“Sükutun mənası və ya xəyali…”- Hacı İlham Əskərovun yazısı…

Dilim dinməz, kirpiklərim səs edər…   (M. Araz)

Yazımın əvvəlində görkəmli şairimiz M. Arazın bu misrasını xatırlatmağım təsadüfi deyil. FB səhifələrində oxuduğum “Sükut” adlı şeir qeyri-iradi olaraq həmin misranı yadıma saldı və ovqatım eyni not üzrə kökləndi. “Sükut” adlı şeir yaradıcılığı ilə ədəbiyyatımıza, poeziyamıza yeni ab-hava gətirən, sənətdə artıq öz sözünü demiş Ələddin Əzimlinindir. Düzdür, M. Araz əsasən heca vəznində yazmışdır. Amma hər iki şairin yaradıcılığı bunu deməyə əsas verir ki, poetik düşüncələrin ifadəsində forma önəmli deyil, əsas odur ki, şeirdə ruh olsun. Ruh sərhəd tanımır, pərvazlananda istər ölçülü – biçili, qafiyəli, istərsə də sərbəst, qafiyəsiz misralarda qanad açaraq uçur. Söz yox ki, heca şeirinin oxucu qəlbini fəth etmək imkanları daha genişdir. Ritm, oynaqlıq, bəzəkli qafiyələr, musiqililik, ahəngdarlıq və s.

Şeirin sevilməsində, oxunaqlı olmasında şairin sadiq köməkçiləridir. Ölçüsüz şeirlərdə isə bu köməkçilərin yardımı çox məhduddur. Bütün ağırlıq şairin çiyinlərinə düşür. Ancaq bəzən şeirdə ruh, hiss, duyğu və düşüncələr o qədər güclü olur ki, onun hansı formada – qafiyəli, qafiyəsiz və ya hansısa başqa şəkildə təzahürünün fərqinə varmırsan. Ələddin Əzimlinin “Sükut” və “037 nömrəli vertolyot” şeirləri belələrindəndir.  Bu şeirlərdə üç cəhət vəhdət təşkil edərək oxucunu sehrləyir: görüntülülük, məna dərinliyi və bitkinlik. Şəxsən mənim üçün şeirdə başlıca cəhət onun görüntülü olmasıdır.

Şair nədən danışırsa danışsın – gözlə görünən, yaxud görünməyən, təması mümkün və ya qeyri – mümkün, real, ya qeyri – real hadisə və əlamətlər, vətən, təbiət, dostluq, sevgi, qəm, kədər, sevinc, ağrı, əzab və s. hamısında oxucunun gözü önündə nəsə canlanır. Şeirdə tənhalığın da, məhəbbətin də poetik təsviri görünür. Belə olduqda şeirdəki bədii həqiqət oxucunun duyğularına hopur. Ona tamam başqa zövq verir. Bir – birini əvəzləyən lövhələr, təsvirlər ruhu ixtiyarsızlaşdırır, bəzən misraların qanadlarında ənginliklərdə üzürük. Bəzən də, əksinə, misralar qəlbimizin dərinliklərində yuva qurur, əriyir qanınıza, canımıza hopur, ruhumuz ehtizaza gəlir. Bu isə yalnız onda mümkün olur ki, hər bir görüntünün arxasında dərin məna ilə üz – üzə gəlirsən və istər – istəməz qəlbinin dərinliklərində heyrət baş qaldırır, düşünürsən: “Doğrudan da belədir, necə olub ki, mən bunu indiyə qədər hiss etməmişəm.” Məsələn, “Süküt göylərin fəryadı, və ya barmaqlarının ucunda yeriyən qadın” imiş.

Budur, hər şey göz önündədir: birinci deyimdə mənzərə bir az abstrakt olsa da, düşündürücüdür. Ikincidə isə müşahidə obyekti necə də realdır. Barmaqlarının ucunda asta – asta, ehtiyatla yeriyən qadın. Dərhal şüuru məşğul edən bir sual: görəsən, bu gözəl (əlbəttə, gözəl) qadını barmaqlarının ucunda yeriməyə məcbur edən nədir? Bəlkə, mışıl – mışıl yatan körpə … Bəlkə, hansısa xəstəni narahat etmək qorxusu … Bəlkə, həyatındakı ağrı – acıdan, əzablardan bir anlıq xilas olmaq istəyi … Bitmək bilməyən bəlkələr, rəngdən rəngə düşən ruhi məşğulluq, düşüncələr, düşüncələr … Duyğular bu bəlkələrin əsarətindən xilas olmamış başqa bir mənzərənin ovsunu:

 

Sükut

Bir daş parçası

İçində ağlayan,

İçində boğulan

Qarışqa naləsi …

 

Mükəmməl bir bənzətmə, amma düşündürücü … Deyim tərzi necə də gözəldir: daş parçası kimi sükut yox, belə olsaydı, bənzətmə tam, demək istənilən həqiqət isə cılız görünərdi. “Sükut – bir daş parçası.” Bax belə də həqiqət daha real, fikir daha qətiyyətlidir. Bəs həqiqətin ikinci təzahürü – içində ağlayan, içində boğulan qarışqa nəfəsi? Niyə məhz qarışqa? Bəlkə ömrü boyu bir qismət ruzi üçün çarpışan, sezilmədən, hiss olunmadan taleyini yaşayan, əzablara, məhrumiyyətlərə səssiz – küysüz qatlaşan insan? Bitdimi suallar?! Yox, yox hələ bu harasıdır? Davam et, gör, heyrətlən və düşün:

 

Sükut

Dodaqların,

Dişlərin arxasında

Oğrun – oğrun gizlənən dil –

 

Dəqiqliyin pik nöqtəsi … və özümüz … həyatımız … Taleyimiz … Dilimiz dişlərimiz arxasında azmı gizlənib? “Bəs oğrun – oğrun gizlənmək” necə? Poetik tapıntı deyilmi? Bu ifadə hansı mətləblərdən xəbər verir? Bu o zaman baş verir ki, nədənsə ehtiyatlanırsan, hansısa bir həqiqəti dilinə gətirməkdən çəkinirsən, barışa bilmədiyin haqsızlığa qarşı etiraz səsini ucaltmaq, hayqırmaq istəyirsən, amma bacarmırsan. Dilin dişlərin arxasında “oğrun – oğrun” gizlənir. Bəlkə bu sükut hayqırmaq, tufan qoparmaq istəyən şairin ədalətsiz dünyaya sərt etirazıdır. Axı bəzən möhtəşəm iclas salonlarının, nəhəng kürsülərin deyə bilmədiklərini ani bir sükut anlada bilər. Yenə düşüncələr, yenə xəyallar … Amma bu xəyallar uzun çəkməyəcək, növbəti misralar səni tam başqa bir dünyaya “dəvət edir”, hiss və duyğuların başqa bir məcraya yönəlir:

 

Sükut

Yaxamdan yapışan,

Məni harasa sürükləyən

Möhkəm bir əl –

Görəsən haraya sürüklənir lirik qəhrəman? Bəlkə özü də sükuta dönüb onu anlamaq istəyənləri əbədi əzaba düçar edən dünyadan uzaq hansısa məkana? Bəlkə xoşbəxt bir gələcəyə?! Bəlkə yalnız əzabkeş şair ruhlarının cəmləşdiyi azad, firavan bir aləmə? Bəs möhkəm bir əl! Əl sözü leksik anlamda sadə görünsə də, irfan əhli üçün “yədi – beyza”dır. Ən çətin anlarda qəlbə işıq, ruha təsəlli olan sevgidir – uca Tanrıya olan sevğı …

 

Nəhayət, son nida …əminlik dolu, ümid dolu, nikbinlik dolu bir hayqırtı …

əgər bacarırsan,

ucadan qışqır,

poz sükutu

arxamca gəl …

Budur bəşər övladının xilas yolu, və bu yolun başında isə şair özü dayanır, pozur sükutu, dağıdır sükutun sərhədlərini, aparır arxasınca sükuta qərq olanları – işığa doğru, səadətə doğru …

 

“037 saylı vertolyot” şeirində mənzərə bir az başqa cürdür. Bu şeir poetik düşüncələrdən çox, dəhşətli bir filmi xatırladır: səhnələr, işıq – qaranlıq effektləri, təzadlar … Hər şey filmdə olduğu kimi. Maraqlıdır ki, şeirdə gecədən danışılmasa da, qaranlığın qatılığını şövq – təbii hiss edirsən. Bu qatı qaranlığın içində çətinliklə görünən sərt bir döngə  … Divarlarda güclə közərən zəif küçə fanarları … Bu kimsəsiz döngədə sükutu qara gecəyə bənzər qara bir maşın pozur. Əvvəlcə qara gecədəki qara maşından qara paltarlı insanlar düşür və onu – qara gecələrin, qara maşınların qara paltarlı adamlarının qurbanına çevrilmiş biçarəni düşürürlər. Qara gecəni qaraya boyayan bu qorxunc maşın da bircə anın içində gözdən itir. Özünü maşından düşən biçarənin yanında hiss edən oxucu (söz yox ki, bu çox qorxuludur) vahiməli maşını gözdən itənəcən səkəskə ilə izləyir. Dəhşətli bir filmin dəhşətli anlarını oxucunun vahiməylə izlədiyi bu səhnəhi cəmi dörd – beş kiçik misra göz önündə canlandırır:

 

Onu

Sərt bir döngədə

Düşürtdülər maşından.

Bircə anın içində

Gözdən itdi maşın da.

 

Üç nöqtələr sonra kadr dəyişir: “037 saylı vertolyot qalxdı havaya”. Ən mükəmməl montaj işini görməyə qadir insan beyni təsvir olunmayan səhnəni bərpa edir. Qara paltarlı naməlum insanların da, məhvə məhkum biçarənin də vertolyota minmə anlarını vahiməylə izləyirsən. Baxışların Nargini arxada qoyan vertolyotun uçuşunu təəssüf və təşvişlə seyr edir:

 

… 037 saylı vertolyot

Qalxdı havaya.

Nargin

Qaldı arxada.

 

Və hər şey bitdi. Bütün vücudumuzda 37 – nin xofunu yaşadıq. Olan oldu, keçən keçdi …

 

Qorxunc vahimə çökdü

Bu kimsəsiz,

Qapqaranlıq adaya.

Şahə qalxan dalğalar

gurultuyla

çırpılırdı qayaya …

 

Şair vertolyotun nömrəsinin 37 olmasını təsadüfi seçməmişdir. Bu vertolyot elə 37 – dir. Neçə – neçə günahsızı, neçə – neçə şairi, elm adamını, kino və teatr xadimini, sonsuz sayda istedadı amansızcasına udan 37. Ancaq burada şairin incə bir məqamını da vurğulamaq yerinə düşər: “037 saylı vertolyot qalxdı havaya, Nargin adası qaldı arxada” – bu şairin müqəddəs arzusudur. Ömrümüzün, taleyimizin, tariximizin səhifəsindən qopdu 037 saylı vertolyot hər şey qaldı arxada. Ulu tanrı həmin “vertolyotu” bir də səmamıza qaytarmasın, 37 kimi illəri bir də yolumuza çıxarmasın, bu gediş əbədi gediş olsun. Amma şair bu dəhşətlərin izsiz – tozsuz yox olmasına da razı deyil. Şeirin sonuncu bəndində “filmin” son kadrlarında mənzərə dəyişir. Yenə kimsəsizlik, vahiməli bir sükut … Yalnız “gurultuyla qayaya çırpılan, şahə qalxan dalğalar”… O dəhşətli zamana, insanlığa sığmayan cinayətlərə qarşı hayqıran, kükrəyən, coşan, təlatümə gələn, qəzəbini, hikkəsini qayalara çırpan şahid dalğalar … Ulu tanrının dediyi kimi: “O gün gələcək, dağlar, daşlar, dənizlər, aylar, ulduzlar şahidlik edəcək.”  O gün gələcək …

Filmin sonu …

26.12.2018

Share: