Tahir Tahirli ilə Söhrab Tahir haqqında söhbət – “Ömrümün keçdiyi sahildən uzaqlaşdıqca”…

Xalq şairi oğlunu niyə “qonşu uşağı” kimi təqdim etmişdi?

Bu layihədə tanınmış qələm adamlarının yaxınları onlar haqqında xatirələrini bölüşür. Həmsöhbətimiz xalq şairi Söhrab Tahirin oğlu Tahir Tahirlidir.

– Tahir müəllim, atanızla bağlı xatirələrə tez-tezmi qayıdırsınız?

– Mənim üçün o, əbədi olaraq yaşayır. Düşünmürəm ki, şair bu dünyadan köçüb, fikirləşirəm ki, o, yenə də mənimlədi. Hər atdığım atdımımda “atam bu işə görən nə deyərdi” – deyə, götür-qoy edirəm.
Əlbəttə, fiziki olaraq atamı itirmişəm və bu, mənə çox ağırdır. Baxmayaraq ki, şairin 90 yaşı var idi, amma çox pozitiv, uzaqgörən, realist idi, hər xırda məsələnin həllini dərindən düşünərək çözürdü…

– Oğlu kimi sizin baxışınız maraqlıdır: Söhrab Tahir kim idi?

– Həyatı boyu sirlərlə dolu xəzinə… Bu gün də o sirləri açmaq qeyri- mümkündür.
Fədakar şair, inqilabçı, SSRİ dövründə demokrat kimi təqiblərinə məruz qalan, komitə rəhbəri, yüksək vəzifələri tutmuş şəxs… Şairin bizdən də gizlətdiyi bir çox sirlər. Atam bizim rahat yaşamağımız üçün o sirləri özü ilə apardı.

Bir hadisə danışım: təxminən 6 yaşım olardı. 1985-ci ilin qış ayları idi. Atam məni gəzintiyə çıxartmışdı, Sovet dövründə “Dağüstü park” adlanan indiki Şəhidlər xiyabanı ərazisində gəzirdik. Bu zaman bizə bir kişi yaxınlaşdı. Onun əynində tünd plaş, başında şlyapa, əlində isə qara portfel var idi. Ucaboy, saçı arxaya daranmış zəhmli birisi idi. O atamla görüşdü, söhbət elədi, söhbətin sonunda mənim yanağımdan tutaraq atamdan soruşdu:
– Bu cavan oğlan kimdi?
– Qonşunun uşağıdır, – atam cavab verdi…
Beləliklə, bu məsələ mənim yaddaşıma həkk olaraq qaldı… Elə bir gün olmadı ki, mən bu məsələ barədə düşünməyim. Amma cürət edərək heç vaxt atama bu barədə sual verə bilməmişdim.
İllər keçdi, atamın həyatının son həftələrinin birində cəsarətlənib, sual verdim ki, yadına gəlir filan vaxtı, filan yerdə belə bir adamla görüşəndə sən məni o adama belə təqdim etmişdin? Qeyd edim ki, atamın son nəfəsinə kimi hafizəsi pozulmamışdı. Atam dedi ki, bala, səni qorumaq üçün elə dedim, o zamanlar bizim üçün çox ağır idi…
Bu cavab mənə psixoloji rahatlıq gətirdi. Əslində, şübhə etmirdim belə olduğuna, amma onun öz ağzından bu sözləri eşidmək mənim üçün çox vacib idi.

– Söhrab Tahir o taylı-bu taylı Azərbaycanda, həm də Azərbaycanın tarixi-mənəvi sərhədlərində çox tanınan şair idi. Ata olaraq kim idi Söhrab Tahir?

– Hamı atamı mülayim, gülərüz, problemsiz bir adam kimi tanıyırdı. Amma ata kimi… o, çox tələbkar, ailə üzvlərinin ona qarşı diqqətli olmasını sevən, qonaqpərvər, əl tutan, tanışlara və dostlara maddi və mənəvi kömək edən olub… Ümumiyyətlə, şəxsən mənə qarşı münasibəti çox sərt, həddən artıq ciddi olub. Bu münasibət mənim xarakterim və şəxsiyyətimi formalaşdırıb. Çox sevinirəm ki, ata mənə çətinlikləri onun kimi təkbaşına keçməyi, yüz ölçüb, bir biçməyi, hər şeyə o dəqiqə etibarla yanaşmamağı öyrədib.

– Ümumiyyətlə, Söhrab müəllimi daha çox ata kimi, yoxsa ictimai həyatda, cəmiyyətdə tanınan nüfuzlu şəxs kimi təqdim etməyə üstünlük verirsiz?

– Əlbəttə ki, Söhrab müəllim birinci növbədə xalqımızın şairi, ikinci növbədə isə ailə başçısı olduğundan mən onu həmişə bu qaydada təqdim eləmişəm. Amma özünə ikilikdə olanda “papa” deyərdim. Cəmiyyət icində isə həmişə “Söhrab müəllim” deyərək müraciət etmişəm!

– Sizin uşaqlıq, yeniyetməlik, gənclik dövrlərinizdə olan Söhrab Tahirlə son illərin Söhrab Tahiri arasında çoxmu fərq vardı?

– Demək olar ki, şair doğulduğu torpaqdan, anasından, qardaşlarından, atasından ayrı düşmüş olduğu 19 yaşın içində qalan bir gənc idi. Atamla yaş fərqimiz çox olduğundan, onun ancaq yaşlı dövrünü müşahidə eləmişəm… Amma yuxarıda qeyd etdiyim kimi, şair ana həsrəti ilə, ailə həsrəti ilə, bütöv Azərbaycan həsrəti ilə yaşayan 90 yaşlı fədakar gənc idi.

– Bu həsrəti, ağrını sizlərə sızdıra bilmişdimi?

– Şair Cənubi Azərbaycanda, Astara şəhərində anadan olub. Əlbəttə ki, şairin Vətən həsrətində olmağı bizlərə örnək olub: vətənpərvər olmağı, xalqımızı, dövlətimizi sevməyi öyrədib. Atanın mənə tövsiyələri ancaq Azərbaycanı sevmək, ona sona qədər sədaqətlə xidmət etmək olub! Və mən Azərbaycanımı çox sevirəm. Vətəndən uzaq düşməyi, qürbətdə olmağı bacarmaram.

– Şair necə dost idi? Olmuşdumu ki, uzun illər dostluq etdiyi qələm adamlarından incisin, yaxud onun xətrinə dəysin?

– Ata çox sədaqətli və etibarlı idi. Məmməd Araz, Nəbi Xəzri, Cabir Novruz, Əli Tudə, Nüsrət Kəsəmənli, Rəsul Rza, Anar, Qabil, Çingiz Abdullayev, Sabir Rüstəmxanlı və b. tanınmış adamlarla yaxın dost idi. Yaşından çox balaca olan dostları da var idi, o gənc dostlar şairi bir ağsaqqal kimi sevir, hörmətini saxlayırdılar. Bir şeyi qeyd edim ki, şairə yaşından asılı olmayaraq, hamı “əmi” deyə müraciət edirdi.

– Ömrünün, yaradıcılığının bir çox məqamları SSRİ-nin “şəxsiyyətə pərəstiş” dövrünə düşüb. Nələr danışırdı, burulğanlara, siyasi təzyiqlərə düşmüşdümü? Maneləri necə dəf etmişdi?

– Hə, ömrünün və yaradıcılığının ən enerjili dövrü sovet hakimiyyətinə təsadüf etmişdi. Amma şair heç də qələmini “hürkütməzdi”. Şeirlərində, romanlarında, poemalarında senzuranı aldatmaq üçün ikimənalı ifadələrdən, sətiraltı sözlərdən istifadə edərdi. Vətənpərvər, inqilabi ruhda yazdığı əsərlərdə bu daha çox karına gəlirdi. Çox əsərləri var ki, indi də oxucuların zövqünü oxşayır.

O dövrdə hər addımbaşı şairi izləyirdilər. Başına çox işlər gəlmişdi. Amma şairi də göydə Allah, yerdə isə ulu öndər Heydər Əliyev hər zaman belə burulğanlardan qurtarardı. Mənə çox belə əhvalatlar danışıb.

– Yaradıcılığı, yazdığı əsərlərin araya-ərsəyə gəlməsi haqda nələr danışırdı?

– Şairin yaradıcılıq təbi gələndə həftələrlə, aylarla öz otağının qapısını bağlayırdı, bizə də tapşırırdı ki, kim gəlsə və ya kimsə zəng vursa, deyin ki, evdə yoxam. Hətta yemək belə yemirdi. Amma əsəri bitirəndən sonra çox yaxşı əhvalı olardı. Düzdü, arıqlayardı, fiziki zəiflik olardı, orqanizmində problemlər də yaşanardı, amma əhval-ruhiyəsi yüksək olardı. Onu da xüsusi qeyd etmək istəyirəm ki, şair ərəb əlifbasında yazardı. Onun son 20 ildə ilk oxucusu sözün əsl mənasında mən olmuşam. Ona görə ki, əsər bitən kimi mən əsəri oxuya-oxuya onu əlyazmadan kompüter yaddaşına latın qrafikası ilə köçürdərdim.

– Xatirələr sizi o günlərə aparır…

– O günlərdən ayrılıram ki! Kaş o günlər yenə də olaydı, o günlər qayıdaydı. Elə olurdu ki, biz ata ilə birgə əsəri oxuyaraq onun müzakirəsini edirdik, bir də onda ayılırdıq ki, saatlar, hətta sutka keçib… O qədər əsərə qapanırdıq ki, vaxt, zaman itirdi….

– Gileyli vaxtları, küskün vaxtları çoxmu olurdu? Heç olubmu ki ata olaraq sizdən, dost olaraq dostlarından, qələm yoldaşlarından incik olsun?

– Dostlarından, qələm yoldaşlarından nə küsməz, nə də inciməzdi. Həmişə mənə deyərdi ki, kimdənsə inciyəndə səbəbini özündə axtar. Məni bir dost kimi qəbul etsə belə, onu hec vaxt büruzə verməzdi. Hətta dostu və ya yoldaşları tərəfindən doğrudan da ona qarşı hər hansı bir  haqsızlıq olardısa da, onu mənə bildirməzdi. İstəməzdi ki,  mənim hansısa insana münasibətim pisləşsin. O, yüksək dostluğun nəticəsidir ki, bu gün də atanın dastları mənə zəng vurur, söhbət edir, səndən Söhrabın iyi gəlir, deyərək görüşürlər

– Tahir bəy, ata Söhrab Tahir, baba Söhrab Tahirdən nə ilə  fərqlənirdi?

– Ata kimi şair çox ciddi və tələbkar idi. Baba kimi isə  çox mülayim idi. Hətta uşaq kimi idi desəm yanılmaram. 90 yaşlı, uca boylu şair, 5 yaşlı uşağa çevrilərək stolun altına da girirdi, nəvələrlə qaçdı-tutdu oynayırdı… Nəvələrini çox sevirdi.  Onu bilirəm ki, ata mənə qarşı necə sərt, ciddi, tələbkar idisə, elə mən də  uşaqlarımı bu ampluada böyüdürəm… və inanıram ki, gələcəkdə Söhrab Tahirin nəvələri ona layiqli övladlar olaraq Azərbaycana ləyaqətli, xalqımıza sadiq olacaq, respublikamızın hüdudlarını isə sədaqətlə qoruyacaqlar.

– Hansı arzuları, istəkləri var idi və bu gün o istəkləri gercək olmadığı üçün övlad olaraq siz narahatsız?

– Şükür olsun Allaha ki, demək olar ki, bütün arzuları hələ həyatda ikən yerinə yetdi…  21 ilə yazdığı “ATA” epos-poemasını da ölümündən 1 ay öncə araya- ərsəyə gətirdi…

Söhbətləşdi:
Faiq BALABƏYLİ

 29.08.2017.(Ədəbiyyat qəzeti)
Share: