65 + 60, yaxud iki ustadın 125 illik yubileyi

 Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında bir qələbəlik vardı… Salonda oturmağa yer yox idi. Hətta yer olmadığı üşün geri qayıdan nə qədər şeirsevər vardı…Çoxlu söz xiridarı  isə  tədbiri ayaq üstə izləyirdi. Mahir  muğam ifaçısı Xalq artisti Alim Qasımov da, Əməkdar incəsənət xadimi, rejissor, ssenarist, aktyor Əbdül Mahmudov (Şeyx Əbdül) da bir müddət onların arasında oldular… Bu isə hər şeydən əvvəl, onların Ramiz Qusarçaylı, Ağalar Bayramov sənətinə olan tükənməz məhəbbətlərindən irəli gəlirdi.

Bəli, dünən bu möhtəşəm sənət ocağında iki sənət adamının – çağdaş poeziyamızın öncüllərindən biri, Prezident təqaüdçüsü Ramiz Qusarçaylının və  mahir qiraət ustası, Əməkdar artist Ağalar Bayramovun yubileyi keçirildi. Onlar birlikdə 125 yaşlarını qeyd etdilər. Daha doğrusu, 125 illik fəaliyyətlərinin ortaq hesabatlarını verdilər. Bu yaşdan Ağalar Bayramovun payına 65, Ramiz Qusarçaylının payına isə 60 düşür.

Bəli,  sözü çatdırmağı ustalıqla bacaran iki yaradıcı insan,  iki sənət adamı yubileylərini eyni gündə, eyni məkanda, eyni vaxtda bir yerdə qeyd etdilər. “Elə sənin yubileyin mənim, mənim yubileyim sənin yubileyindir” deyən və bir məslək birliyində olan bu sənətkarlar tədbirə özləri də aparıcılıq etdilər. Bununla da bu poeziya qardaşları sənət aləmində bir ilkə imza atdılar. Elə bu aspektdən də həmin tədbir şeiri, sənəti sevən hər kəs üçün maraqlı oldu. Çox güman ki, onların izi ilə gedənlər çox olacaq.

Belə bir tədbirin ərsəyə gəlməsinin isə maraqlı tarixçəsi var. Belə ki,  2018-ci il dekabr ayının 21-də Bəşir Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzində Ramiz Qusarçaylının 60 illik yubileyi ilə bağlı möhtəşəm tədbir keçirilib. Növbəti görüşün isə Bakıda – Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilməsi məsələsi gündəmə gəlib. Bu məsələnin müzakirəsi zamanı məlum olub ki, sən demə, yanvar ayının 16-da  Ramiz müəllimin əksər görüşlərimin aparıcısı, Əməkdar artisti, bədii qiraət ustası Ağalar Bayramovun 65 yaşı olacaq. Odur ki, belə qərara gəliblər ki, ikisi üçün bir yubiley tədbiri keçirilsin.

… Bu tədbirdə müxtəlif zümrəyə mənsub insanlar – Milli Məclisin deputatları, icra hakimiyyətlərinin nümayəndələri, şair və yazıçılar, xanəndələr, aşıqlar, rəssamlar, eləcə də bu iki sənət fədaisinin yaradıçılıqlarını yüksək dəyərləndirən söz xiridarları iştirak edirdilər.

Tədbirdə Ramiz Qusarçaylının yaradıçılığında Vətənimizi tərənnüm edən, xalqımızın dünənini və bu gününü əks etdirən şeirlərin xüsusi yer tutduğunu vurğulayan əməkdar elm xadimi, akademik, Milli Məclisin Mədəniyyət Komissiyasının sədri, millət vəkili Nizami Cəfərov bildirdi ki, Ramiz Qusarçaylı, sözün həqiqi mənasında şairdir. Onun öz sözləri ilə desək, təpədən dırnağa şairdir: “Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Məmməd Araz kimi söz ustadlarımız onun yaradıçılığına yüksək dəyər veriblər. Bu gün isə o, özü bir ustaddır. Elə götürək onun dillər əzbəri olan  “Azərbaycan bayrağı” şeirini… Mənim fikrimcə, bu şeir Səməd Vurğunun “Azərbaycan” şeiri ilə polemikaya girmək qüdrətindədir. Bu mənada bu şeir çağdaş ədəbiyyatımızın ən gözəl siyasi lirika nümunəsidir”.

Millət vəkili N. Cəfərov Ağalar Bayram haqqında da yaddaşlara həkk olunan ifadələr işlətdi. Bildirdi ki,  Ağalar ürəyəyatımlı səsi ilə şeirlərə sanki yeni nəfəs verir. Neçə-neçə ədəbi dühanın, görkəmli şair və yazıçıların əsərləri onun səsi ilə sevilib, ölməzlik qazanıb və insanların yaddaşında  dərin iz buraxıb. Onun repertuarında məslək ortağı Ramiz Qusarçaylının seirləri isə ayrıca yer tutur.

Milli Məclisin deputatı, şair Musa Urud isə bu tədbiri sözün bayramı kimi xarakterizə etdi. Eyni zamanda bildirdi ki, Ramiz Qusarçaylı və Ağalar Bayramov fikir, əqidə qohumlarıdırlar. Məhz bu qohumluğun nəticəsidir ki, Ramiz Qusarçaylının yazdıqları Ağalar Bayramovun ifasında yeni rəng çalarları da qazanır.  Elə onun Aprel döyüşlərinə həsr etdiyi “Toy” şeiri buna misaldır.

Oz səsi ilə tədbirə daha yaddaqalan rənglər qatan Əməkdar artist, xanəndə Nuriyyə Hüseynova  Ramiz Qusarçaylının “Azərbaycan bayrağı”nın Ağalar Bayramovun ifasında daha möhtəşəm dalğalandığını qeyd etdi: “Mən də istəyirəm ki, “Azərbaycan bayrağı”na bir mahnı ithaf edim. Güman edirəm ki, bu yaxınlarda istəyim reallaşacaq”.

Milli Məclisin deputatı Qənirə Paşayeva vurğuladı ki, Ağalar Bayramov Qarabağ dərdimizi, Xocalı yaramızı əks etdirən bədii nümunələri elə yanğı ilə təqdim edir ki, hər birimizin qəlbində mənfir ermənilərə olan qəzəbimiz sanki itilənir. Bu mənada Ağalar Bayramovun şeirlərə verdiyi nəfəs adamları elə birbaşa Şuşaya, Laçına… aparmaq gücünə malikdir.

O, Ramiz Qusarçaylının 17 yaşında ikən Xalq şairi Osman Sarıvəlli tərəfindən ona verilmiş  “Qusarçaylı” təxəllüsünü, daha doğrusu, ustadının etimadını doğrultduğunu da xusüsi vurğuladı.

Prezident Aparatının məsul işçisi İsrafil Qurbanov, “Azərmətbuatyayımı” ASCnin sədr müavini İlham Ələsgərov,  şair Əjdər Ol, Ucar Rayon İcra Hakimiyyətinin nümayəndəsi Məhəmməd Bayramov, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov və başqaları hər iki yubilyarla bağlı fikirlərini tədbirin iştirakçıları ilə bölüşdülər.

Tədbirdə Xalq artisti Alim Qasımovun öz orijinal təbriki ilə, yəni elə yerindən qalxaraq  yubilyarlara ürək sözlərini ünvanlaması alqışlarla qarşılandı. Üstəlik, əlavə etdi ki, qoy tribunadan Əbdül Mahmudov sözünü desin.

Tədbirdə aşıq Ədalət Dəlidağlı, əməkdar artist Elnur Zeynalov, 6-cı Muğam Müsabiqəsinin qalibi Pərviz Qasımov isə öz ifaları ilə hamıda daha da xoş ovqat yaratdılar.

Əməkdar mədəniyyət işçisi Lətifə Məmmədova Ramiz Qusarçaylıya uğurlu yaradıcılığa görə YUNESKO-nun Fəxri Fərmanı ilə təltif etdi.

Sonda üçrəngli bayrağın dalğaları altında Ağalar Bayramovun ifasında  Ramiz Qusarçaylının “Azərbaycan bayrağı” şeirini  salondakılar ayaqda alqışladılar.

Sözün düzü, mən də bu tədbirdə çıxış etmək və yubilyarlara öz təbrikimi çatdırmaq istəyirdəm. Amma onlarla bağlı o qədər söz deyənlər oldu ki… Odur ki, bu fikrimdən geri çəkildim. Amma orada demək istədiklərimi burada qeyd etmək istəyirəm: “Hörmətli tədbir iştirakçıları, hamınıza yaxşı məlumdur ki, Ramiz müəllimin boya-başa çatdığı Quba rayonu öz alması ilə tanınır. Amma mənə elə gəlir ki, son illərdə Ramiz müəllim öz bədii yaradıcılığı ilə almanın yanına öz adını da əlavə etməyi bacarıb. Yəni Quba indi Ramiz Qusarçaylı ilə də tanınır. Fikrimcə, bu məsələdə tanınmış qiraət ustadı Ağalar Bayramovun da kifayət qədər əməyi var. Bu sevinci bizlərə bəxş etdiklərinə görə onların hər ikisini də təbrik edir, hərəsinə 125 il ömür arzulayıram”.

Qvami Məhəbbətoğlu

Share: