Su qədər ömrün olsun! – Vasif Süleyman Faiq Balabəylini təbrik edir

Sabah təqvimdə SƏNSƏN, Faiq Balabəyli! Su kimi safsan. SUda işləyirsən. Ad günün də Su çərşənbəsinə düşdü. Su qədər – yəni təmiz, sağlam, uzun ömrün olsun. Ayrı nə istəyirsən… MÜBARƏKSƏN!

2005-ci ildə “Sənə yazılan şerlər” kitabına yazdığım yazını TƏBRİK ƏVƏZİ sevgili dostlarla paylaşıram.

Şəkilin açıqlaması yoxdur.
TORPAĞA SEVGİ İLƏ GETMƏYİN YOLU
… Bu yol Faiq Balabəylinin “Sənə yazılan şerlər” kitabında ustalıqla təsvir olunub.
Əslində mənim yazdığım “ön söz” deyil, dost sözüdür. Faiq Balabəylinin kitabı haqqında “ön söz”ü də, “son söz”ü də tənqidçilər, tədqiqatçılar deyəcək. Baxmayaraq ki, onların nəsə deyəcəklərinə az ümidliyəm. Sirr deyil ki, indi kiminsə yaradıcılığı haqqında söz demək üçün daha çox “tanışlıq”, “münasibət” amili rol oynayır. Və təəssüf ki, bir sıra tədqiqatçılarımız bu zərərli tendensiyadan əl çəkə bilmirlər. Onlar üçün Faiq Balabəylinin şerlər kitabı haqqında nəsə yazmaqdansa (hər halda ortada Faiqin “Eh ayrılıq, nə yamansan” adlı birinci kitabına olan biganə münasibət var), ədəbiyyata yabançı olanların sifarişlərini yerinə yetirmək sərfəlidir. İradlarımızı səmimi qəbul etmək lazımdır.
Bu kitabına Faiq Balabəyli iyirmi ildən çoxdur ki, yol gəlir. Yaradıcılığa başladığı ilk vaxtlardan onun poeziyasında sevgi mövzusu xüsusi yer tutur. Hələ o vaxtlar yazdığı sevgi şerlərini xatırlayıram:
Bir quru nəfəsdir, o da vaxt gələr,
Görərsən budu ha, getdi-gəlmədi.
Mənim xoşbəxtliyim sənin dilində,
Havaya deyilən quru kəlmədi.
Bir kitab sevgi şeri. Əslində hünərdi. Keyfiyyəti də kəmiyyətindən az deyil. Adətən kitablarda oxuduğumuz şerlərin əksəriyyəti mətbuat səhifələrindən tanış gəlir. Faiqin kitabında belə deyil, daha doğrusu çoxu yeni şerlərdir. Deməli bir-birimizin “mətbəx”indən az xəbərdarıq. Mən indi bildim ki, Faiqin də sandıqda saxladıqları var imiş:
Bilinmir varllığın, bilinmir yoxun,
Sənin tək çəkilib gözümdən yuxum.
Gördüm ki, sinəmə tuşlanıb oxun,
Onçün ürəyimi küncə qoymuşam.
Özü də bir az şablon səslənsə də bu şerlər əbədi sevgini tərənnüm eləyir. Buradakı sevgi ötəri sevgi deyil, Faiqin şerlərində söhbət ancaq böyük hərflərlə yazılan SEVGİdən gedir:
Mən sənə demirdim, elə əvvəldən,
Ömrümə verilmiş behdi gözlərin.
Adətən bir mövzudan çox danışanda da, yazanda da təkrarçılığa yol verilir. Nə yaxşı ki, Faiq Balabəyli sevgi ilə yoğurduğu kitabda buna yol verməyib. Onun şerlərini hələ oxumayıb ağız büzənlər də var. Oxusalar yaxşı deyilmi:
Yağış isladıb yolu,
Yoxsa sənin göz yaşın.
Məni sən tək ağlamaz,
Nə bacım, nə qardaşım-deyən şair torpğa SEVGİ ilə getməyin yolunu da göstərir. Yaşayanda da, yaradanda da sevgiyə tapınasan, elə torpağa gedəndə də:
Qız, mən səni sevirdim,-day indi istəməsin,
Deyib, məni qoyarsan bu torpağın altına.
Bu kitabı bəyənənlərin çox olacağına ümidliyəm. Dost sözündə bütün kitabı əhatə eləmək mümkün olmadı. Heç buna ehtiyac da yoxdur. İndicə siz kitabın birinci səhifəsini çevirməklə ovsunlanacaqsınız. İnanmırsınızsa, səhifəni çevirin.
Vasif SÜLEYMAN
Bütün reaksiyalar:

Nadir Azayoglu və başqa 1 nəfər

Share: