivilizasiyalar tarixinin sinxron dərki metodunu irəli sürüb. Əgər sinxron təhlil metodunu ədəbiyyat tarixinə tətbiq etsək, Coysun birbaşa çağdaşı olan C.Məmmədquluzadənin əsərləriylə Qoqol, Meterlink, o sıradan da, Qabaşvilinin mətnləri arasında təsir əlaqəsinin olması prinsipcə tamamilə mümkündür və burda qıcıq doğuracaq heç nə yoxdur. Bu təsirləri inkar etmək C.Məmədquluzadəni dünya ədəbiyyatından ayırmaq, hər cür komparativist təsəvvürlərdən uzaq lokal miqyasa salmaq deməkdir.

Bəs, sözügedən iki mətn arasında təsir əlaqəsi özünü konkret olaraq nədə göstərir?
– Qabaşvili Qoridə doğulmuşdu və on doqquzuncu yüzilin 80-90-cı illərində öz yaradıcılığının çiçəklənmə dövrünü yaşayırdı, həmin dövrdə Qoridə təhsil alan və ədəbiyyata maraq göstərən C.Məmmədquluzadə onun yaradıcılığıyla, şübhəsiz ki, tanışıydı;
-Qabaşvili sözügedən əsərini C.Məmmədquluzadənin məlum əsərindən iki il öncə yazmışdı və bədii yaradıcılığa yeni başlayan Azərbaycan yazıçısının o vaxt artıq kifayət qədər tanınan gürcü yazıçısından təsirlənməsi tamamilə mümkünüydü.

Birbaşa mətnlərin müqayisəsinə gələndə bu təsiri görmək o qədər də çətin deyil:
– hər iki əsərin süjetinin əsasında eşşəyin itməsi və tapılması motivi durur;
– hər iki əsərdə eşşək “təsadüfən” tapılır;
– hər iki əsərdə dul qadın və onun uşaqlarının ağır, faciəlıi həyatından söz gedir;
– hər iki əsərdə qoluzorlu kişi köməksiz dul qadına təzyiq edir;
– hər iki əsərdə iş gedib məhkəməyə çıxır.
Xudayarın Zeynəb və Məhəmmədhəsənin ziyarət sevdası C.Məmmədquluzadənin süjetə etdiyi ciddi əlavələriydi. Qabaşvili kimi C.Məmmədquluzadə də yetim uşaqlardan yazmış, amma uşaq hekayəsi yazmamışdı. Feminist tendensiyaslı gürcü yazıçısı kimi C.Məmməquluzadənin də əsərində ana mövzusu qalır, amma bura qadın məsələsi də əlavə olunur, problem sosial hüquqsuzluq səviyyəsinə qalxır, maksimum tünd boyalarla verilirdi. Özəlliklə də, ziyarət məsələsi mətnə sətiraltı metafizik məzmun verir, onu mifik-dini arxetiplərlə dialoqa girən əsərə çevirirdi. Sosioloji düşüncəli Qabaşvilinin hekayəsində bu motiv ümumən yoxdur. Gördüyümüz kimi, əsərlər arasındakı fərqlər oxşarlıqlardan daha ciddidir, amma bu iki mətn arasındakı təsir əlaqəsini inkar etmir.

Yeri gəlmişkən, eyni paralelləri Qabaşvilinin daha bir hekayəsi – “Kənd müəllimi” ilə C.Məmməquluzadənin “Eşşəyin itməkliyi”ndən sonra yazmağa başladığı, amma tamamlamadığı “Danabaş kəndinin məktəbi” arasında da aparmaq olar. Görünür, kənd mövzusunda yazan gürcü yazıçısının hekayələri C.Məmmədquluzadəni eyni mövzularda silsilə əsərlər yazmağa ruhlandırmış, amma o özünün “Balzak layihəsini” nədənsə yarımçıq qoymuşdu.

Bayaq dediyim kimi, gənc Cəlil o illərdə yazıçı ömrünün başlanğıc dönəmini yaşayırdı və özündən öncəkilərdən təsirlənmək o yaşda istənilən yazıçı üçün nəinki mümkün, hətta lazımdır. Bu, yaradıcı şəxsin özünüaxtarış yolunda zəruri dönəmdir. Dünya ədəbiyyatşünaslığında bu məsələnin klassik izahını özünün Puşkinə dair məşhur silsilə məqalələrində Belinski verib. Amma bu, nə Puşkini “gözdən salıb”, nə də Belinski üzərinə total hücum çağırışlarına səbəb olub. Məsələ bu qədər sadə və bununla bağlı C.Məmmədquluzadənin “əleyhdarlarına” qarşı ümummili hücum kompaniyasına çağırış, məncə, izafi enerji sərfidir.

Bir anlığa hesab edək ki, Siz haqlısız və kimlərsə C.Məmmədquluzadəyə qarşı “ədalətsizlik” edir. Hətta belə olsaydı da, alternativ fikrə qarşı bu cür ümummilli aqressiya sərgisi məqbul sayıla bilməzdi. Çünki – çağdaşlıq diktat yox, dialoqa üstünlük verir, elmi obyektivlik hər cür bayağı “vətənpərvərliyin” fövqündədir, azad fikir qarşıdurması olmayan yerdə inkişafdan danışmaq çətindir.

Təəssüf ki, alternativ fikrə dözümsüzlük təkcə C.Məmmədquluzadə məsələsiylə qurtarmır. Nazir Əhmədli çar dövrünün arxivlərində illərlə apardığı araşdırma sonucunda göstərir ki, Aşıq Ələsgər 105 il yox, 74 il yaşayıb, “sağ ol” əvəzinə onlarla adamın təpkisinə tuş gəlir. İdris Abbasov yüzlərlə fakt gətirib göstərir ki, AMEA Dilçilik İnstitutunun “İzahlı dilçilik terminləri lüğəti”i başqa kitablardan mənimsəmədir, az qala linç olunur.

Sayın İsa müəllim!

C.Məmməquluzadə ətrafında gedən bu müzakirə Sizi deyə bilmərəm, mənim üçün ən azı bir həqiqəti təsdiqlədi – çağdaş Azərbaycan filologiya elmi, konkret olaraq cəlilşünaslıq zamanın qarşıya çıxardığı suallara cavab vermək gücündə deyil. Arzu edir və inanıram ki, yaxın gələcəkdə o bu gücə sahiblənəcək. Çünki sözügedən müzakirə həm də bu həqiqəti üzə çıxardı.

Sayğılarla:
Əsəd Cahangir 
29.04. 2019

 

Share: