Seyran Səxavət şairdi. Seyran Səxavət yazıçıdı. Seyran Səxavət tərcüməçidi. Seyran Səxavət dramaturqdu. Seyran Səxavət publisistdi.
Seyran Səxavətin o qədər professiyaları var ki, saymaqla qurtarmaz. Və bu professiyalardan bircəciyi kimdəsə olsaydı, özünü qaldırıb qoyardı dağın başına. Amma Seyran Səxavət özünü dağ başına qoymur. Çünki hansı dağa baxırsan-bax, görəcəksən Seyran Səxavət o dağın başındadır. Özü də nə az-nə azacıq, 60 ildir ki, belədir…
“Seyran Səxavət” deyəndə, ilk yada düşən, ilk ağla gələn söz elə “SÖZ”ün özü olur..
Və Seyran Səxavət mənim çox yaxın dostumdur. O boyda adam ha. Və mən bu dostluğumla fəxr eləyirəm. Seyran Səxavətinsə belə şeylər vecinə deyil. Axı o hamının yaxın dostudur və bunu onun özü hamıdan qəşəng bilir. Az qala, bütün Azərbaycan əhalisinin, kişili-qadınlı, 7-dən-77-yə, necə deyərlər, “məmə” yeyəndən, “pəpə” deyənə kimi hamının dostu olmaq balaca şeydirmi?!..
İlahi, adamın nə qədər sevəni olarmış, adamı necə sevərlərmiş!..
Seyran Səxavat haqqında söz demək həm çox asandır, həm də çox çətin. Asandır, ona görə ki, nə desən, necə desən, nə qədər desən, yapışqan kimi yapışacaq, əyninə oturacaq. Çətindir, ona görə ki, görüm o sözü deyən adamın o sözü deməyə cürəti çatırmı, o sözü tapıb deyə bilirmi, özü o sözü deməyə layiqdirmi?..
Bax, belə qəliz məsələdir Seyran Səxavət haqqında söz demək.
Seyran Səxavət bütün yaradıcılığı boyu bir məsləkə xidmət eləyib, bir ideyaya qulluq göstərib!
Nəyə? Mən deyim, bilməyənlər də bilsin:
Sözə sadiq olub, sözə xəyanət eləməyib, sözü yerə salmayıb, kiminsə əlindən-dilindən sürüşüb yerə düşən sözü də yerdən götürüb, öpüb, gözünün üstünə qoyub!..
Ona görədir ki, Seyran Səxavətin qələmindən çıxan sözlərin hamısı belə şirindir, ləzzətlidir, bal dadır…
İlk şeirlərindən tutmuş, bu günəcən yazdığı hekayə, povestlərinə, iri həcmli romanlarına, dramlarına qədər, hansı əsərini oxuyursan-oxu, qanın nə qədər qara ola ha, kefin o saat durulacaq, əhvalın o dəqiqə düzələcək, olacaqsan adam kimi adam, necə deyərlər, “özünün-özündən xoşun gələcək”…
Sənətkarın sənəti o zaman əbədiyaşar olur ki, o təbii olur, səmimi olur, şəxsiyyəti ilə yaradıcılığı üst-üstə düşür, eyniyyət təşkil edir, əsərləri də özü kimi olur, yazanda özünü yazır, oxuyanda özünü oxuyur, çalanda özünü çalır, çəkəndə də özünü çəkir, Füzuli kimi, Nəsimi kimi, Üzeyir bəy kimi,
Xan kimi, Yaqub kimi, Habil kimi, Rəmiş kimi, Səttar kimi…
Və Seyran kimi…
Yeri gəlmişkən, mən eşitmişəm, amma nə yalan deyim, şahid olmamışam, deyilənə görə Seyran Səxavətin cavanlığında çox gözəl səsi və musiqi duyumu olub, bütün muğamları ən xırda guşə və şöbələrinə kimi bəm, salğarrı, ürəyəyatımlı, qəlboxşayan səsiylə oxuduğu məclislər də olub, babalı deyənlərin boynuna…
Əlqərəz, bir belə girişdən sonra gəlirəm sözümün canına…
Sözümün də canı bu ki,
yaxın günlərin birində, gözəl bir məkanda Seyran Səxavətlə bağlı bir tədbirin iştirakçısı oldum. Yeni çapdan çıxmış, hələlik sonuncu olan kitabının təqdimatı idi.
Saysız-hesabsız ədəbi-bədii tədbirlərin konkret icrasında müstəsna rolu olan Tovuz Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı və maddi- mənəvi dəstəyi ilə araya-ərsəyə gələn,
“Seyran Səxavət: 80+20=?” adlanan bu toplunun redaktoru tanınmış şair-yazıçı İradə Aytel idi.
Kitabın təqdimatı da İradə xanımın mətbuat katibi kimi fəaliyyət göstərdiyi “Ədalət”partiyasının mərkəzi qərargahında keçirilirdi.
Gözəl bir tədbir idi. Üstündən bir neçə gün keçib, mən hələ də o görüşün, o məclisin təsirindən çıxa bilməmişəm…
Son illər belə səmimi, ürəkdən gələn, adamın ruhunu dincəldən belə məclislərə az-az rast gəlirik.
Adam belə məclislərdə yorulmur, əksinə, dincəlir, saflaşır, durulaşır, paklaşır, olur anadangəlmə…
İndi o məclisin təsiri altında ola-ola, Seyran Səxavətin mənə bağışladığı, əlimdə olan kitablarını oxuyuram. Oxuyuram və gülürəm, üzüm-gözüm, “içim-dışım” təbəssümə bələnir. Əsərlərinin dili şirindir, təhkiyəsi orijinaldır, nəqletməsi özünəməxsusdur, koloritlidir, axıcıdır, xalqın ən sadə təbəqəsinin, ən məhrəm zümrəsinin anlayacağı bir üslub bu əsərlərin mayasını, cövhərini təşkil edir.
Örnək verməli olsam, gərək bütün əsəri bura köçürəm, o da ki, qeyri-mümkün…
Orta məktəb illərindən tutmuş, “Gəncə-Bakı”qatarındakı Anuşla bağlı sərgüzəşt, universitet illərindəki bir-birindən maraqlı, unikal macəralar, universitetdə şeir gecəsindəki möhtəşəm çıxışı, tələbə dostları ilə münasibəti, hamıdan üstün sayılan mövqeyi,
V kursdaykən ilk şeir kitabının (“Adalar”) çap olunmağı, M.Xələfov, Q.Qasımzadə, N.Kəsəmənli, T.Abdin, İ.İsmayılzadə, A.Laçınlı və bir çox başqalarıyla olan maraqlı hadisə və əhvalatları oxuduqca, o hadisə və əhvalatları təsəvvürümə gətirirəm, gülməkdən özümü saxlaya bilmirəm.
Seyran Səxavət özünü tanıyandan, həyatı dərk edəndən üzübəri, ta bu günün özünəcən, heç bir çərçivəyə sığmayıb, heç bir etiket-protokol onunçün keçərli olmayıb…
Özü necə istəyib, necə arzu eləyib, elə də yaşayıb, yazıb, yaradıb. Susmayıb heç zaman, həmişə ürəyi istəyən kimi danışıb, özü məsləhət bildiyi sözü hər yerdə, hər tribunadan söyləyib…
50-60 il bundan qabaq yazdığı bütöv şeirlərini bu gün də ürəkdən, bir misrasını belə dəyişmədən, redaktə etmədən uca səslə, hayqıraraq söyləməyə üzü var, haqqı çatır, dinləyicilərə fəxrlə, qürurla çatdırır.
Oxucularının qarşısında alnıaçıq, üzüağ, başıdikdir!..
Çünki, heç zaman boğazdan yuxarı danışmayıb, kiməsə xoş gəlsin deyə, yazmayıb!..
“Səksənində səksənmədin, nə gözəl,
100 yaşında səni belə şux görək!..”
Rəfael HƏBİBOĞLU





















